Türkiyə kritik həftəyə girdi: məğlub qalibi təbrik edəcəkmi...

OXUNUB: 880 GÜNDƏM SİYASƏT
Kılıçdaroğlunun 14 may çağırışının açması; "Əslində bu onun qalib gəlməyəcəyini anladığının göstəricisidir”

Qardaş Türkiyədə kritik prezident və parlament seçkilərinə 5 gün qaldı. Seçki günü yaxınlaşdıqca ölkədə siyasi hərarətlə yanaşı, əsəb gərginliyi də artır.

Bu fonda müxalifətin əsas namizədi Kamal Kılıçdaroğlu maraqlı açıqlama verib. "Bloomberg" xəbər verir ki, o, vətəndaşları seçkidə qalib gəldikləri təqdirdə evdə qalmağa çağırıb. Çünki Kılıçdaroğluna görə, tərəfdarları seçkilərdən sonrakı gecə prezident Rəcəb Tayyib Ərdoğana sadiq "silahlı ünsürlər”lə toqquşa bilər.

"Bizim qələbəmizdən sonra bütün vətəndaşlar evdə qalmalı, küçələrdə bayram etməməlidir. Kimsə iğtişaş törədə bilər, kimisə təhrik edə bilərlər, silahlı ünsürlər küçələrə çıxa bilər”, - deyə o vurğulayıb.

Müxalifətin əsas namizədinin bu çağırışının açması nədir, ölkədə seçki gecəsi qarışıqlıqmı gözlənilir? Qələbə Ərdoğanın olsa, nə olacaq, qalib Kılıçdaroğlu olsa, nə? Ən önəmlisi, məğlub qalibi təbrik edəcəkmi? 

Bu arada müxalifətin antimilli mahiyyəti bir daha üzə çıxıb. Belə ki, Kılıçdaroğlunun müşaviri və CHP-nin əsas simalarından biri, Azərbaycandakı sabiq səfir, ermənipərəstliyi şübhə doğurmayan Əhməd Unal Çeviköz deyib ki, müxalifət qalib gələrsə, İsveçin NATO-ya üzvlüyünə əngəl olmayacaq və alyansın Vilnüs sammitinədək (yay) üzvlüyə razılıq verəcək (bu həmin Çeviközdür ki, 44 günlük müharibə zamanı Türkiyənin Azərbaycana verdiyi dəstəyinə görə təəssüflənmişdi).

Halbuki Ərdoğan iqtidarı üzvlük üçün PKK terrorçularının Türkiyəyə təhvil verilməsi şərtini qoyub. Daha dəqiqi, İsveç belə bir yazılı öhdəlik götürüb.
Elşən Musayev: Xarici diplomatların Şuşaya səfəri əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir - AZƏRTAC
Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Kılıçdaroğlunun illüziyalara qapıldığını düşünür: "Kılıçdaroğlunun seçki gecəsi ilə bağlı məlum açıqlaması əslində onun panikasından və reallıq hissini itirməsindən xəbər verir. Çünki vəziyyət heç də müxalif namizədin söylədiyi, arzuladığı, ehtimal etdiyi kimi deyil. Ərdoğan təbliğat marafonunda öz gücünü günbəgün artırır, AKP hər saat, hər dəqiqə qələbəyə daha da yaxınlaşır və Türkiyənin hazırkı prezidentinin 14 mayda keçiriləcək seçkidə qalib olacağı artıq kimsədə şübhə doğurmur. Ona görə də Kılıçdaroğlu hazırda udacağı deyil, uduzacağı halda proseslərin hansı məcraya yön alması barədə düşünməlidir, həmin durumun proqnozunu verməyə daha çox meyllənməlidir.

Bəli, Türkiyə müxalifəti prosesin lap əvvəlində müəyyən ajiotaj yaratmağı bacarmışdı. Amma həmin ajiotaj çox qısa müddətdə sabun köpüyü kimi partladı və onun bir heç olduğu ortalığa çıxdı. Üstəlik, bir sıra səbəblərdən. Məsələn, diqqət edin, "6-lı koalisiya” dedikləri qrupun üzvlərindən heç biri may ayında ortalığa çıxmayıb, təbliğatda iştirak etməyib, mitinqlərdə vəkil kimi görünməyib. İkincisi, CHP lideri bir müddətdən sonra anladı ki, onlara dəstək verən insanların sayı heç də nəzərdə tutduqları qədər deyil və bu faktor onu sanki qəflət yuxusundan ayıltdı. Üçüncüsü, müxalifət Türkiyədə baş vermiş dəhşətli zəlzələdən və onun fəsadlarından öz maraqları üçün istifadə etmək istəyirdi. Fəqət, bu da alınmadı. Və nəhayət, dördüncüsü, Kılıçdaroğlu son xəritə paylaşımı ilə özünə qarşı ciddi bir antipatiya yaratdı və eyni zamanda məlum addımı ilə bir daha təsdiqlədi ki, o, uzaqgörən, praqmatik, müdrik siaysətçi deyil.

