Vətəndaş 600 manatlıq fırıldaqla üzləşib, iş polisdədir

OXUNUB: 341 HADİSƏ
Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Məmmədov Nəsimi Mehman oğlu fırıldaqla üzləşib.


AFN.az-a bu barədə məlumat verən N.Məmmədov bildirib ki, iyulun 14-də "turbo.az” saytından 3200 manatlıq "Opel Vectra” avtomobilini almaq üçün bəyənib. 99 SG 262 dövlət nömrə-nişanlı avtomobilin satıcısı ilə əlaqə yaradıb. Sərdar adlı şəxs bildirib ki, Gəncədə xəstəxanadadırlar: "Mənə dedi ki, oğlum Bəhruzla danış, nömrəsini də verdi. Bəhruzla danışdıq, avtomobil haqda məlumat verdi, dedi ki, heç bir problemi yoxdur, xəstəmiz olduğu üçün satırıq. Bəhruz bildirdi ki, Lənkərandan alıcı çıxıb. "Kart göndərmişəm beh ödəyəsidi, əgər sən istəyirsənsə beh göndər sənə verək” dedi. Dedim əgər beh göndərməyibsə problem yoxdur. Atasının nömrəsinin votsapından özünün şəxsiyyət vəsiqəsini, bir də umico kartı göndərdi. Dedi ki, beh at qəbzi göndər. 500 manat istədi, dedim yox, 100 manat atıram, maşını gətir. Onlar Gəncədə idi, dostlarıma dedim gedin maşına baxın. Özünə zəng edəndə ki, gəlib maşına baxacaqlar, dedi mən artıq çıxmışam, Kürdəmirə gəlirəm. 100 manat göndərdim ona, təxminən 1 saat sonra bir dostumla görüşdüm, ona dedim belə məsələ var, dedi birdən aldadarlar səni. Nə ağlıma gəlməmişdi, nə də şübhələnmədim. Bir qədər sonra zəng etdim Bəhruz götürmədi, bir az sonra yenə zəng etdim, götürdü dedi ki, məni polis saxlayıb Kürdəmirdə, çoxlu cərimələrim var. Soruşdum ki, bəs sən cərimələrlə Gəncəyə necə getmisən? Cavab verdi ki, gecə getmişik, polis görməyib, amma indi saxlayıb aparır cərimə meydançasına. Dedim ver polislə danışım, verdi, polis deyilən şəxs özünü təqdim etdi, mən də dedim Məmmədov Nəsimi, təhlükəsizlik xidməti əməkdaşı. Polis dedi ki, mən qardaşa deyirəm sənədlərində heç bir problem yoxdur, amma çoxlu gecikmiş cərimələri var, ya ödənməlidir, ya da cərimə meydançasına getməlidir. Soruşdum nə qədərdir, dedi 496 manat. Oğlanla danışdım, dedim pulu göndərirəm, amma maşının pulundan çıxacam, razılaşdıq. Yenə kartım vasitəsilə 500 manat göndərdim. 15 dəqiqədən sonra bir də danışdım, dedi artıq çıxmışam yola, gəlirəm. Sonra nə qədər zəng etdim cavab vermədi, sonradan telefonuna da zəng çatmadı. Atasının votsapına 23:15-ə kimi mesaj çatdı, yazdım cavab vermədi, ondan sonra o da bağladı. Ondan sonra mən məlumatlar topladım, maşın kimin adınadır, nədir nə deyil. Səhəri gün atası ilə danışdım, xəbərdarlıq etdim, xeyri olmadı”.
N.Məmmədovun sonrakı addımları polisə müraciət etmək olub. O, ilk öncə Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsinə müraciət edib, bildiriblər ki, pulu hardan göndərmisən ora müraciət etməlisən: "Səbayel rayonu 8-ci polis bölməsinə yönləndirdilər, ordan da dedilər onlayn ödənişlər olduğu üçün 9-cu polis bölməsinə yaxınlaşmalısan. Axırı ki, ayın 18-də 102 ilə əlaqə saxladım, onlar da yaşadığım yer üzrə Abşeron rayonuna yönləndirdilər. Ordan zəng etdilər, getdim kapitan Aslan Allahverdiyevlə görüşdüm, müraciətimi etdim, amma görürəm kömək etməyə maraqlı deyillər”.
Məsələ ilə bağlı bütün tərəflərin mövqeyini verməyə hazırıq./afn
 

RƏYLƏR