Türkiyənin xarici işlər naziri Hakan Fidan televiziyalardan birinə müsahibəsində Türkiyə-ABŞ münasibətlərinin perspektivindən danışıb. Onun proqnozları, mətbuatdan da anlaşıldığı kimi, o qədər də optimist deyil.
ABŞ-nin seçilmiş prezidentinin komandasının formalaşması ilə bağlı ilk məlumatları dəyərləndirən Fidan Trampın təyinatlarının daha çox yəhudiyönümlü olmasını təəccüblü və qeyri-adi hesab etməyib. "Bu, gözlənilən idi, ABŞ-də yəhudi oriyentasiyası həmişə mövcuddur”, - deyə türk diplomat qeyd edib. O, daha sonra bildirib ki, Tramp prezidentlik dövründə yalnız Ukrayna nizamlanmasına diqqət yetirsə və Fələstin probleminə məhəl qoymasa, o zaman Yaxın Şərqin digər ölkələri də təhlükə altında olacaq, genişmiqyaslı müharibənin başlayacağı istisna edilmir.
Fidan bu açıqlaması ilə Türkiyə-ABŞ münasibətlərində iki əsas problemi formalaşdırırdı. Birincisi ABŞ-nin Suriyanın şimalında YPG-yə dəstəyidir. Onun sözlərinə görə, Türkiyənin buna görə ABŞ-ni günahlandırmaq hüququ var. O xatırladıb ki, Türkiyə 2017-ci ildə həmin ərazilərdə antiterror kampaniyası planlaşdırarkən, Tramp ABŞ hərbçilərini çıxaracağına söz verib, lakin o, vədini yerinə yetirməyib.
Fidan hesab edir ki, Tramp vədi yerinə yetirməli və ABŞ ordusunu Suriyanın şimalından çıxarmalıdır. İkinci problem FETÖ təşkilatının ofisinin fəaliyyəti ilə bağlıdır. Fidan xatırladıb ki, Türkiyə dəfələrlə Gülənin və ona yaxın bir qrup şəxsin ekstradisiyasını tələb edib, lakin qarşılıqlı anlaşma əldə etməyib. İndi Gülən öldüyünə görə ABŞ tərəfi onun təşkilatının öz ərazisindəki ofisini bağlamalıdır, çünki bu şəxslər Türkiyədə silahlı çevriliş cəhdinin təşkilində ittiham olunurlar.
Fidan müsahibənin bir hissəsini Türkiyə-Suriya münasibətlərinə həsr edib. O, Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri vəzifəsində suriyalı həmkarları ilə çoxlu görüşlər keçirdiyini və bir çox həssas mövzuları müzakirə etdiyini açıqlayıb. Fidan Suriya nizamlanması üçün Astana formatını tənqid edib. "Moskvada görüşdülər, sonra Tehranda kəşfiyyatçılar müzakirələr apardılar, sonra hansı nəticəyə nail olduq?”, - deyə Fidan Rusiya-Türkiyə-İran razılaşmaları ilə bağlı bildirib və problemi konkretləşdirib: Suriya rejiminin başçısı Əsədin prezidentimizlə (Rəcəb Tayyib Ərdoğan) üz-üzə problemləri müzakirə etmək və həll yollarına nail olmaq üçün siyasi iradəsi varmı?
Türkiyə xarici işlər nazirinin son müşahidəsindən belə anlaşılır ki, Ankarada İsrailin Suriyada yeni ərazilər ələ keçirə biləcəyindən ciddi narahatlıq var. Avqust ayında YPG Suriyanın həmin bölgəsində "yerli seçki”lər keçirməyi planlaşdırırdı. Türkiyənin israrlı etirazlarından sonra ABŞ-nin müdaxiləsi ilə "seçki”lər təxirə salınıb. Ankara artıq bir neçə dəfə İsrailin YPG-yə dəstək göstərməsinə eyham vurub.
Fidan faktiki olaraq bəyan edib ki, ABŞ Suriyanın şimalındakı YPG-yə dəstəyi dayandırmasa və ya İsrail vasitəsilə eyni siyasəti davam etdirsə, o zaman Türkiyə hərbi əməliyyatlara başlayacaq və Suriya Türkiyə-İsrail proksi müharibə meydanına çevriləcək.
Türkiyə faktiki olaraq ABŞ-nin seçilmiş prezidentinin qarşısında seçim problemi qoyur: ABŞ regionda güc amili olaraq kimə üstünlük verir, Türkiyəyə, yoxsa İsrailə? Fidan qeyd edir ki, Trampın formalaşmaqda olan komandası ilə bağlı ilk təəssürat bunun yəhudiyönümlü olmasıdır, lakin bunun üçün yanvarın 20-nə qədər gözləmək lazım gələcək.
Türkiyə xarici işlər nazirinin qiymətləndirmələrində ABŞ-yə qarşı müəyyən xəbərdarlıqlar səslənir. Bəs Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir?
Şahin Qocayev
Araşdırmaçı-jurnalist