Təhsil Məcəlləsi lazımdırmı?

OXUNUB: 515 SOSİAL

Azərbaycan bir sıra sahələr üzrə həm çərçivə, həm "ana”, həm sahəvi qanunlar qəbul olunub və həmin qanunların məntiqi davamı olaraq müvafiq məcəllələlər parlamentdən keçib, hüquqi statusunu alıb.

Buna misal olaraq, Vergi, Torpaq, Meşə, Miqrasiya, Mədəniyyət, Turizm Məcəlləsini və digər məcəllələri göstərmək olar.

Bəs görəsən, təhsil sahəsi ilə də bağlı Təhsil Məcəlləsinin hazırlanması və qəbulu gözləniləndirmi və mümkündürmü? Bu sahədə də  Məcəlləyə ehtiyac varmı? Bu yerdə qeyd edək ki, millət vəkilləri tərəfindən zaman-zaman bu yöndə təkliflər eşidilməkdədir. 

Məsələ ilə bağlı İcmal.Az-a açıqlamasında təhsil işçisi, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva bildirib ki, Məcəllə hüququn hər hansı bir sahəsinə aid sistemə salınmış qanunlar toplusudur.

Məcəlləyə hər hansı bir qanunvericilik sisteminə aid olan bütün normativ-hüquqi aktlar daxil edilir.

O qeyd edib ki, təhsil almaq hər bir vətəndaşın konstitusion hüququ olduğundan Təhsil Məcəlləsinin yaradılması zəruri ola bilər, lakin hələlik həmin  məcəllənin hazırlanması əsas prioritet məsələ deyil və hazırda təhsilin bütün pillələri üzrə qanun layihələrinin hazırlanması nəzərdə tutulur:

"Eyni zamanda, Avropa praktikasını nəzərə alsaq, bir çox Avropa ölkəsində də belə bir məcəllə yoxdur. Ümumtəhsil və bir çox sahə qanunları ilə təhsil sistemləşdirilib. Şimali Avropa ölkələrindən Norveç istisna olmaqla, Danimarka, Finlandiya və İsveçdə belə bir məcəllə mövcud deyil. Təhsil sahəsində Avropada qabaqcıl ölkələrdən olan İslandiyada da təhsil məcəlləsi yoxdur. Avropa nəhənglərindən yalnız İspaniya, Fransa və Birləşmiş krallıqda Təhsil Məcəlləsi mövcuddur. Mərkəzi və Cənubi Avropanın Belçika, Almanya, Hollandiya, Avstriya, Macarıstan, Polşa, Rumıniya, Yunanıstan kimi qabaqcıl ölkələrində təhsil sistemi "Ümumtəhsil haqqında” qanun və bir çox sahə qanunları ilə tənzimlənir. Əgər qanunlar toplusu bir Məcəllədə birləşdirilərsə, bəzi normativ-hüquqi aktlar arasındakı uyğunsuzluqları aradan qaldırmaq mümkün olar”.

BDU-nun professoru, millət vəkili Kamilə Əliyeva indiki reallıqda Təhsil Məcəlləsinə bir o qədər ehtiyac görmür.

"Əlbəttə, gələcəkdə belə bir məcəllə hazırlana, müzakirələrə təqdim oluna, çıxarıla və qəbul oluna bilər, bu, mümkündür və istisna deyil, amma indiki halda ona bir o qədər də ciddi ehtiyac yoxdur. Çünki Azərbaycanda təhsillə bağlı çərçivə qanunu var, eyni zamanda, təhsil qanunvericiliyimiz mütəmadi şəkildə yenilənir, dövrün, zamanın tələblərinə, reallıqlarına uyğun olaraq, təkmilləşdirilir, zənginləşdirilir. Təhsillə bağlı sahəvi qanunların qəbulu gerçəkləşdirilir və gerçəkləşdirilməkdədir. Ona görə indiki reallıqda Təhsil Məcəlləsinin qəbulu aktual görünmür. Amma bir daha qeyd edirəm ki, gələcəkdə belə bir məsələ istisna olunmur, Təhsil Məcəlləsi hazırlana və ona baxıla bilər. Bu, mümkün variantlardandır”, - deyə K.Əliyeva qeyd edib.

İcmal.Az

RƏYLƏR