“Səninlə evlənəcəm”, “Həyatını dəyişəcəm”... - Xanımlar, ŞANTAJ olunursunuz / DİQQƏTLİ OLUN!

OXUNUB: 1022 SOSİAL

Bu gün sosial medianı "sosial bataqlığ”a çevirən şəxslərin sayı xeyli artıb.

Şəbəkə şəklində fəaliyyət göstərən bəzi şəxslər iş, evlilik, dostluq adı ilə xanımlara yaxınlaşırlar. Səmimi münasibət yarandıqdan sonra onlardan şəxsi məlumat və görüntülər əldə edirlər. Ən sonda isə əldə etdikləri məlumatları pul və iyrənc istəklər müqabilində şantaja çevirirlər.

Belə hallarla qarşılaşan xanımlar çox vaxt həmin məlumatların yayılmaması üçün polisə müraciət etməkdən çəkinirlər. Bu da şantaj edən şəxsin həmin əməlləri davam etdirməsinə, qadının isə uzun müddət qorxu içərisində yaşamağına səbəb olur.

Belə hallarla qarşılaşan xanımlar nə etməlidir?

Bu barədə Metbuat.az-a açıqlama verən "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, xanımlar sosial şəbəkələrdən istifadə qaydalarını öyrənməlidirlər:

"Bəzi adamlar hansısa maraqlar çərçivəsində - ya ailəni dağıtmaq, ya müəyyən pul müqabilində, ya da seksual məqsədlərlə xanımlara mesajlar yazırlar. Bunu necə edirlər? Onlar mükəmməl hazırlıqlı adamlardır. İlk addımda onlar xanımlara dostluq atıb, əhvalların öyrənirlər. Sonra yavaş-yavaş məqsədlərini həyata keçirməyə başlayırlar. Həyatında müəyyən boşluqları olan, işi olmayan, tənha, eləcə də problemlərini kiminləsə bölüşmək istəyən xanımlar bu cür adamlar üçün əlverişlidir. Həmin qadınlar ailələri, yaxınlarından almadığı dəstəyi həmin insanlardan görürlər. Bu, əslində bir fənddir. Münasibətlər irəlilədikdən sonra həmin adamlar xanımların yarıçılpaq şəkillərini əldə edirlər. Daha sonra isə şantaja əl atırlar. Belə halla qarşılaşan xanımlar qorxularından heç kimə heç nə deyə bilmirlər. Nəticədə bu proses illərlə davam edir”.

Mehriban Zeynalova əlavə etdi ki, yaxın zamanlarda belə bir hadisə baş vermişdi:

Belə ki, bir xanım öz həyat yoldaşına bu məsələni açıb və onlar birlikdə polisə müraciət etmişdi. Amma burada sadəcə yazışmalar olmuşdu.

Belə hallarda xanımlar qorxmamalıdırlar. Onlar dərhal polisə mürciət etməlidirlər. Amma sosial şəbəkədən istifadə qaydalarını da öyrənməlidirlər. Onlar monitorun arxasında kimin dayandığını, onlara hansı məqsədlə yaxınlaşdığını bilməlidirlər”.

Məsələnin hüquqi tərəfini izah edən vəkil Asif Abdullayev bildirdi ki, bu hərəkətlərə görə məsuliyyət Cinayət Məcəlləsinin 182.1.-ci maddəsində nəzərdə tutulub:

"Belə ki, həmin məcəllənin 182.1.-ci maddəsinə əsasən, şəxsin özünün və ya onun yaxın qohumları barədə rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməyə görə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Eyni məcəllənin 182.2. maddəsində deyilir ki, eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, zor tətbiq etməklə, həmçinin xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə, əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

182.3.-cü maddədə isə deyilir ki, həmin əməllər mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədilə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə, əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

İcmal.Az

RƏYLƏR