Vüsal Quliyev: “Dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır”

OXUNUB: 731 SOSİAL

Vüsal Quliyev: "Dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır”
 
 
Bu sözləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Şəmkir rayonunda keçirilən "QHT-hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları” adlı regional konfransda bildirib.
V.Quliyev Azərbaycanda vətəndaş cəmiyyətinin sürətlə inkişaf etdiyini qeyd edərək,  son on ildə QHT-dövlət əməkdaşlığının daha yüksək səviyyəyə qalxdığını diqqətə çatdırıb. Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunmasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına mühüm təkan verdiyini vurğulayıb.
O, Azərbaycan dövlətinin ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verdiyini, ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi bazanın mövcud oluğunu bildirib.
Şura sədrinin müavini əlavə edib ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və milli maraqlarının təmin olunması dövlətlə QHT-lər arasında münasibətlərin daim müasirləşdirilməsini, onların fəaliyyətinin stimullaşdırılmasını zəruri edir.
V.Quliyev milli donor institutunun fəaliyyətinə də toxunaraq, ölkədə qeyri-hökumət təşkilatlarının təşəbbüslərini dəstəkləmək üçün maliyyə resurslarının mövcud olduğunu diqqətə çatdırıb. O, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Gənclər və İdman, Mədəniyyət və Turizm, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən hər il yüzlərlə QHT təşəbbüsünün dəstəkləndiyini vurğulayıb. Qeyd edib ki, dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır. Bu da öz növbəsində imkan verir ki, hər bir ölkə vətəndaşı cəmiyyət həyatında fəal iştirak etsin, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyəti təşviq edilsin, onlar sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunsun, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən tədbirlər həyata keçirsinlər. 
 

İcmal.Az

RƏYLƏR