Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində Masazırda baş tutan "Sabah” - "Şamaxı” matçı gərginliyi ilə yadda qaldı. Təbii ki, yenə "Sabah”ın texniki zonasında emosiyalar cilovlana bilmədi. Bakı klubunun baş məşqçisi Murad Musayev qarşlaşmanın 87 və 90-cı dəqiqələrində sarı vərəqə almaqla texniki zonadan qovuldu. Ancaq bu dəfə ona köməkçisi, qapıçılarla işləyən mütəxəssis Vitali Kovalyov da qoşuldu. Kovalyov oyundan sonra hakimin qərarına etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı.
Keçmiş qapıçı həmin an baş verənlərlə bağlı Qaynarinfo-ya açıqlama verib. O, açıqlamasında addımının səbəbini belə izah eib:
"Hakimlərə yaxınlaşıb, "yaxşı idarəçilik” etdiniz dedim. Bu sözdən sonra hakim mənə qırmızı vərəqə göstərdi. Başqa heç bir söz demədim. Sadəcə, təşəkkür etdim. Təhqir etməmişəm, başqa bir söz deməmişəm. Anlamıram, "yaxşı” sözünə görə adama qırmızı vərəqə verərlər? Bunun nə dərəcədə düzgün olub-olmadığını özləri bilər. Son sözü İntizam Komitəsi deyəcək. Mən sadəcə, "oyuna görə sağ olun” demişdim”.
Kovalyov İntizam Komitəsinin haqqında çıxarılan istənilən qərarından apelyasiya şikayəti verə biləcəklərini deyib:
"Əlbəttə, apelyasiya şikayəti verə bilərik. Bununla bağlı klub qərar verəcək. Hakimləri təbrik etdim, təhqir yox. Bu sözə görə qırmızı vərəqə göstərilməsinə özüm də təəccübləndim. Əlbəttə, maraqlıdır”.
"Sabah”ın qapıçılar üzrə məşqçisi Murad Musayevin də ikinci sarı vərəqə ilə meydandan qovulmasına toxunub. O, Musayevin həmin məqamda hakimləri söyməsi ilə bağlı iddiaları təkzib edib:
"Baş məşqçi bir fola görə etiraz etdi. Ancaq heç bir söyüş söymədi. Bunu 100 faiz əminliklə deyirəm. Konkret deyə bilərəm ki, söyməyib. Sadəcə, epizodları onlara izah edirdi. Məşqçi etirazlarını bildirə bilər, bu, normaldır”./Qaynarinfo