Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sərxoş vəziyyətdə sükan arxasına əyləşən sürücü saxlanılıb.
Hadisə iyunun 20-də gecə saat 03:00 radələrində baş verib. Yol polisi əməkdaşları Əziz Əliyev küçəsində 99-XT-100 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü Ceyhun Ruslan oğlu Mustafayevi "Giriş qadağandır" nişanının tələbini pozduğu üçün saxlayıb.
Araşdırma zamanı məlum olub ki, Ceyhun Mustafayev nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edib və sükan arxasında spirtli içkinin təsiri altında olub. Yol polisi əməkdaşlarının qanuni tələblərinə tabe olmayan sürücü Post-Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində toplanmış materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ceyhun Mustafayev 30 gün müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, C.Mustafayevin sürücülük hüququ bir neçə ay əvvəl törətdiyi digər inzibati xəta ilə əlaqədar məhkəmə qərarı əsasında ləğv olunub. Buna baxmayaraq, o, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməyə davam edib.


























