"Veysəloğlu"da "Heyvagülü" havası: Şirkətlər Qrupu dövlət və istehlakçı marağını "unudub"-ARAŞDIRMA

OXUNUB: 223 GÜNDƏM İQTİSADİYYAT
Azərbaycanın qida sektorunun ən böyük iki şirkətindən biri Veysəloğlu Şirkətlər Qrupudur. Qrup 90-cı illərdən etibarən ölkəyə ərzaq məhsullarının əsas idxalatçılarından, 2000-ci illərdən isə pərakəndə satıcılarındandır. Azərbaycanda ən geniş pərakəndə satış şəbəkələri də bu qrupa məxsusdur: "Araz" supermarketlər şəbəkəsinin təkcə Bakı və Sumqayıt şəhərlərində deyil, Bərdə, Zaqatala, İmişli, Gəncə, Daşkəsən, Quba, Saatlı və Mingəçevir şəhərlərində də marketləri var. Onların sayı 300-ə yaxındır.


Paytaxt Bakıda şəbəkəyə "Favorite" adlı müəssisələr də daxil olmaqla, 41 supermarket, 21 superstore, 38 minimarket, 15 express marketlər daxildir. Bakı ətrafında elə qəsəbə yoxdur ki, şəbəkənin 3-4 satış nöqtəsi olmasın. Məsələn, Buzovna qəsəbəsində şəbəkənin 2 supermarketi, 2 minimarketi var. OBA marketlər şəbəkəsinin isə yalnız Buzovnada 9 filialı fəaliyyət göstərir. Ümumiyyətlə, 2021-ci ilin fevralına Azərbaycanda 900 OBA market fəaliyyət göstərib.

Qrupun internet resurslarında verilən məlumata görə, əsası 1994-cü ildə qoyulan Veysəloğlu Şirkətlər Qrupu "OBA” marketlər şəbəkəsi, "Veysəloğlu” MMC, "V-Trade”, "Vesta-Horeca”, "ARAZ” supermarketlər şəbəkəsi, "ULDUZ” şokolad fabriki, "AVT LOGİSTİCS”, "AVT Construction”, "AVT Nəqliyyat”, "XONÇA” şirniyyat evi, "ENTRÉE Azərbaycan”, "VT (Veyseloglu Turkey)”, "VG (Veyseloglu Georgia)” olmaqla 13 şirkəti biləşdirir. Yəni anlayacağımız, "Veysəloğlu" ölkənin ən iri qida təchizatçılarından biri olmaqla, əhalinin sağlam qidalanmasında başlıca rola malikdir. Hansı ki, bu rol – ərzaq məhsullarının idxalı və pərakəndə satışındakı mühüm payı ehtiva etməklə şirkətin üzərinə çox böyük məsuliyyət qoyur.

Şirkət bildiyini edir

Şirkətlər Qrupunun fəaliyyətinə nəzər yetirsək, onun bu məsuliyyətin fərqində olmadığını, yaxud olmaq istəmədiyini söyləyə bilərik. Bunu istehlakçıların şirkətə məxsus satış şəbəkələrinə bağlı narazılıqlarının gündən-günə artmasından aydınca görmək olur. İstehlakçı narazılığı o həddə çatıb ki, artıq müvafiq dövlət qurumları onu həmişəki kimi qulaqardına vura bilmirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin son iki ildə "Veysəloğlu"nun müxtəlif obyektlərində aşkarladığı pozuntuları çox yumşaq formada da olsa, dəfələrlə ictimailəşdirməsi göstərir ki, istehlakçıların haqlı narazılıqları şirkətin qətiyyən narahat etmir: əks halda, hər 3-4 aydan bir AQTA tərəfindən qida təhlükəsizliyi qaydalarının bu və ya digər "Veysəloğlu" obyektində pozulmasına dair məlumat açıqlanmazdı. Belə görünür ki, "Veysəloğlu" qida təhlükəsizliyi tələblərinə əməl etmək niyyətində deyil, necə deyərlər, "sən nə çalırsan çal, mən "Heyvagülü"nə oynayacam" prinsipi ilə yola davam etmək niyyətindədir.