Bir sözlə, CHP lideri və müxalifətin əsas namizədi hələ arxı keçməmiş "hop” deməsin, illüziyalara qapılmasın. Üstəlik, əmin olsun ki, seçki də çox rahat keçəcək, seçki gecəsi də. Bu marafonun favoriti cənab Ərdoğandır və qalibiyyəti, zəfəri də o qazanacaq".
Əhəd Məmmədli:
Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli qardaş ölkə daxilində baş verə biləcək qarışıqlıqdan narahatdır: "Kılıçdaroğlunun tərəfdarlarına qalib gəlsəm küçələrə çıxmayın, bayram etməyin söyləməsi mənə "oğru elə qışqırdı ki, doğru məəttəl qaldı" misalımızı yadıma saldı. Əslində bu, Kılıçdaroğlunun qalib gəlməyəcəyini anladığının göstəricisidir. Bay Kamal bununla tərəfdarlarına üstüörtülü mesaj verir ki, uduzacağım təqdirdə küçələrə çıxın. Seçki gecəsi qardaş ölkə Türkiyəni qarışdırmaq cəhdləri ola bilər. Bu, şəxsən məni narahat edir. Türkiyənin xaricdəki düşmənləri daxildəki ünsürlərini küçələrə tökə bilər. Şübhəm yoxdur ki, MİT rəhbəri Hakan Fidan və terrorçuların qorxulu kabusu, DİN rəhbəri Süleyman Soylu mənfi gedişatların qarşısını almaq üçün bütün tədbirləri indidən görüb. Təbii ki, Ünal Çeviközün müharibə dövründə xain açıqlamasını biz azərbaycanlılar unutmamışıq. Və təsəvvür edin ki, belə bir adam Azərbaycanda Türkiyənin səfiri olub! Kılıçdaroğlunun da xainliyini Azərbaycan xalqı unutmayacaq. Əlinə bir kağız parçası alıb, guya türk yolu projesidir və bu xəritədə türk yolundan başqa hər şey var. Necə deyərlər, səylərin qırılsın silsiləsindən... İsveç PKK terror təşkilatının Avropada ən rahat fəaliyyət göstərdiyi ölkədir. PKK terrorçularına dəstəkdə İsveç, Yunanıstan və Fransanı belə keçib. Və Kılıçdaroğlu HDP-PKK terrorçularının dəstəyini almaq üçün İsveçin NATO üzvlüyünə əngəl olan Türkiyənin vetosunu prezident seçiləcəyi təqdirdə götürəcəyinin sözünü verib. Bu o anlama gəlir ki, Kılıçdaroğlu-Kaftancanoğlu-Çeviközlər iqtidara gəlmək üçün hər xainliyi etməyə hazırdırlar. "Şestyorka masa”+HDP-PKK-nın milli-satqınlığı bununla bitmir. Müxalifət iqtidara gəldikdə "Akkuyu” AES-i ləğv edəcəklərini bildiriblər. Ümumiyyətlə, müxalifət Ərdoğanın bütün nailiyyətlərini məhv etmək öhdəliyini götürüb. Aydındır ki, bu tapşırıq onlara Vaşinqtondan verilib. Sizi əmin edirəm ki, bu "altılıq+PKK” Türkiyədə iqtidara gəlsə, qardaş ölkənin siyasi-iqtisadi-hərbi sahədə qazandığı bütün uğurlarını heçə endirəcək. 100 ildən sonra Türkiyənin Cənubi Qafqaz, Yaxın Şərq, Şimali Afrikada mövcudluğuna son qoyacaqlar. Türkiyə-Rusiya münasibətləri tarixin ən yüksək dövrünü yaşayır. "Altılıq+PKK” iqtidar olsa, bu münasibətlərə də son qoyacaqlar. Yəni Türkiyə yenə ABŞ-ın yedəyinə qayıdacaq".
Türkiyədə və Azərbaycanda siyasi zəlzələ yaratmaq istəyənlər bu mərkəzdən idarə edilir - GlobalInfo.az
Züriyyə Qarayeva 

Politoloq Züriyyə Qarayeva seçkiləri Kılıçdaroğlunun qazanacağını ehtimal etmir: "Əvvəla, Türkiyənin hazırkı iqtisadi vəziyyəti nə olursa-olsun, bu ölkənin indiki regional və beynəlxalq güc olma imici Ərdoğanın sayəsindədir. Türkiyə ABŞ diktəsində xarici siyasət yürüdən ölkədən müstəqil ölkəyə çevrilib. Bu ölkə AKP-nin uğurlu enerji diplomatiyası sayəsində Avropanın əsas qaz təchizatçısıdır. Aralıq dənizinin şərqində mövqelərini qətiyyətlə qoruyan, əzilən tərəflərin, müsəlman ölkələrinin yanında güclü ittifaqlara rəğmən dayanan, ölkəsini terror yuvalarının təxribatlarından təmizləyən Ərdoğan hakimiyyətidir. Türkiyəni 60-70-ci illər təcrübəsini yaşamaqdan xilas edən, xaotik siyasi sistemdən qurtaran, ayda bir hökumət dəyişən, idarəçilikdən qurtaran Ərdoğan hakimiyyətidir. Bütün dünyanın nizamını dəyişmək iqtidarında olan raketlərin istehsalçısı bu gün Türkiyədir və bu sənayenin inkişafına töhfə verən də AKP hakimiyyəti olub. Bütün bunların üzərinə Azərbaycanla bağlı münasibətlərdə də məhz Ərdoğan hakimiyyəti dönəmində əlaqələr indiki pik vəziyyətə qalxa bildi. Düşünürəm ki, qardaş türk xalqı həm də qardaş ölkəsinə olan münasibəti sandıqlarda hiss etdirəcək. Bu gün Azərbaycanın formalaşmasına bütün gücünü qoyduğu, reallaşması yolunda fundamental addımlar atdığı Orta dəhlizdən və ya Turan yolundan ölkəmizi uzaqlaşdırmaq niyyətində olan şəxs əminəm ki, hakimiyyətə gələrsə, Qarabağ məsələsində də eyni mövqeni göstərəcək”.

RƏYLƏR