Teleqüllə yaxınlığında son vəziyyət

OXUNUB: 580 SOSİAL

Sürüşmə sahəsinə düşən ərazidə (Teleqüllə yaxınlığı - red.) hər hansı infrastruktur inşa edilərsə, FHN və ETSN-nin xüsusi rəyi olmalıdır ki, tikinti layihələndirilsin. Ancaq bununla bağlı bizim quruma heç kim müraciət etməyib.

Bunu Oxu.Az-a ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən həmin ərazilərin sürüşmə atlası tərtib olunub və Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Sürüşmə olan ərazidə tikinti aparılması ETSN və FHN rəyi əsasında olmalıdır. 

Ə. Qaralov bildirib ki, hazırda həmin ərazilərdə FHN, AMEA, ETSN işçiləri araşdırma aparır.

Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, həmin ərazidə tikilən evlər köhnədir.

"Onlar sovet dönəmində inşa edilib. Sonrakı dönəmə aid tikililər qeyri-qanuni və kiçikdir”.

İsrafil Kərimovun sözlərinə görə, əraziyə polis nəzarət edir:

"Məsələnin ciddiliyi nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə Səbail rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb. Qərargahın iclasından sonra Səbail rayon İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları həmin ərazidə olaraq, sakinlərlə görüşüb”.

Qeyd edək ki, əraziyə daimi baxış keçirilir, quraşdırılmış siqnal qurğularının göstəriciləri və baş verən hər hansı dəyişikliklər barədə dərhal aidiyyəti üzrə məlumat verilir. Ərazidə gedən proseslər Nazirlər Kabineti tərəfindən nəzarətdə saxlanılır.

Xatırladaq ki, "Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində yeddi metr dərinliyində, bir metr enində çatlar yaranıb.

İcmal.Az

RƏYLƏR