Kapital Bank, Təhsilin İnkişafı Fondu və "Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında imzalanan memoranduma əsasən tələbələrə yeni həllər təqdim edən "TələbəPlus” kartı təqdim edilir.
4 noyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində (BDU) həyata keçirilən tədbirdə qəbul imtahanlarında ən yüksək bal toplayaraq BDU-ya daxil olan 14 nəfər I kurs tələbəsinə "TələbəPlus” kartı təqdim olunub.
Mərasimdə açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev çıxışında bu layihənin uğurlu olacağına inandığını, ali təhsil müəssisələrinin yaradılan imkandan kifayət qədər bəhrələnəcəyini, bu kartların tələbələrə ən müxtəlif istiqamətlərdə geniş imtiyazlar təqdim edəcəyini, tələbələrin təhsil, səhiyyə, mədəniyyət və digər xidmətlərlə bağlı endirimlərdən faydalana biləcəklərini vurğulayıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov da öz növbəsində "TələbəPlus” kartlarının ilk istifadəçiləri olan BDU tələbələrini təbrik edib. O, bu layihənin dövlət-özəl tərəfdaşlığının üğurlu nümunəsi olduğunu qeyd edib. Layihənin növbəti mərhələsində peşə və orta ixtisas təhsilinə də şamil ediləcəyini bildirən sədr növbəti tədris ilində təhsil sahəsində çalışan əməkdaşların da layihədən yararlana biləcəklərini vurğulayıb.
Kapital Bank-ın Korporativ Satışlar departamentinin direktoru Qara Əbdülrəhmanov bildirib ki, "TələbəPlus” tələbələrə xüsusi imtiyazlar təqdim etməklə yanaşı, onların gündəlik həyatlarını daha rahat və rəqəmsal bir müstəviyə keçirəcək. Belə ki, kart tələbələrə gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti yaradacaq.
"Visa”nın Azərbaycan üzrə ölkə meneceri Nurlan Hacıyev isə "Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan təhsilinə dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edib və bu layihənin bir hissəsi olmasından məmnunluq hissini bildirib.
Xatırladaq ki, "TələbəPlus” kartı tələbələrə təlim mərkəzləri, geyim, yemək, qida sahələri üzrə tələbələrin ən çox müraciət etdikləri 200-dən artıq partnyorda imtiyazlar, endirimlər almaq fürsəti yaradır. Həmçinin, Mədəniyyət Nazirliyi ilə imzalanan müqaviləyə əsasən mədəniyyət obyektləri, muzeylər, sərgi salonlarından istifadədə də tələbələr üçün güzəştlər tətbiq olacaq. Gələcəkdə idman, səhiyyə, nəqliyyat sahələrində də xidmətlərin "TələbəPlus”a qoşulması planlaşdırılır.