“TAC” MMC maaşımı vermir - GİLEY

OXUNUB: 1214 HADİSƏ
"Orada tək mənim deyil, bir neçə işçinin əməkhaqqı vaxtında ödənilmir, etiraz edənlər işdən uzaqlaşdırılır”

Yevlax rayon sakini, 2003-cü il təvəllüdlü Pünhan İbrahimov ailəsinə köməklik etmək üçün Bakının Binəqədi rayonu, Sulutəpə əsəbəsində yerləşən "TAC” MMC-də sürücü kimi işə düzəlib. Bu ilin fevralında isə öz xahişi ilə işdən çıxıb. Amma şirkətdən son 2 ayın maaşını ala bilmir.

Şikayətçi Meydan TV-yə ünvanladığı müraciətində deyir ki, 5 nəfərlik ailə üzvü ilə birgə Bakıda kirayədə yaşayır. O da hərbi xidmətə yollananadək ailəsinə kömək göstərmək məqsədilə şirkətdə sürücü kimi işə başlayıb:

"Sürücülərə yay aylarında 700 manat, qışda isə 470 manat əməkhaqqı ödənilməlidir. Amma maaşlar vaxtlı-vaxtında və tam ödənilmirdi. Sonradan məni həmin şirkətin tərkibindəki "Azəricap” MCC-yə keçirdilər. Bir neçə dəfə şikayətdən sonra 280 manat pul ödəyiblər, 500 manat isə ödənilməlidir”.

P.İbrahimov deyib ki, kirayə pulunu ödəməkdə çətinlik çəkir. Şirkətə dəfələrlə müraciət etsə də, onu qəbul edib, şikayətinə baxan yoxdur:

"Sonuncu dəfə şirkətə getdim, məni içəri buraxmadılar. Dedilər ki, get hara istəyirsənsə şikayət et. Orada tək mənim deyil, bir neçə işçinin əməkhaqqı vaxtında ödənilmir, etiraz edənlər işdən uzaqlaşdırılır”.

İbrahimov qeyd edib ki, tezliklə hərbi xidmətə yola düşəcək. Şirkət də bu barədə məlumatlıdır.

"TAC” MMC "Aquavita” və "Gülüstan” içkilərinin istehsalı ilə məşğuldur. Şirkətə məxsus telefon nömrələrinə cavab verən əməkdaş adını açıqlamaq istəməyib və suallara cavab vermək səlahiyyətində olmadığını deyib. Sonra zəng etməyi tövsiyə etsə də, gün ərzində dəstəyi götürən olmayıb.

RƏYLƏR