Sentyabrın 7-də "İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Xaçmazda "Gənclərin Media Savadlılığının Artırılması” düşərgəsinin icrasına başlanılıb.
7News.Az xəbər verir ki, düşərgənin ilkin tanışlıq görüşündə layihənin əsas istiqamətləri, düşərgə çərçivəsində baş tutacaq fəaliyyətlərlə bağlı məlumatlar diqqətə çatdırılıb. Bildirilib ki, layihə çərçivəsində ümumilikdə 60 gəncin iştirakı ilə "Komanda quruculuğu”, "Rəqəmsal Marketinq”, ”Feyk nyusla mübarizə”, "Karyera yolunda rəqəmsal toxunuşlar”, eləcə də müxtəlif mövzularda təlim sessiyalarının keçirilməsi planlaşdırılır. Həmçinin düşərgə müddətində tanınmış media mütəxəssisləri ilə görüşlər baş tutacaq.
"Gənclərin Media Savadlılığının Artırılması” layihəsinin əsas məqsədi gənclərin media sahəsində bilik və bacarıqlarını artırmaq, həmçinin rəqəmsal transformasiya dövründə kommunikasiya vasitələrindən düzgün və aktiv şəkildə istifadəni təbliğ etməkdir. Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilir.