"Sülhməramlılar nəzarət etdikləri əraziləri terrorçu dəstələrdən təmizləməlidir" - Deputat

OXUNUB: 243 GÜNDƏM SİYASƏT
"Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti və rəşadətli ordumuzun parlaq qələbəsi nəticəsində Azərbaycan torpaqları düşmən tapdağından azad olunub. Ancaq Azərbaycanın əldə etdiyi bu paralaq qələbə bir çox dairələri, o cümlədən Ermənistandakı revanşist və şovinist dairələri, onları himayə edənləri narahat etməkdədir. Məhz bunun nəticəsidir ki, son dövrlərdə Azərbaycana qarşı təxribat  cəhdləri baş verməkdədir”.

Bunu "Ölkə.Az”a açıqlamasında deputat Ramin Həsən deyib. O bildirib ki, 10 noyabrda imzalanmış üçtərəfli sülh bəyanatının tələbinə uyğun olaraq Rusiya sülhməramlılarının üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməməsinə şahidlik etməkdəyik:

"Cənab Prezidentin son nitqi və ondan irəli gələn fikirlərə diqqət yetirsək, açıq-aydın görə bilərik ki, dövlət başçısı bütün bu təzyiqlərə baxmayaraq Azərbaycanın 44 günlük müharibə nəticəsində bölgədə yaratdığı yeni situasiyanın tələbinə uyğun olaraq  regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması istiqmətində bütün səylərini ortaya qoyaraq, fəaliyyət göstərir. Prezident bəyan edib ki, artıq Dağlıq Qarabağ adlı bir problem və belə bir inzibati vahid yoxdur. Kimlərinsə bölgədə dayanıqlı sülhün, əməkdaşlığın və təhlükəsizliyin əldə olunmasına xidmət edən fərqli fikir ortaya atma cəhdi nəticə verməyəcək. Bölgədə yenidən hansısa təxribata əl atmaq istəyən revanşist qüvvələrin başı dəmir yumruqla əziləcək. Ölkə başçısının dediyi kimi dəmir yumruq belə qüvvələrə qarşı hazır vəziyyətdədir” -R. Həsən qeyd edib.

Onun fikrincə, Azərbaycan Prezidentinin xalqın, millətin və dövlətin milli maraqlarına uyğun müstəqil siyasət yürütməsi, xüsusən də Türkiyə ilə strateji müttəfiqliyin dərinləşdirilməsi istiqamətində atdığı konkret addımlar bir çox dairələri narahat edir: 

"Ona görə də həmin dairələrə bütün vasitələrdən istifadə edib Azərbaycana qarşı təzyiq etmək istəyir, ancaq onların bütün bu cəhdləri məğlubiyyətə düçar olacaq. Prezident xalqa arxalandığı kimi, xalq da Prezidentin ətrafında sıx birləşib və onun atdığı bütün addımları dəstəkləyir”.
Cənab Prezidentin Qərbi Zəngəzur, İrəvan və Göyçə mahalı ilə bağlı səsləndirdiyi bəyanata gəldikdə deputat bildirib ki, qaçqınlaırn öz yurdlarına qayıtmaq haqqıdır: 

"Şəxsən mən özüm 1978-ci ildə Zəngəzurun Qafan şəhərində anadan olmuşam və 1985-ci ilədək orada yaşamışam. Mənim də bir insan kimi haqqımdır ki, öz doğma yurduma gedib, orada baba və nənələrimin qəbrini ziyarət edim. Zəngəzur kimi 1918-ci ilədək İrəvan, Göyçə, Basarkeçər və Ermənistanın digər torpaqları da tarixi Azərbaycan torpaqları olub və kimsə bunu dana bilməz. Bu, tarixdir. Bütün faktlar, xəritələr ortadadır. İrəvan və bəzi torpaqlar 1918-ci ildə, digər ərazilər isə Qızıl ordu Azərbaycanı işğal edib SSRİ-nin tərkibinə qatdıqdan sonra yeni yaradılan Ermənistan adlı dövlətə verilib. Bütün tarixi faktlara baxmayaraq bu gün Azərbaycan başqa dövlətin ərazisinə iddia etmir, bölgədə dayanıqlı sülhün və sıx əməkdaşlığın tərəfindədir.

Dayanıqlı sülh, sabitlik və təhlükəsizliyin təmin olunması isə ancaq və ancaq qonşu dövlətlərin bir-birinin ərazi bütövlüyünü beynəlxalq hüquqda tanınan sərhədlər çərçivəsində tanımasından və normal qonşuluq münasibətləri qurmasından keçir. Azərbaycanın da istəyi budur və cənab Prezident istər son çıxışında və ondan öncə dəfələrlə bununla bağlı mövqeyini ortaya qoyub. Cənab Prezident açıq bəyan etdi ki, Ermənistanla sülh sazişi imzalamaq istəyirik və biz buna hazırıq. Ancaq Ermənistan tərəfi bunu hazır deyil və istəmir. Ermənistanın sülh sazişi imzalanması isə ilk növbədə bu ölkənin özünün ziyanınadır və vaxt itkisidir. Bundan sonra heç bir qüvvə Azərbaycanın bölgədə yaratdığı reallığı dəyişmək iqtidarında deyil. Odur ki, nə qədər gec deyil Ermənistan ağlını başına yığıb bölgədə real sülhün, əməkdaşlığın yaranması istiqamətində konkret addımlar atmalıdır. Azərbaycan bundan sonra bölgədə hansısa revanşist qüvvənin baş qaldırmasına imkan verməyəcək. Biz   vəzifəmizdən və mövqeyimizdən asılı olmayaraq bir müsəlləh əsgər olaraq cənab Prezidentin əmrlərini icra etməyə hazırıq”.

Deputat onu da əlavə edib ki, ermənilərin son təxribatları Rusiya sülhməramlılarının imicinə vurulan böyük zərbədir: 

"Çünki imzalanmış üçtərəfli bəyanatın tələbinə uyğun olaraq sülhməramlılar onların nəzarətində olan silahlı erməni tör-tökntülərini həmin ərazilərdən çıxarmalı idi. Əgər Rusiya sülhməramlıları sözün əsl mənasında üzərlərinə götürdükləri tarixi missiyanı həyata keçirib beynəlxalq aləmdə nüfuz qazanmaq istəyirlərsə, o zaman  burada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində  təxirə salmadan real addımlar atmalıdır. Nəzarət etdikləri əraziləri silahlı quldur, terrorçu dəstələrdən təmizləməlidirlər. Əks təqdirdə bu Rusiya sülhməramlılarının imicini ciddi zərbə altında qoyacaq”.

RƏYLƏR