Vüqar Rəhimzadə: Müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq

OXUNUB: 310 Özəl SOSİAL
Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləməkdədir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi dahi şəxsiyyətin uzaqgörən siyasətinin nəticəsi olmaqla yanaşı, bugünümüz və gələcəyimiz üçün möhkəm təməlin yaradılmasında stimulverici amil oldu. Bu günlərdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılış mərasimində dövlət başçısı İlham Əliyev bir daha Azərbaycanın enerji sahəsində qazandığı uğurların xronologiyasını təqdim etdi. Bu mühüm məqam diqqətə çatdırıldı ki, dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır.

Enerjiyə olan daxili tələbatını öz imkanları hesabına ödəyən Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri davamlılığı ilə diqqətdədir. Prezident İlham Əliyev fevralın 13-də  "Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bu məqamı diqqətə çatdırdı ki,  stansiyanı  xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik. Bugünkü mərasimdə İtaliyanın şirkətləri və "Made in Italy” naziri iştirak edir. Eyni zamanda, Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcək. Yəni,  bu işlər xarici əməkdaşlıq çərçivəsində görüləcək. Onu da qeyd edək ki,  Prezident İlham Əliyev fevralın 13-də 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və "Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

 Vüqar Rəhimzadə vurğulayıb ki, son illərdə ölkəmizdə  energetika sahəsində çox önəmli addımlar atılıb. Bu addımlardan bəhs edərkən təkcə ötən ildə  bu sahədə görülən işlərə diqqət yetirmək kifayətdir. Belə ki, 2022-ci ilin   yanvar ayında Səudiyyə Ərəbistanını təmsil edən "ACWA Power” şirkəti ilə birlikdə  240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında isə "Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı səsləndirir ki, ölkəmizdə  enerji istehsalının artırılması hər zaman diqqət mərkəzindədir. Əsas hədəf 2030-cu ilə qədər bu rəqəmi 30 faizə çatdırmaqdır.

   YAP Xətai rayon təşkilatının sədri diqqəti  müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminə yönəldərək qeyd edib ki, stansiyanın qısa zaman kəsiyində, 2025-ci ildə  açılışının nəzərdə tutulması da ölkəmizin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. "Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq" söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki,   Mingəçevir hazırda elektroenergetika sahəsində  əsas şəhərimizdir.  Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılıb. Reallıq budur ki,  Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.

Vüqar Rəhimzadə, həmçinin bu məqamı da vurğulayıb ki, sözügedən stansiyanın təməlinin qoyulması ilə  Mingəçevir şəhərinin  nəinki Azərbaycanın, eyni zamanda, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Təxminən 1300 meqavat gücündə olan stansiya ölkəmizin  potensialını daha da gücləndirəcək. Yeni elektrik stansiyası Azərbaycanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.  Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatını ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın hər bir layihəni uğurlu sonluqla başa çatdırdığını, hədəflərə yüksək səviyyədə nail olduğunu diqqətə çatdırıb. Bu uğurlarımız Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Sözügedən stansiyasının tikintisində İtaliya şirkətinin iştirakı əməkdaşlığmızın hazırkı səviyyəsinin aydın mənzərəsini yaradır. Nəzərə alaq ki, Azərbaycanla İtaliya arasında əməkdaşlığın  əsas göstəricilərindən biri  2020-ci ilin sonunda uğurla başa çatan TAP layihəsidir. Ümumilikdə  ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq ənənəvidir. Bu əməkdaşlıq işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyev İtaliya şirkətlərinin bu işlərdə fəaliyyətini yüksək dəyərləndirir.

Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi möhkəmlənən mövqeyi bu hədəfi də  böyük əminliklə qeyd etməyə əsas verir ki,  neft və qaz layihələri kimi, Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq. Bu məqsədlə keçən ilin dekabr Buxarestdə imzalanan "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i xüsusi qeyd etməliyik.

Vüqar Rəhimzadə diqqəti həm də bu məqama yönəldib ki, bərpa olunan enerji mənbələrinə investisiyaların  yatırılması əsas çağırışlardandır. Azərbaycan bu sahədə də böyük potensiala malikdir.  Ölkəmizdə mövcud olan siyasi sabitlik şəraitində günəş, külək, su mənbələrindən istifadə alternativ enerji istehsalını artırır. Bu sahədə zəngin təcrübə qazanan ölkəmizə artan maraq atılan addımlarda özünün aydın ifadəsini tapır.

RƏYLƏR