Xanlar Vəliyev şifrələri açdı – hərbi prokurorun dövlətə meydan oxumasının SENSASİON səbəbləri

OXUNUB: 368 TƏHLİL
Adı "Tərtər işi”ndə əsas fiqur kimi keçən Hərbi prokuror Xanlar Vəliyev açıqlama verib. O, Manset.az saytına müsahibəsi zamanı Milli Məclisin iclasında barəsində səsləndirilən tənqidlərə özünəməxsus şəkildə cavab verib.

Hərbi prokurorun dediklərindən sitat:

"Bu barədə kimlər danışırsa, hansı deputatlar məni ittiham edirsə, onlardan soruşun, heç nədən xəbəri olmadan, başı bir şeydən çıxmadığı halda niyə danışır?”

"Mənim dediklərimi təhrif edirlər. Mən "Tərtər işi”ni "nağıl” adlandırmamışam. Mən nağıl onu demişəm ki, mənə suallar verirdilər ki, hərbi prokurorluq əməkdaşları hərbçiləri döyürlər, incidirlər, işgəncə verirlər, mən bunu nağıl adlandırmışam. Heç kəs deyə bilməz ki, hərbi prokurorluq əməkdaşları mənə təzyiq edib, döyüblər. Heç prokurorluq əməkdaşları kimisə təhqir də etməyiblər. Bu ola da bilməz.”

"Mən niyə üzr istəməliyəm?! Hansı səbəbə?! Kim bunlar barədə danışır ondan soruşun niyə? Heç nədən xəbəri olmadan danışanlara sözüm yoxdur. Sağ-salamat olsunlar.”
 

X.Vəliyev bu sözlərlə özünü müdafiə edib, ya hücuma keçib? Hər ikisi var. Milli Məclisin tribunasından ona qarşı irəli sürülən ittihamlara cavabı çox maraqlıdır. Barəsində tənqid səsləndirən deputatlara "heç nədən xəbəri olmayan”, "başı bir şeydən çıxmayan” ifadələri ilə cavab verib. Əcəba, Xanlar müəllimi ürəkli davranmağa, belə sözləri deməyə kim, nə vadar edir? Bu bir revanşdırmı? General son döyüşəmi hazırlaşır? Yoxsa onun himayədarları belə davranmağı lazım biliblər?

Əslində, indi top Milli Məclisdədir. Ölkə parlamentinin rəhbərliyi, X.Vəliyevlə bağlı çıxış edən deputatlar hərbi prokurorun onlara ünvanladığı "heç nədən xəbərləri yoxdur”, "başları bir şeydən çıxmır” sözlərini udacaqlar, yoxsa cavab verəcəklər?

Xanlar Vəliyev jurnalistin sualına cavabında deyib ki, heç kimdən üzr istəməyəcək. Xatırladaq ki, Milli Məclisin iclasında deputat Zahid Oruc Zakir Qaralova, Xanlar Vəliyevə səslənərək demişdi ki, "Tərtər işi”ndə buraxdıqları nöqsana görə bu işdə zərər görənlərdən və Prezidentdən üzr istəsinlər. Budur, Xanlar Vəliyev ortaya mövqe qoyur: "üzr istəməyəcəm” deyir.
Hərbi prokurorun açıqlamasında diqqəti çəkən əsas məqamlardan biri də deputatlara ünvanlandığı "heç nədən xəbərləri yoxdur” ifadəsidir. Xanlar Vəliyev açıq mesaj verib, təxminən belə deyir: "Mövzu daha dərindir, bu işdə başqa şəxslərin, yüksək rütbəli məmurların günah və məsuliyyət payı mənimkindən çoxdur”.

Ardınca da "başı bir şeydən çıxmayan” sözü gəlir. General bundan açıq nə desin? Adam aydın şəkildə söyləyir ki, o yan-bu yan edərsiniz, danışaram, açaram sandığı, tökərəm pambığı.

X.Vəliyevin sözlərinin tərcüməsi təxminən belədir: "Nə boş-boş danışırsınız?! Bu işin müəllifi, təşkilatçısı mən deyiləm. Gedin əsl günahkar(lar)ı ittiham edin”.

"Üzr istəməyəcəm” deməsi də buna bağlıdır. "Üzr istəyəcək adam mən deyiləm, başqalarıdır” – bu cür anlaşılır onun sözləri.

Bu açıqlamanı Xanlar Vəliyevin revanşı da adlandırmaq olar. Həm də "Əlim güclüdür” demək istəyir. Bir yandan da narahat olduğu hiss edilir.

Ümumiləşdirdikdə belə qənaətə gəlmək olur ki, qarşıda maraqlı və gərgin proseslərə şahidlik edəcəyik. Sıradan çıxarılmaqda olan böyük bir klan ömrünü başa vurmaq ərəfəsində dövlətin iradəsinə müqavimət göstərir. Bunu həm də yaşama instinkti də adlandırmaq olar. Mesaj verirlər ki, asanlıqla təslim olmayacaqlar.

Yaxud su boğaza dirəndikdə, hər kəs bir-birini ayağının altına qoymağa hazır görünür./Globalinfo.az

RƏYLƏR