TUMİB iftar süfrəsi təşkil etdi: Şəhid ailələri də qatıldılar - FOTO

OXUNUB: 567 GÜNDƏM QHT SOSİAL
Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB) məzunların Azərbaycana inteqrasiyası, məzunlar arasında koordinasiyanın təmin edilməsi, Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsinə töhvə vermək məqsədilə silsilə tədbirlər keçirir. Belə tədbirlərdən biri də dünən Müqəddəs Ramazan ayının qədir gecəsində təşkil edilib. Məzunları bir araya toplayaraq, mənəvi hissləri bir arada yaşamaq məqsədilə keçirilən tədbirdə 150-yə yaxın Türkiyə məzunu ilə yanaşı dövlət və hökumət nümayəndələri, Türkiyə məzunu olmuş Vətən müharibəsi şəhidləri Məmmədağa Səfərov və Murad Məmmədovun ailələri iştirak edib.
İftardan öncə ilahiyyatçı hoca Sadiq Ramizoğlu Qurani Kərim oxuyaraq dualar verib. İftardan sonra tədbiri açıq elan edən TUMİB idarə heyətinin sədri Tural Əfəndiyev TUMİB-in hazırkı və gələcək fəaliyyəti haqqında məlumat verib. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirinin səlahiyyətli nümayəndəsi, təhsil attaşesi Nihat Böyükbaş, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fuad Babayev məzunları və şəhid ailələrini salamlayıblar.

Daha sonra Milli Məclisin deputatı, komitə sədri Sadiq Qurbanov çıxış edərək, Türkiyə-Azərbaycan münasibətlərindəki birlik, qardaşlıq və inkişaf haqqında danışıb. Millət vəkili iki qardaş ölkə arasındakı münasibətlərdə daha böyük irəliləyişlərə nail olmağın vacibliyini diqqətə çatdırıb.

Tədbir Yunus Emre İnstitutunun Azərbaycan koordinatoru Selçuk Karakılıç və bir sıra məzunların çıxışları ilə yekunlaşıb.

 
İcmal.Az

RƏYLƏR