Vüqar Rəhimzadə: Xalqımız növbədənkənar prezident seçkilərində Qalib Prezidentinə səs verməklə daha böyük hədəflərə doğru inamla addımlayacaq

OXUNUB: 441 Özəl SİYASƏT
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən  genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi və bu qərarın yekdilliklə qəbulu milyonların sevgisini, xalqın inamını, etimadını özündə əks etdirən addım kimi dəyərləndirildi

Bu gün tarixi Zəfərimizin  reallıqlarını yaşayırıq. Hansı sahəyə nəzər salsaq bu reallıqların diktə etdiyi yenilikləri, təkmilləşməni görürük. Bu gün ölkəmiz növbədənkənar prezident seçkiləri ərəfəsindədir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixində növbədənkənar prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən  genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi və bu qərarın yekdilliklə qəbulu, eyni zamanda, milyonların sevgisini, xalqın inamını və etimadını özündə əks etdirən addım kimi dəyərləndirildi. Növbədənkənar prezident seçkilərini, cənab İlham Əliyevin yekdilliklə  Prezidentliyə namizəd irəli sürülməsini şərtləndirən amillər, təbii ki, bugünkü reallıqlarımızdır.

2003-cü ildən başlanan Böyük Yolun davamı Azərbaycanı tarixi Zəfərinə qovuşdurdu. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev böyük inamla və  uğurla ölkəmizi  strateji hədəflərə doğru aparır. Bu siyasi kursun müəyyənləşdirdiyi yol xəritəsi güclü iqtisadi potensialın formalaşdırılmasını, müasir cəmiyyət quruculuğunu, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətində olan Silahlı Qüvvələrin yaradılması və inkişafını, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin genişləndirilməsini və bütün bunların son hədəfi kimi Azərbaycanın müstəqil siyasətini, ərazi bütövlüyünün və suverenliyinin bərpasını nəzərdə tuturdu. Ötən 20 ilin uğurlarının təhlili fonunda böyük əminliklə və qürurla qeyd edə bilərik ki, Heydər Əliyev siyasi kursuna əsaslanan hər bir vəd konkret əməli işə söykənir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki,  Prezident İlham Əliyev son 20 ildə Azərbaycanın strateji inkişaf konsepsiyasını uğurla həyata keçirir. Sözügedən konsepsiyaya uyğun olaraq iqtisadi tərəqqi hər bir inkişafın əsası kimi dəyərləndirilərək bu sahədə biri-birindən əhəmiyyətli addımlar atılır. Bu müddətdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət Proqramı qəbul olunub. Ötən dövrdə ölkədə yüzminlərlə  yeni iş yeri açılıb, işsizliyin və yoxsulluğun səviyyəsi minimuma endirilib, sahibkarlığın və bütövlükdə özəl sektorun inkişafı diqqət mərkəzində saxlanılıb. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin uğurla reallaşdırılan strateji enerji siyasəti diplomatik münasibətlərdə mühüm amil  kimi çıxış edib və xarici ölkələrin iqtisadi maraqları bizim milli dövlətçilik mənafelərimizlə tam uzlaşdırılıb. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ardınca  Azərbaycan təşəbbüsçüsü və təşkilatçısı olduğu Cənub Qaz Dəhlizini, onun əsas seqmentləri olan TANAP, TAP kimi nəhəng  enerji layihələrini icra edib. 2017-ci ildə "Yeni əsrin müqaviləsi”nin imzalanması ilə Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Sazişin müddəti 2050-ci ilə qədər uzadılıb. Azərbaycanın enerji sektorunda əldə edilən gəlirlərin düzgün istiqamətləndirilməsi və onun xərclənməsində şəffaflığın təmin edilməsi məqsədilə yaradılan Dövlət Neft Fondunda toplanılan vəsaitlərin hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bütün bunlar da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını təmin edir. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında qərarlaşıb. Ölkəmiz beynəlxalq maliyyə qurumlarının hesabatlarında rəqabətqabiliyyətliliyini qoruyan iqtisadiyyata malik olması ilə liderliyini qoruyur. Təbii ki,  bütün  bunlar Prezident İlham Əliyevin müəllifi olduğu və uğurla  reallaşdırdığı təkmil iqtisadi inkişaf modelinin nəticəsidir.

   YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki,  Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Məhz bütün bunların sayəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı, arzuolunan tərəfdaş kimi böyük nüfuz sahibi olub.  Eyni zamanda, Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanıb. Belə bir fakt da qürurvericidir ki, bu gün ölkəmiz müxtəlif mövzularda beynəlxalq əhəmiyyətli mötəbər tədbirlərin yüksək səviyyədə təşkili və keçirilməsi  üçün ideal məkan kimi qəbul olunur. Bunu sübut etmək üçün təkcə Azərbaycanın son zamanlar ev sahibliyi etdiyi və ya fəxri qonaq qismində qatıldığı mötəbər beynəlxalq  tədbirlərin xronologiyasına diqqət yetirmək kifayətdir.

   Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin müdrik şəxsiyyət kimi təqdimatını milli-mənəvi dəyərlərə bağlılıq, müstəqillik ideyalarına sadiqlik, azərbaycançılıq məfkurəsinə ali münasibət, Vətən və xalq sevgisi tamamlayır. Xalqımız dünyanın ən xoşbəxt xalqıdır ki, Azərbaycan müasir tarixinin çox qısa bir zaman  kəsiyində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında  öz müstəqil dövlətini qurdu və bu gün dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin parlaq Liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil ölkəmizin firavan gələcəyinə uzanan Zəfər yolunu inamla davam etdirir.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki,   dünya  44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın, onun Liderinin prinsipial mövqeyinin bir daha şahidinə çevrildi. Dünya ictimaiyyəti bir daha belə bir reallığın şahidi oldu ki, 30 il davam edən  işğal dövründə güclənən, qüdrətlənən  Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın və dövlətin maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən cənab İlham Əliyev kimi yenilməz Lideri var və Xalq-Lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır. Məhz bu faktorların sayəsində Vətən müharibəsində qazanılan parlaq Qələbə Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünü bütün dünyaya nümayiş  etdirdi.  Bu Qələbə milli həmrəyliyi daha da möhkəmləndirdi. Azərbaycan xalqını Qalib xalq kimi dünyaya təqdim etdi.

Vüqar Rəhimzadə bildirib ki, şübhəsiz, 20 ilin uğurlarını, cənab İlham Əliyevin Prezidentliyə namizədliyini şərtləndirən amilləri bir açıqlama çərçivəsində  tam şəkildə əhatə etmək mümkün deyil. Bu baxımdan ki, onların miqyası o qədər genişdir ki, sadalamaqla bitməz. Tarixi proseslər sübut edir ki, dövlətinə, xalqına xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən Lider hər zaman dövrün tələblərinə uyğun islahatları ilə  davamlı uğurları təmin etməyi bacarır. Son 20 ildə titanik  fəaliyyəti ilə belə bir Lider olduğunu  sübut edən dövlət başçısı İlham Əliyev özünün də dediyi kimi, xalqımızın gələcəyi ilə bağlı "Nəyi, nə vaxt və necə etməyi” çox gözəl  bilir. Bu baxımdan növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı dövlət  başçısının Sərəncamı da özündə mühüm məqamları, çağırışları ehtiva edir. Təbii ki, bütün vədlərin, vəzifələrin icra edilməsi növbəti dövrün hədəflərinin müəyyənləşdirilməsini bir zərurətə çevirir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi ilə 2018-ci il prezident seçkilərindən sonrakı dövrün hədəflərinin reallığa çevrildiyi bir daha  təsdiqlənir. Xalqımız 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərində yenidən Qalib Prezidentinə yekdilliklə səs verməklə daha böyük hədəflərə doğru inamla addımlayacaq. Novbəti mərhələ Böyük Qayıdış Proqramının uğurla başa çatması, həmçinin Qərbi Azərbaycana qayıdışımızla çoxəsrlik tariximizə yeni Zəfər salnaməsi kimi yazılacaq.
 

RƏYLƏR