SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə məhkəmə çəkişmısi davam edən Fidan Abbasova narkotik ittihamı ilə cəzalandırılmasına aydınlıq gətirib.
F.Abbasova Criminal.az-a açıqlamasında bildirib ki, bir neçə gün əvvəl keçmiş həyat yoldaşı O.İsmayılzadənin vəkili Şaiq Mirzəyev və onun işçisi olmuş Əminə İsmayılzadənin şikayəti ilə Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə çağırılıb. Orada narkoloji yoxlamadan keçirilib və nəticə pozitiv çıxıb.
"Səhəri gün klinikada analiz verdim. Nəticələr narkotik istifadə etmədiyimi göstərdi. Analizin nıticələrini də təqdim edirəm. Məni susdurmaq üçün şərləyiblər. Orxan İsmayılzadənin övladıma atalıq hüququ verməmək üçün sənəd saxtakarlığı ilə bağlı məhkəmə çəkişməm davam edir. Ona görə mənə narkotik şəri yıxaraq çəkindirmək istəyirlər”.
Xatırladaq ki, Gununsesi.info-nun dərc etdiyi məlumata görə, Fidan Abbasova narkotik ittihamı ilə məsuliyyətə cəlb olunub. O, İnzibati Xətalar Məcəlləsinin 206-cı (qanunsuz olaraq, narkotik vasitələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə edilməsi, saxlanılması, daşınması) maddəsilə cəzalandırılıb. Onun himayəsində azyaşlı övladının olduğu nəzərə alınaraq, həbs olunmayıb, cərimə cəzası verilib.
Fidan Abbasova qərardan apellyasiya şikayəti versə də, təmin olunmayıb.
Gununsesi.info barəsindəki qərara münasibətini öyrənmək üçün Fidan Abbasovanın özü ilə əlaqə saxlayıb. Lakin onun mobil telefonuna cavab verən şəxs özünü onun qızı kimi təqdim edib.
"Anam yatıb”, – deyə cavab verib.
Xatırladaq ki, Fidan Abbasova ilə SOCAR-ın keçmiş vitse-prezidentinin oğlu arasında məhkəmə qalmaqalları şəxsi münasibətlərilə bağlıdır. Fidan Abbasova 2015-ci il təvəllüdlü qızı N.-in atası olması və uşağın saxlanma xərcləri üçün aylıq aliment ödənişi tələbi ilə Orxan İsmayılzadəyə qarşı məhkəmədə iddia qaldırıb. O, məhkəməyə Orxan İsmayılzadə və qızı ilə birlikdə olduqlarını təsdiqləyən fotolar da təqdim edib.
Atalıq məsələsinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə bir neçə dəfə ekspertiza təyin etsə də, Orxan İsmayılzadə iştirak etməyib. Məhkəmə bunu ekspertizadan yayınmaq kimi qiymətləndirərək, Orxan İsmayılzadənin 2015-ci il təvəllüdlü N.-in atası kimi tanınması barədə qərar çıxarıb. Üzərinə də uşağa görə aylıq 500 manat aliment ödəmək öhdəliyi qoyub. Bu qərardan apellyasiya şikayəti verilsə də, təmin olunmayıb.
7news.az




















