Qubada III Aqrobiznesin İnkişafı Forumu çərçivəsində panel sessiyalar keçirilir

OXUNUB: 701 Özəl SOSİAL
Qubada III Aqrobiznesin İnkişafı Forumu çərçivəsində panel sessiyalar keçirilir. İlk panel sessiya "Kənd təsərrüfatının maliyyələşdirilməsində dövlət və özəl maliyyə sektoru qarşısında çağırışlar” mövzusuna həsr olunub. Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev "Kənd təsərrüfatı kreditləşməsi və prudensial normalara dəyişiklik”, Sahibkarlığın İnkişafı Fondunun Partnyorlarla iş şöbəsinin müdiri Rüstəm Əliyev "Kənd təsərrüfatı məhsullarının istehsalı və emalının kreditləşməsi”, İpoteka və Kredit Zəmanət Fondunun Departament direktoru Elşən Kərimov "Kiçik kreditləşmələrə zəmanət modelləri”, Bank Tədris Mərkəzinin direktoru Əzizağa Haqverdiyev "Bankların öz vəsaitləri hesabına kreditləşmə potensialı” mövzularında təqdimatlar ediblər. 
Paneldə aqrar sahənin investisiya imkanları və yeni çağırışlar, aqrar biznes sektorunda investisiya perspektivləri, bu istiqamətdə qabaqcıl təcrübələr, aqrar sahəyə innovativ yanaşmaların tətbiqi yolu ilə dövlət və özəl sektorun birgə kapital investisiyası imkanları, o cümlədən dəyər və təchizat zənciri iştirakçıları ilə mövcud tərəfdaşlığın daha da inkişaf etdirilməsi məsələləri barədə müzakirələr aparılıb.
"Kənd Təsərrüfatı Kreditləri ilə işin təşkili” mövzusunda paralel sessiyada Türk İqtisadiyyat Bankının rəsmisi Onur Terzi tərəfindən müvəkkil təşkilatlarının əməkdaşları üçün təqdimat keçirilib. 
Daha sonra "Yaşıl Maliyyə və İqlimə Davamlılıq üçün dövlət dəstək alətləri” mövzusunda panel sessiya keçirilib. Bu panel sessiyada Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı "Yaşıl dünya naminə ağıllı ixtisaslaşma”, Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev, "Dövlət və özəl sektor arasında iqlimə davamlı layihələr üçün tərəfdaşlıqların gücləndirilməsi”, sessiyaya onlayn qoşulan FAO rəsmisi Evetta Zenina "Beynəlxalq təcrübə və uğur hekayələri: iqlimə davamlılıq və yaşıl maliyyələşmədə dövlət dəstəyinin əhəmiyyəti”, "Provitaz Alternativ Enerji” şirkətinin baş direktoru Emin Məmmədov "Qlobal iqlim dəyişikliyinin Azərbaycanda aqrar və ekoloji sahəyə təsirinin azaldılması istiqamətində özəl sektorun rolu” mövzularına toxunub. 
Mütəxəssislər əhalinin sürətli artımı, dəyişən istehlak tələbləri, iqlim dəyişikliyi və təbii ehtiyatların tükənməsi fonunda dünyada ərzaq və qida təhlükəsizliyinin təmin olunması ətrafında müzakirələr aparıb. Tədbir iştirakçıları müasir çağırışlar fonunda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, torpaq və su resurslarından səmərəli istifadə, qabaqcıl təcrübələrin bölüşülməsi sahələrində əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıblar.
Panel sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
 




 

RƏYLƏR