Tahir Kərimlini danışdıran kim(lər)dir? — Ramiz Mehdiyev polisə qarşı hücum təşkil edir...

OXUNUB: 1027 GÜNDƏM TƏHLİL
Qanunu pozan və qanun qarşısında cavab verən Eldəniz Səlimovla bağlı Milli Məclisin dünən keçirilən iclası sübut etdi ki, qanunverici orqanda Eldəniz Səlimov kimilər yenə də qalır. V və VI çağırış üzrə deputat olan, Vəhdət Partiyasının sədri, İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimlinin sessiyada etdiyi çıxış bunun açıq nümunəsi hesab edilə bilər.

Parlamentin İntizam Komissiyası qanunları pozan Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğvi ilə bağlı məsələni müzakirəyə təqdim etdi. Məsələ səs qoyularaq, qəbul olundu. Müzakirələr zamanı çıxış edən Tahir Kərimli isə nə əyləşdiyi kürsüyə, nə daşıdığı mandata, nə də qəbulunda iştirak etdiyi qanunlara uyğun olmayan mövqe sərgilədi.

Tahir Kərimli nə deyib?

Sitat: "Bu gün hər birimizin içində kədər var. Bu onunla bağlı deyil ki, öz həmkarımızın qələmini qırırıq. Burada hər bir deputatın nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. İntizam Komissiyasının qərarını alqışlayıram. Çünki o iclasda ancaq xəsarət yetirmədən danışılıb... Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. İndi biz neyləyək rayonlara gedəndə polis bizə hərbi salam verirdi, indi bizmi onlara verək? Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq”.



Bu çıxışı şərh etmədən belə əminliklə demək olar ki, bu şəxs daşıdığı mandata adekvat deyil.

Onun çıxışına gəlincə, burada təkcə bir şəxsin mövqeyi yox, bağlı olduğu qruplaşmanın leksikonu aydın hiss olunur.

Tahir Kərimli əslində nə demək istəyir?

"Həmkarımızın qələmini qırırıq” deməklə qanunverici kürsüdə cinayət aləminin jarqonu ilə danışır və təkcə bu ifadə belə, Milli Məclisin nüfuzuna zərbədir.

"Polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur” sözləri ilə həm Daxili İşlər Nazirliyinə ittiham ünvanlayır, həm də ölkənin seçki sisteminə xələl gətirir.
O, bu fikirləri ilə Eldəniz Səlimovun qanunları pozduğu üçün yox, DİN-in rəhbərliyinin polis əməkdaşını müdafiə etdiyi üçün cəzalandırdığına işarə vurur və bununla hüquq-mühafizə orqanlarını da, ölkə qanunvericiliyini də qaralayır. 

Bununla yanaşı, "deputatın yiyəsi yoxdur” deməklə parlament seçkilərində səs verən xalqı aşağılayır, deputatların səsvermə yolu ilə seçilmədiyinə işarə vurur.

"Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir” sözləri ilə DİN rəhbərliyinə "siz də təmiz deyilsiniz” mesajını göndərir.



Qeyd edir ki, "hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq”.

Əslində Tahir Kərimli kimilərə görə parlamenti buraxmaqdan başqa çarə qalmır, yaxud ən azı belə deputatları təmizləməklə bəlkə qanunverici orqanın nüfuzunu özünə qaytarmaq, daha səmərəli işini təmin etmək mümkündür.
 
Burada əsas sual başqadır: Tahir Kərimli niyə belə danışır, DİN-i niyə ittiham edir, onu danışdıran əslində kimlərdir?

V və VI çağırış üzrə deputat olan Tahir Kərimlinin Ramiz Mehdiyevə yaxın olduğu, onun hələ də gizli fəaliyyət göstərən qruplaşmasının üzvü olduğu haqda məlumatlar var. Bu partiya sədrinin üzünə parlament binasının qapısını açan da elə Ramiz Mehdiyev olmuşdu. Ramiz Mehdiyev vəzifəsindən getsə də, görünür proseslərə müdaxilə imkanlarından istifadə edərək, öz adamlarının fəaliyyətdə qalmasını təmin edə bildi. Tahir Kərimli də onlardan biridir və partiya sədrini belə danışdıran əslində Ramiz Mehdiyevdir.

Ramiz Mehdiyev bu fikirlərlə dövlətə, dövlətin hüquq-mühafizə orqanlarına meydan oxuyur. Meydan boş buraxılsa, Ramiz Mehdiyev Tahir Kərimli kimilər vasitəsilə hələ çox sabotaj fəaliyyətləri göstərə biləcək. İndi ən doğru addım Eldəniz Səlimovdan sonra Tahir Kərimlini də İntizam Komissiyasına çıxarmaq, deputat toxunulmazlığını ləğv etməkdir. Çünki görünən budur ki, dövlətə də, onun qanunverici orqanına qarşı da təhlükələr var./demokrat



RƏYLƏR