Uzun illər boyu ölkədə istehlakçı hüquqlarının qorunması sahəsində dövlət nəzarətinin yetərli olmaması da "Veysəloğlu"nun işinə yarayıb: şirkət istədiyi məhsulu rahatlıqla idxal edərək ölkədə satışını həyata keçirib. Lakin AQTA yarandıqdan sonra nəzarət bir qədər güclənib və şirkətin həm idxal etdiyi, həm də özünün istehsal etdiyi məhsulların keyfiyyət göstəriciləri mütəmadi olaraq ictimai müzakirə mövzusuna çevrilməyə başlayıb. Xüsusilə şirkətlər qrupuna məxsus pərakəndə satış şəbəkələrində ("Araz" supermarketlər, "Oba" marketlər) satılan məhsulların keyfiyyəti ilə bağlı məsələ getdikcə daha da kəskinləşir.

Ən çox narazılıq "Araz"dandır

"Veysəloğlu"nun "Araz” supermarketlər şəbəkəsindən istehlakçı narazılıqları ən son AQTA-nın bu ilin yanvar-may ayları üzrə statistikasında əksini tapıb. Belə ki, quruma beş ayda daxil olan 563 istehlakçı şikayəti arasında ən çoxu "Araz supermarket”şəbəkəsindəndir. Ümumi şikayətlərin 146-sı satılan məhsulun keyfiyyətindən, 59-u son istifadə tarixi bitmiş məhsulun satılmasından və sair olub.

Maraqlıdır ki, "Veysəloğlu"nun fəaliyyətinin bütün sahələrində dövlət nəzarət orqanlarının nəzarət tədbirləri pozuntuların aşkarlanması ilə nəticələnir. Məsələn, 2019-cu ildə keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatası qrupa daxil olan "Veysəloğlu Yaycılı Qardaşlar" MMC-ni bir dəfə 111 min 150 avro məbləğində, ikinci dəfə isə 48 min 128 avro 68 cərimə edib. Hər iki halda Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

2019-cu ilin əvvəlində isə məlum oldu ki, Dövlət Vergi Xidməti Veysəloğlu Şirkətlər Qrupuna nə az, nə çox – 2 milyon manat maliyyə sanksiyası tətbiq edib. Buna səbəb olaraq şirkətin külli miqdarda vəsaiti vergidən yayındırdığı göstərilirdi. Həmin vaxt şirkət açıqlama yayaraq vergi orqanının qərarı ilə razılaşmadığını və sanksiyanın ləğv olunması üçün zəruri hüquqi addımları atacağını bəyan etdi. Bir müddət öncə Şirkətə sorğu ilə müraciət edərək sanksiya ilə bağlı hansı nəticənin əldə olunduğuna dair məlumat istəsək də, sorğumuza cavab verilmədi.

Bu günlərdə cərimələndi, amma...

Bir neçə gün əvvəl yayılan məlumata əsasən Fövqəladə Hallar Nazirliyi (FHN) də "Veysəloğlu" Qrupuna məxsus "Araz supermarket” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) cərimə protokolu yazıb. Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. MMC-yə protokol İnzibati Xətalar Məcələsinin 518.1-ci ilə (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə) maddəsi ilə tərtib edilib. Bu xətaya görə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

"Veysəloğlu" Şirkətlər Qrupu idxalatla yanaşı, istehsal və ixracla da məşğul olur. Qrupa daxil olan "Ulduz” şokolad fabrikinin internet resursunda məhsulların 20-dək ölkəyə ixrac olunduğu qeyd edilir. Lakin nə istehsalın həcmi, nə ixracın həcminə dair bir dənə də olsun məlumat açıqlanmır. Eyni qapalılığı qrupun pərakəndə ticarət şəbəkələrindəki satış həcmlərinə münasibətdə də görmək olar. Dünya, hətta Rusiya və digər MDB ölkələrinin praktikasında şəbəkələşmiş ticarət müəssisələrinin illik, aylıq satış həcmlərini açıqlayaraq öz təbliğatında bundan istifadə etdiyini görürüksə, Azərbaycanın ən böyük satış şəbəkəsinə sahib olan "Veysəloğlu"nun praktikasında buna rast gəlmək mümkün deyil. Belə qapalılığın arxasında hansı məqsədlərin dayandığını açıq ifadə etməyə yəqin ki, ehtiyac yoxdur. Bircə faktı qeyd edək ki, vergi orqanlarının kölgə iqtisadiyyatına qarşı apardığı mübarizə ən çox vergidənyayınmanın məhz pərakəndə ticarət sektorunda olduğunu üzə çıxarıb.

