Bakının 2-ci Alatava sakinlərinin "Azəravtoyol” ASC sədri
Saleh Məmmədova, deputat Ülvi Quliyevə və Yasamal rayon rəhbərliyinə (İbrahim
Mehdiyevin dönəmindən - red) müraciətləri fayda vermədi
Məlumata görə,ASC, RİH və millət vəkili yaşayış massivinin bərbad yolları
ilə əlaqədar ötən ilin qışından bu günə kimi dəfələrlə edilən xahişlərə, şikayət
və müraciətlərə məhəl qoymadılar.
Yolları buz bağlayan, çala-çuxur olan, keçilməz səddə çevrilən II Alatavaya artıq
qış gəlməkdədir. Aidiyyatı qurumların onların müraciətini qulaqardı etdiyini
görən yerli camaat öz vəsaiti hesabına yol çəkdirməyə başlayıb.
Neft ölkəsində öz cibindən birtəhər pul düzəldərək yol çəkdirən vətəndaşların
haqqını məmurlar həzm edib yedilər. Görəsən, S.Məmmədov, Yasamal rəhbərliyi və
deputat Ü.Quliyev utanmadımı?!
Kiçik bir yaşayış massivinin yollarını asfaltlamaq, məktəblilərin, yaşlıların
gediş-gəlişini rahat etmək, sürücülərin hər ay xarab olan maşınlarını bəladdan
xilas eləmək çox çətin idi?
Azəravtoyol ASC-nin profili, fəaliyyəti nədən ibarətdir? Bəlkə hava haqqında məlumat
verməklə məşğuldur?
Bəlkə yolları Kənd Təsərrüfatı Nazirliyi düzəltməliydi? Bu laqeydlik, saymazlıq
nəticəsində həmin məmurlar vətəndaşları dövlətdən, hökumətdən narazı
saldılar.
Əcəba deputat Ü.Quliyev seçicilərlə aidiyyatı orqanlar arasında vasitəçilik etməlidir
yoxsa apteklərində, restoranlarında gündəlik gəlirləri hesablamalıdır?
Bu rəzil münasibətdən sonra qarşıdan qarlı-çovğunlu qışın gəldiyini görən II
Alatava sakinləri ailələrinin boğazından kəsib ümumi fond yaradıb dağılmış
yolları düzəltməyə başladılar.
Dəfələrlə mətbuatda bu massivin yol problemi işıqlandırılıb, fotolar təqdim
olunub. Hətta qeyd edilib ki, burada aprel şəhidi Mirzə Novruzovun ailəsi
yaşayır. Amma RİH şəhidin evinə gedən yola yamaq vuraraq "vəzifəsini” bitmiş
hesab elədi.
Məlumata görə,yerli sakinlər məmurlardan heç bir kömək gözləmirlər. Onlar
nə seçkidə Ü.Quliyevə səs veriblər, nə bundan sonra S.Məmmədova müraciət edəcəklər,
nə də Yasamal RİH-nə yazacaqlar.
Ölkədə iqtisadi inkişafdan danışan məmurlar şəhərin mərkəzindən uzaq olmayan
bir yaşayış massivinə 5-6 maşın asfalt tökməyə ərindilər.
Hərçənd, dövlət pul ayırır, qəsəbələrin, ara yolların, məhəllələrin yolunu təmir
etməyə vəsait xərcləyir. "Azəravtoyol” ASC başda olmaqla aidiyyatı orqanlar həmin
vəsaitləri mənimsəyirlər.
Hərçənd ki, hər qurum özünü müdafiə etmək üçün bir bəhanə axtarıb tapır. Fakt
isə budur ki, bir ildən çox müraciət edən alatavalılara kömək göstərilmədi.
Sakinlər qeyd edirlər ki, qəsəbənin sözügedən yolları heç də Suriyanın döyüş
gedən küçələrindən geri qalmır.
Küçələr, maşın yolları mina düşmüş əraziləri xatırladır. Üzdə qalan
kanalizasiya borularının da tez-tez sıradan çıxması onsuz da pis vəziyyətdə
olan küçələri üfunət qoxusu ilə bürüyüb.
Qəsəbə sakinləri bildirirlər ki, darısqal küçələrdə, üstəlik, çala-çuxur olan
yollarda hərəkət etmək işgəncəyə çevrilib.
Ancaq nə icra başçısı, nə də rayonun bu ərazi üzrə deputatı Ü.Quliyev 2-ci
Alatava adlanan yaşayış massivinə ayaq basıb. Kim bilir, bəlkə də onlar bu
yaşayış massivinin yolunu tanımırlar.
Sakinlər qeyd edirlər ki, "20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən
2-ci Alatava yaşayış massivinin yolları əsasən dik olduğundan yağış və qardan
sonra problem daha da artır, yollar keçilməz olur./palitika.az
ICMAL.az