Vətən müharibəsində qazanılan şanlı Qələbə Azərbaycan xalqının birliyini təcəssüm etdirir

OXUNUB: 355 QHT
Oktyabrın 7-dən start götürən Zəfər forumunun növbəti ünvanı Ağstafa rayonu olub. Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarını təmsil edən şəhid ailələrinin, müharibə iştirakçılarının, şəhər və rayon fəallarının, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən forum Ağstafa Aqrar Sənaye Kompleksində təşkil edilib.

Forumda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və digər rəsmi qonaqlar iştirak ediblər.

Qonaqlar tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Şəhidlər xiyabanını ziyarət ediblər.

Sonra forum iştirakçıları "ASAN Könüllüləri” Təşkilatının "Əsgərə məktub” layihəsi çərçivəsində Vətənimizin keşiyində dayanan əsgərlərimizə məktub ünvanlayıblar.

Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin aparıcısı olduğu forum Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə işə başlayıb.

Tədbiri Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov açaraq, növbəti Zəfər forumunun Ağstafada keçirilməsindən məmnunluq duyduğunu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət nümunələrindən söhbət açıb.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək Müzəffər Ali Baş Komandanın Vətən müharibəsində göstərdiyi əzm, səbir və qətiyyətin xalqımıza ruh yüksəkliyi bəxş etdiyini vurğulayıb. Vətən müharibəsindəki şanlı Qələbənin həm də Azərbaycan xalqının birliyini təcəssüm etdirdiyini deyən V.Quliyev Prezidentin diplomatik cəbhədə də ölkə maraqlarını məharətlə və qətiyyətlə müdafiə etdiyini diqqətə çatdırıb.

V.Quliyev Zəfər forumlarının bütün ölkəni əhatə edəcəyini, qazandığımız Zəfər haqqında yerlərdə insanların, xüsusilə gənc nəslin illər keçdikdə daha dolğun məlumatlanmasına şərait yaradılacağını bildirib. Qeyd edib ki, haqqın şanlı zəfərinə möhür vurmaq hər xalqa, hər dövlətə və hər Prezidentə - Ali Baş Komandana nəsib olmur.

Daha sonra forumda iştirak edən Milli Qəhrəman valideynlərinin, şəhid ailələrinin və müharibə iştirakçılarının çıxışları dinlənilib.

Tədbirdə hərbi vətənpərvərlik musiqiləri ifa olunub, Vətən müharibəsinə aid səhnələr nümayiş etdirilib.

Sonda forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub.

Qeyd edək ki, növbəti forumlar Qusar, Ağdam, İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.
 

RƏYLƏR