Yeri gəlmişkən, "Araz supermarketlər” şəbəkəsinə məxsus marketlərdə işçi heyətin sürətli dəyişimi diqqəti cəlb edir. Bununla bağlı market işçiləri ilə apardığımız söhbətlərdən məlum oldu ki, şəbəkədə əmək haqqı digər şəbəkələrə nisbətən xeyli aşağıdır. Bundan əlavə, əmək müqaviləsində heç verilən aşağı əmək haqqı məbləği də tam qeyd olunmur: 400 manata çatmayan əmək haqqının 40 faizdən çoxu rəsmiləşdirilmir. Yəni şəbəkədə Əmək Məcəlləsinin tələblərinin pozulması halları baş alıb gedir və şirkət bununla külli miqdarda vergi və sosial ödəmələrdən yayınır.

Qoşqar Təhməzli ilə görüşdən sonra...

Aydın görünür ki, "Veysəloğlu" Şirkətlər Qrupu öz fəaliyyətində dövlət və istehlakçı maraqlarını deyil, birmənalı olaraq öz maraqlarını üstün tutmağa davam edir. Bu isə həm dövlətə, həm də əhaliyə zərər vurmaqdır. Müvafiq dövlət orqanlarının "Veysəloğlu"na nə zaman dur deyəcəyini proqnozlaşdırmaq mümkün deyil. Çünki onlar şirkətin fəaliyyətində aşkarladıqları nöqsanlara dair məlumatı belə açıqlamaqdan imtina edirlər. Bir müddət əvvəl AQTA-ya indiyədək "Veysəloğlu" Şirkətlər Qrupuna məxsus müəssisələrdə qida təhlükəsizliyi tələblərinin pozulmasına dair neçə faktın aşkarlandığı, bu faktlarla bağlı hansı məsuliyyət tədbirlərinin həyata keçirildiyinə dair göndərdiyimiz sorğuya "şirkətin kommersiya maraqları” əsas gətirilməklə cavab verilmədi.



Aprel ayında AQTA rəhbəri Qoşqar Təhməzli "Veysəloğlu" Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbovla görüşüb. Bununla bağlı AQTA-nın yaydığı məlumatda qeyd olunur ki, görüşdə ölkəmizdə istehlakçıların sağlam, keyfiyyətli, həmçinin, təhlükəsiz qida məhsulları ilə təmin olunması, habelə bu sahədə istehlakçı hüquqlarının qorunmasının vacibliyi vurğulanıb: "Aydın Talıbov Veysəloğlu Şirkətlər Qrupuna daxil olan bizneslərin fəaliyyətində müştəri məmnuniyyətinin və əhalinin sağlamlığının qorunmasının prioritet olduğunu, müvafiq sanitariya-gigiyena norma və qaydalarına ciddi əməl olunduğunu bildirib”.

Bu görüşdən bir ay sonra AQTA-nın yuxarıda haqqında bəhs etdiyimiz hesabatı açıqlanıb. Yəni "Veysəloğlu" rəhbərliyinin AQTA rəhbərinə müştəri məmnunluğu, keyfiyyətlə bağlı dediklərinin nə qədər reallığa uyğun olduğunu bu fakt açıq şəkildə ortaya qoyur...

Yazıda qeyd edilən məqamlarla bağlı Şirkətlər Qrupundan mövqe almaq istəsək də, son aylarda burada tez-tez baş verən işçi dəyişikliyi səbəbindən mətbuat xidmətini tapa bilmədik. Sorğumuzu şirkətin [email protected] ünvanına göndərdik, lakin üzərindən xeyli vaxt keçsə də, cavab ala bilmədik./afn

RƏYLƏR