Tovuzda Bocce idman növü vasitəsilə autizmli uşaqların reabilitasiyası mövzusunda təlim keçirilib – FOTOLAR

OXUNUB: 352 İDMAN

Tovuz Gənclər Evinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Autizm Assosiasiyası” İctimai Birliyi tərəfindən icra olunan "Bocce idman növü vasitəsilə autizmli uşaqların reabilitasiyası üsulunun təşviqi” layihəsi çərçivəsində təlim keçirilib.

Təlimdə Tovuz rayonunda autizmli uşaqların reabilitasiyasında iştirak edən reabilitasiya mərkəzlərinin, sağlamlıq müəssisələrinin, idman cəmiyyətlərinin və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən "Autizm Assosiasiyası” İctimai Birliyinin sədri Elnur Məmmədov layihənin məqsədi barədə məlumat verib. Bildirilib ki, hazırkı layihə autizmlilərin tibbi-sosial reabilitasiyasına dair maarifləndirmənin keçirilməsindən, həmin şəxslərə xidmət göstərən müəssisələrdə inklüziv tədbirlərin təşkili ilə bağlı bacarıqların aşılanmasından və bu sahədə bocce idman növünün reabilitasiya sahəsində geniş təşviq edilməsindən bəhs edir.

Nəzəri və praktiki hissələrdən ibarət təlim sessiyaları bocce idman növü sahəsində ixtisaslaşan və beynəlxalq təlim proqramlarının iştirakçısı Tofiq Məmmədov tərəfindən aparılıb. Nəzəri hissədə bocce idman oyunun tarixinə nəzər salınıb, oyun qaydaları barədə məlumat verilib, autizmli uşaqların reabilitasiyası sahəsində bu idman növünün tətbiqinin faydaları haqqında danışılıb. Bocce idman meydançası üzərində təşkil olunan təlimin praktiki hissəsində oyunun təşkili qaydaları nümayiş etdirilib və şərti yaradılmış komandalar arasında mini-turnir keçirilib.

 

RƏYLƏR