Türk Dövlətləri Təşkilatının (TDT) qarşısında dayanan əsas hədəflərdən biri onun beynəlxalq münasibətlər sistemində daha təsirli və aparıcı təşkilatlardan birinə çevrilməsidir. Bu hədəf yalnız dövlətlərarası siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi ilə deyil, eyni zamanda türk dövlətlərini birləşdirən gənc nəslin proseslərə daha fəal cəlb olunması ilə bağlıdır.
2009-cu ildə Naxçıvan Sazişi ilə əsası qoyulan əməkdaşlıq modeli ötən illər ərzində əhəmiyyətli inkişaf yolu keçib. TDT artıq siyasi dialoqdan iqtisadiyyat, nəqliyyat, rəqəmsallaşma, təhlükəsizlik, mədəniyyət və digər sahələrə qədər geniş əməkdaşlıq platformasına çevrilib. Təşkilatın zirvə görüşlərinin müntəzəm keçirilməsi, həmçinin Azərbaycanın təşəbbüsü ilə qeyri-rəsmi zirvə formatının formalaşması bu prosesin institusional baxımdan dərinləşdiyini göstərir. TDT-nin rəsmi məlumatlarında da 2024-cü ildə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşü, 2025-ci ildə Qəbələdə XII Zirvə görüşü və 2025-ci ildə Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşü təşkilatın intensiv siyasi dialoq mexanizmlərindən istifadə etdiyini göstərir.
Prezident İlham Əliyevin TDT ilə bağlı çıxışlarında məhz davamlı təmasların vacibliyi xüsusi vurğulanır. Dövlət başçısı bildirib ki, dünyada proseslər sürətlə dəyişdiyi üçün türk dövlətləri arasında daim məsləhətləşmələr aparılmalı, bir-birinin fikirləri öyrənilməli və ortaq qərarlar qəbul edilməlidir.
Bu yanaşmanın mühüm tərəflərindən biri də odur ki, TDT yalnız dövlət başçıları və hökumətlər arasında əməkdaşlıq platforması kimi deyil, xalqları bir-birinə daha da yaxınlaşdıran geniş ictimai mexanizm kimi inkişaf etməlidir.
Burada gənclərin rolu xüsusi əhəmiyyət daşıyır.
Çünki bu gün TDT-nin gələcək potensialını formalaşdıracaq nəsil məhz gənclərdir. Gənclər yalnız tədbirlərin iştirakçısı deyil, qərarların hazırlanmasına fikir verən, yeni təşəbbüslər irəli sürən, rəqəmsal platformalar yaradan və türk dövlətləri arasında əlaqələrin gündəlik səviyyədə möhkəmlənməsinə töhfə verən əsas sosial qruplardan biri olmalıdır.
Azərbaycanın dövlət gənclər siyasətinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi xətt xüsusi əhəmiyyət daşıyır. Gənclərin təhsil alması, inkişaf etməsi, beynəlxalq layihələrdə iştirak etməsi, cəmiyyətin ictimai-siyasi və sosial həyatında fəal rol tutması üçün yaradılan imkanlar bu siyasətin əsas istiqamətlərindəndir.
Bu model TDT çərçivəsində daha geniş müstəvidə tətbiq oluna bilər.
Mən hesab edirəm ki, TDT-nin gələcək inkişafında "gənclər diplomatiyası” ayrıca strateji istiqamətə çevrilməlidir. Türk dövlətlərinin gəncləri arasında müntəzəm forumların, debatların, yay məktəblərinin, liderlik proqramlarının və birgə sosial layihələrin keçirilməsi ortaq düşüncə və əməkdaşlıq mühitinin formalaşmasına ciddi təsir göstərə bilər.
Xüsusilə gənclərin fikirlərinin dinlənilməsi vacibdir. Onlara yalnız "gələcəyin liderləri” kimi yanaşmaq kifayət deyil. Onlar bu günün də ictimai həyatının aktiv iştirakçılarıdır. Buna görə TDT çərçivəsində gənclərin mövcud problemlərlə bağlı təkliflərinin birbaşa aidiyyəti qurumlara çatdırıldığı mexanizmlərin yaradılması məqsədəuyğun olardı.
