Rövşən Xəlilov pauerliftinq idman növü üzrə çempionatın qalibi olub

OXUNUB: 12676 Özəl İDMAN
27-28 aprel 2024-cü il tarixlərində Bakı İdmanı Sarayında  Gənclər və İdman Nazirliyi, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının təşkilatçılığı ilə qadınlar və kişilər arasında pauerliftinq idman növü üzrə respublika çempionatı keçirilib.

Çempionatda şəhər, rayon, klub və idman cəmiyyətlərindən 140-a yaxın idmançı əzmkar mübarizə apararaq 3 növdə - skuard, benç press və didlift hərəkətlərində müxtəlif çəki dərəcələri üzrə öz qüvvələrini sınayıblar. Turnirdə iştirak edən FHN-in pauerliftinq komandasının üzvü və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, baş leytenant Rövşən Xəlilov 75 kq çəki dərəcəsində ağırlığı sinədən qaldırma (162 kq), yerdən qaldırma (270 kq) və ağırlıqla oturub qalxma (230 kq) növlərində üç hərəkətin cəmində ümumilikdə 662 kq ağırlığı qaldıraraq bütün rəqiblərini üstələyərək çempion adını qazanmağı bacarıb.

Qalibə Gənclər və İdman Nazirliyinin diplomu, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının kubok və medalı təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançını qazandığı nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, Rövşən Xəlilov 6 qat dünya, 3 qat Avropa çempionu, idman ustası və beynəlxalq dərəcəli idmançıdır.
 
 

RƏYLƏR