Sənin girdiyin obrazlar siyasət üçün deyil, sadəcə sirk üçün keçərlidir, cənab Məmmədov! – Elşən Musayev

OXUNUB: 613 Özəl SİYASƏT


İlqar Məmmədovun siyasi düşüncəsi, siyasi proseslərə adekvatlığı nədirsə, necədirsə, sarkazmı da odur, eləcədir. Bu adamda gerçəkdən alınmır! Nə etsə alınmır. Alınmır ki, alınmır. Çünki səmimi deyil. Çünki siyasətçi deyil. Çünki siyasi etikadan uzaqdır. Çünki sərgilədiyi səmərəsiz, faydasız, məramsız fəaliyyətlə, duzsuz üslubla, səbatsız ritorika ilə heç bir yerə gedib çıxa bilməyəcəyini özü də gözəl anlayır və ona görə də günbəgün daha çox aqressivləşir, daha çox həddini aşır, daha çox sərsəmləyir.

Adam feysbukda guya status yazıb. Amma hər cümlədə 50 səhv var. Özünün siyasi səhnədəki yeri hardadırsa, cümləsindəki mübtədanın yeri də ordadır. Yəni, tərsə-məssəf. Qatmaqarışıq. Abstrakt.

"A” dan "Z”yə qədər hamını vurur. Müştəbehliyini gizlədə bilmir. Üstəlik, bir şeyi anlamır ki, 5, uzağı 6 nəfərlik elektoratla belə atlanıb-düşmək, lovğalanmaq, buynuz atmaq olmaz.

İlqar Məmmədov bu günə qədər elə zənn edir ki, siyasi partiyalara olan dövlət qayğısı, "ReAL”ın da iştirak etdiyi siyasi dialoq, hakimiyyətin siyasi qüvvələrlə xoşməramlı ünsiyyəti həm də bunun gücündən və istedadından qaynaqlanan bir gedişat olub. Xeyr, bəy. Xeyr, müəllim! Elə deyil. Səninlə görüşüləndən, sənin fikirlərin dinləniləndən sonra hətta partiyasının varlığından bixəbər olan partiya sədrləri ilə də həmin görüşlər keçirilib, onlara da eyni hörmət qoyulub. Çünki dövlətin xətti budur. Çünki kakimiyyətin yürütdüyü siyasətin amalı budur. Amma sən heç bir zaman həmin hörmətə qarşılıq verə bilməmisən. Həmişə quyruğun qapı arasında qalan kimi quzuya, aradan çıxan kimi isə şir-pələngə dönmüsən. Həmişə dəyişkən, hərdəmxəyal, mız-mız olmusan. Və bu yaşında belə aydın bir həqiqəti hələ də beyninə yeridə bilməmisən ki, sənin oynadığın rollar, girdiyin obrazlar siyasət üçün deyil, sirk üçün keçərlidir, cənab Məmmədov!

O da sadəcə əyləncə xətrinə...

 

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

RƏYLƏR