Digər mühüm məsələ isə milli-mənəvi dəyərlər və vətənpərvərlikdir. Müasir gənc həm öz milli kimliyini və tarixini bilməli, həm də qlobal dünyada baş verən prosesləri düzgün qiymətləndirməyi bacarmalıdır. Türk dövlətlərinin ortaq tarixi, mədəniyyəti və dil yaxınlığı bu istiqamətdə böyük imkanlar yaradır.
Eyni zamanda, müasir dövrdə təhlükələr artıq yalnız ənənəvi formada meydana çıxmır. İnformasiya manipulyasiyası, dezinformasiya, kibertəhdidlər, sosial şəbəkələrdə zərərli məzmunların yayılması və gənclərin müxtəlif ideoloji təsirlərə məruz qalması yeni çağırışlar yaradır.
Bu səbəbdən gənclər arasında media savadlılığının, rəqəmsal təhlükəsizlik və informasiya mübarizəsi bacarıqlarının gücləndirilməsi TDT ölkələri üçün ortaq prioritetlərdən birinə çevrilə bilər.
Bu istiqamətdə Azərbaycan gənclərinin təcrübəsi də mühüm resursdur. Azərbaycan gəncləri müxtəlif beynəlxalq platformalarda ölkəmizi təmsil edir, QHT və media layihələrində iştirak edir, sosial şəbəkələrdə informasiya mühitinin formalaşmasına təsir göstərirlər.
TDT-nin aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilməsi prosesində məhz belə fəal gənclər şəbəkəsinin formalaşdırılması uzunmüddətli baxımdan əhəmiyyətlidir.
Məsələyə yalnız bugünkü siyasi və iqtisadi imkanlar prizmasından baxmaq düzgün olmaz. Təşkilatın real gücü həm də onun gələcək nəsillər arasında nə qədər möhkəm sosial və humanitar bağlar yarada bilməsindən asılı olacaq.
Prezident İlham Əliyevin TDT ilə bağlı irəli sürdüyü daha intensiv görüş və dialoq yanaşması bu baxımdan gənclər səviyyəsinə də keçirilməlidir. Dövlət başçıları arasında daha sıx məsləhətləşmələr necə vacibdirsə, gənclər arasında da davamlı dialoq və əməkdaşlıq eyni dərəcədə əhəmiyyətlidir.
Mənim fikrimcə, gələcəkdə TDT Gənclər Platformasının daha institusional mexanizmə çevrilməsi, gənclərin təkliflərinin TDT-nin müvafiq strukturlarına çatdırılması, ortaq gənclər layihələrinin maliyyələşdirilməsi və türk dövlətlərindən olan gənclər üçün vahid əməkdaşlıq şəbəkəsinin genişləndirilməsi mühüm nəticələr verə bilər.
Çünki TDT-nin gələcəyi yalnız dövlətlər arasında imzalanan sənədlərlə deyil, həmin sənədlərin arxasında dayanan insan əlaqələri ilə də müəyyənləşəcək.
Gənclər bu əlaqələrin ən böyük sosial kapitalıdır.
Bu gün türk dövlətlərinin gəncləri arasında qurulan hər bir dostluq, əməkdaşlıq və ortaq layihə gələcəkdə TDT-nin siyasi, iqtisadi və humanitar gücünə çevrilə bilər. Ona görə də TDT-nin inkişaf strategiyasında gənclərə yalnız auditoriya kimi deyil, təşkilatın gələcək inkişafının fəal tərəfi və ideya müəllifi kimi yanaşılması vacibdir.
Azərbaycanın TDT çərçivəsində irəli sürdüyü təşəbbüslər və Prezident İlham Əliyevin təşkilatın daha da gücləndirilməsi ilə bağlı mövqeyi göstərir ki, türk dünyasının qarşısında yeni əməkdaşlıq imkanları açılır. Bu imkanlardan maksimum istifadə etmək üçün isə dövlətlərarası əlaqələrlə yanaşı, xalqlar və xüsusilə gənclər arasında əlaqələri də daha da gücləndirmək lazımdır.
TDT-nin gələcəyi yalnız bugünkü qərarlardan deyil, bu qərarları sabah həyata keçirəcək gənclərin hazırlanmasından da asılıdır.
Səbuhi ABBASOV
QHT sədri, 7NEWS.az saytının baş redaktoru






















