Şəhid Turalın məktubu

OXUNUB: 526 KÖŞƏ Özəl SOSİAL
Biz müharibənin içində dünyaya gəlmişdik. Hələ 1988-ci ildən başlayan ermənilərin haqsız torpaq iddiaları, körpəliyimizi də müharibə, döyüş, şəhid xəbərlərinə alışdırırdı. Bizim də dayılarımız, əmilərimiz, yaxınlarımız həmin döyüşlərin iştirakçısı, bəzən də Şəhid  olurdular. Hələ uşaq ikən şəhid xəbərlərini eşidir, Başın sağ olsun, Vətən şüarını qışqırardıq. Oxuduğum məktəbin adını daşıdığı Şəhid Zamanov Mehman Təvəkkül oğlunun Füzuli rayonu uğrunda şəhid olduğunu öyrənəndə o torpaqlara getmək üçün can atırdıq. Orta məktəbdə ilk öyrəndiklərimiz torpaqlarımızın yağı düşmən tərəfindən hansı tarixdə və necə vəhşiliklə alındığını öyrənmək oldu. Xocalı faciəsinin şəkillərinə baxıb çox kövrələrdik, bizim yaşda uşaqların qışın oğlan çağında necə əli-ayağı yalın evlərindən didərgin düşməsini görmək, bizə Vətən sevgisini öyrədirdi. Əldə düzəltmə məftil tapançalarımızla düşməni məhv etmə oyunları oynayırdıq. Həm də qisas hissimiz daha da artırdı. Axı biz müharibənin tam ortasına doğulmuşduk. Bu bizim günahımız deyildi, bu bizim qismətimiz idi. Biz yaşa dolduqca bu qismət   artıq Vətən borcuna çevrildi. Vətəni qorumaq hər kəsin borcudu!
  Mən ailə qursam da, ev-eşik sahibi olsam da, həyatın xoş və qəmli üzünü görsəm də ta körpəlikdən içimdə alovlanmış qisas hissi zərrə qədər də azalmamışdı. Bunu nə ailəmə, nə dostlarıma hiss etdirməsəm də, bilirdim ki, bir gün mən o məftil avtomatın əvəzinə həqiqisini əlimə götürüb, həqiqi düşməni məhv edəcəm. Şükür ki, həmin vaxt yetişdi. Biz 1988-ci ildən 1994-cü ilə qədər itirdiyimiz torpaqlarımızı, 2020-ci ildə 44 günə azad etdik. Bu bjzim uğurumuzdu. Bunun əvəzi yoxdu. Hə, çox analar, çox ailələr gözü yaşlı qalsa da, Sizi Vətənə qovuşdurduq. Bilirəm, mənim anam da ağlayır, uşaqlarım-ailəm bəzən hönkür-hönkür, bəzən də içində səssiz ağlayır. Mənimçün çox darıxırsız, mənim yerimə ölərdik deyirsiz. Amma unudursuz mən ölmədim ki...
 Hələ uşaq yaşdan Şəhidlər ölmür ifadəsini çox eşidirdik. Mən Şəhid olandan sonra bunun fərqinə vardım. Doğurdan da Şəhidlər ölmür!
Onsuz da fani dünyada yaşadığımızı hamımız bilirdik və əbədi dünyaya köçəcəyimizi də bilirdik. Kimlər-kimlər köçmədi ki...
  Mən çox rahatam, narahat olmayın. Şəhid olduğumdan bəri cənnətdəyəm. Buranı Sizlərə təsvir belə edə bilmirəm. Necə də gözəldir, doğurdan da cənnətdir! Buranı haqq edə bilmək üçün Sizlər nələr etmirsiz. Yaxşı əməl edirsiz, ibadət edirsiz, yalan danışmırsız, heç kimi aldatmırsız, oğurluq etmirsiz, və s. amma yenə də buranı qazanacağınızı bilmirsiz. Biz Şəhidləri isə uca Allah bax bu cənnətlə mükafatlandırır. Bundan ucası, alisi yoxdur ki...
Burda çox Şəhidlər var, görüşürük-dərdləşirik bu cənnətin əsrarəngiz gözəlliyində. Bəziləri gileylənir, bəziləri qürurlanır ailələrinin hərəkətlərindən. Övladlarının uğurlarına görə sevinənləri təsəvvür belə edə bilməzsiz. Univerisitet xəbərləri, iş uğurları onları o qədər rahatladır ki. Amma bəzən üzülənlərə də rast gəlinir. Ailələri tərəfindən adından lazım oldu-olmadı çox istifadə edənlər də olur. Haqlı-haqsız Şəhid adının çəkilməsi bu məsumları çox narahat edir. Küsənlər, inciyənlər də olur. Təsəlli etməyə çalışırıq, ovundururuq. Bəzən buna nail ola bilmirik. Bu gözəl cənnəti ona dar edir doğmaları. 
Mənim əzizlərim, çox rahatam, yaxşıyam. Yadınızdadı hər gözəl nəyisə müqayisə edəndə cənnətlə edərdik. Baxın, həmin cənnətdəyəm, niyə narahat olamalısız?! Hə, mənimçün darıxa bilərsiz, uşaqlar bəzən ata deyib ağlaya bilər. Unutmayın ki, hamısını görürəm. Mən hər kəsin arzusunda olan cənnəti qazandım. Burdakı rahatlığım daha Sizlərdən asılıdı. Adımı uca tutun, hər məsələ üçün mənim ruhumu narahat etməyin. Anamdan, Atamdan, ailəmdən və uşaqlarımdan muğayat olun. Anam bir incidir. Cənnət onun ayağının altındadı ifadəsi elə-belə deyil. Çünki mən Sizlərdən ayrılandan bəri onun nə hisslər keçirtdiyini çox yaxşı bilirəm. Bağışla məni, Ana. Sən Anamsan. Və bir də Ana Vətənim var. Mən Ana Vətəni seçdim. Çünki onu sevməyi də sən mənə öyrətmişdin. Çünki bu vətəndə Sən rahat, başıuca gəzəsən deyə mən Vətəni seçməliydim. Bilirəm, Sən məni anlayırsan. Yolunu gözləyirəm, Ana. Ayaqaltın olan Cənnət görüş yerimiz olacaq.
Məni bağışlayın ailəm və uşaqlarım. Bir qadının həyat yoldaşını, övladların atasını itirməyi ağır dərddir. Ama mən Sizin başınızı uca etdiyim kimi, Siz də mənim başımı uca edin, daima. Sizinlə fəxr edim, qürur duyum. Unutmayın hər anınızı görürəm, müşahidə edirəm.
Sağ olun, Əzizlərim. Allaha əmanət olun. Yolunuzu gözləyirəm. Çalışın mənim yanıma gələ biləsiniz...

Orxan Ülvi

RƏYLƏR