Bakı. 1 may. / Böyük Britaniyanın 300-ə yaxın vətəndaşı terrorçu İŞİD qruplaşmasında yüksək vəzifə tutur.
“Report” xəbər verir ki, bu barədə bu ölkədə çıxan “The Telegraph” qəzeti yazıb.
Qəzetin yazdığına görə, bunları 23 yaşlı Britaniya vətəndaşı Stefan Aristid bildirib. O, deyib ki, sevdiyi qızla Suriya gedib ki, şəriət qanunları ilə yaşasın, ancaq İŞİD rəhbərliyi ilə mübahisədən sonra 2015-ci ilin aprelində Britaniyaya qayıdıb.
“Suriya və İraqda İŞİD-in tərkibindəki 300 britaniyalı sıravi döyüşçü kimi fəaliyyət göstərmir. Onlar KİV və təbliğata görə məsuliyyət daşıyır. Həmin adamlar Britaniya üçün təhlükədir.
İŞİD-çilər arasındakı həyat həbsxanaya oxşayır. Bəziləri qalmaq istəsə də, getmək istəyənlər də az deyil. Münaqişə gücləndiyindən qruplaşma arasında parçalanma da artır” - deyə İŞİD keçmiş üzvü bildirib.