Xədicə İsmayılın mükafat monopoliyası -Jurnalist medianı və partiyaları niyə sabotaj edir? - ARAŞDIRMA

OXUNUB: 1939 Seçilmiş Önəmli Özəl
İCMAL.az xəbər verir ki, Jurnalist Xədicə İsmayıl son zamanlar yeni qalmaqalları ilə gündəmə gəlib. Amma Xədicə  xanımın bu dəfə hədəfi nə hakimiyyətdir, nə də məmurların biznesi. Müxalifətin və müstəqil medianın "xaç anası" kimi davranan Xədicə İsmayıl indi jurnalistlərin özünə hücuma keçib. Onun son günlər "Turan" İnformasiya Agentliyinin əməkdaşı Hafiz Babalı barəsində  "facebook" sosial şəbəkəsində yazdığı fikirlər mövqeyindəki dəyişikliyi bir daha təsdiq  edir. Məqsədimiz Hafiz Babalını müdafiə etmək deyil. Amma Xədicə İsmayılın Hafiz Babalıya yağdırdığı təhqirlər, atdığı daşlar Azərbaycanın bütün tənqidi mediasına dəyir. Yəqin ki, mətbuatın və müxalifətin Qərblə əlaqələrində monopoliya yaratmağa çalışan Xədicə xanım bunların yaxşı fərqindədir. Ona görə də Hafiz Babalı xarici fondlardan davamlı mükafatlar alan Xədicə İsmayılın əslində, Azərbaycan jurnalistikasının qarşısında bir çəpər olduğunu yazıb: "Sanki Azərbaycanda və bəlkə də dünyada başqa bir söz və mətbuat azadlığı uğrunda, korrupsiyaya qarşı mübariz yoxmuş kimi, çoxumuzun adını ilk dəfə eşitdiyimiz bütün mükafatlar ona - Xədicə İsmayılovaya verilir. Nədir bu zəfər yağışının səbəbi? Nədən hamı sözü bir yerə qoyubmuş kimi ödülləri ona təqdim edirlər? Cavab çox sadədir. Həbsinədək hakimiyyətin korrupsiyasından əcnəbi həmkarları ilə müştərək bir neçə məqalə yazmış Xədicə xanımın özü də indi "beynəlxalq mükafat korrupsiya sxeminin" ulduzuna çevrilib. Hazırda Xədicə İsmayılova bir mükafatın istisindən azad olmamış o birini yaşayır. Bəziləri deyir ki, onun uğuru Azərbaycanda jurnalistikanın inkişafına təkan verəcək, yeni-yeni peşəkar jurnalistlərin yetişməsinə yol açacaq. Mən isə başqa fikirdəyəm: nə qədər ki, Xədicə və xaricdə ona dəstək verən dostları var, bunu gözləməyinə dəyməz. Çünki özü demişkən, bütün həmkarları adından mükafatı o alacaq".
Qeyd edək ki, vəzifəli şəxslərin gizli biznesinə dair bir çox araşdırma məqalələrin müəllifi olan Hafiz Babalı təbii ki, mükafatlandırma prosesinə daha yaxından bələddir. Onun belə bir açıqlama verməsi də görünür, məhz qeyri-obyektivliyin şahidi olması ilə bağlıdır. Fakt qarşısında qalan Xədicə İsmayıl isə qarşısındakına kobud, təhqiramiz cavablar verməklə vəziyyətdən çıxmağa çalışır. Hətta xanım jurnalist yalnız Hafiz Babalını deyil, mühacirətdə olan media nümayəndələrini qorxaq, "başdanxarab" adlandırmaqla özünün qəhrəman obrazını yaratmağa çalışır. Bununla da Xədicə İsmayıl sübut etməyə çalışır ki, başqa jurnalistlər Azərbaycandan "qorxub qaçdığı", özü isə ölkədə qaldığı üçün pul mükafatları da ona çatmalıdır. Ancaq Xədicə İsmayıl bu həqarəti yağdırmazdan öncə bir suala da aydınlıq gətirsə daha yaxşı olar. Xədicə xanım xaricə gedə bilsə və onun barəsində belə ittihamlar səslənsə hansı reaksiyanı verərdi? Şübhəsiz ki, tam əks mövqe sərgiləyərdi. Deməli, Xədicə İsmayıla  bu gün ölkədən çıxa bilməməsi sərf edir. O, Azərbaycanda qalmaqla özünün tənqidi medianın yeganə, əzabkeş və əvəzolunmaz təmsilçisi obrazını  yaradır. "Xaç anası"nın razılığı olmadan sanki heç bir jurnalist mükafat ala bilməz. Hər bir jurnalist onun xeyir-duası ilə "peşəkar", "araşdırmaçı" adlarını qazanıb, mükafata layiq görülə bilər. Ona görə də Xədicə İsmayıl jurnalistlərlə yanaşı xarici fondları da hədəfə alıb. Xanım jurnalist iddia edir ki, "Fritt Ord" Fondunun "Meydan TV"-nin Almaniyadakı əməkdaşlarına mükafat verməsi səhv addım olub. Xədicə İsmayılın məntiqinə görə, "Fritt Ord" Fondu yalnız onun yaxın olduğu və ya məsləhət bildiyi jurnalistlərə mükafat verməlidir. Onun icazəsi olmadan "Fritt Ord" Fondu  başqa  heç bir jurnalisti və ya media qurumunu mükafatlandıra bilməz. Burada da Xədicə İsmayılın mükafat inhisarçılığı özünü açıq büruzə verir. Sentyabrın 29-da Xədicə İsmayıl "Korrupsiyaya qarşı mübarizədə əməyinə" görə "Allard" mükafatına layiq görülüb. Əlbəttə, Xədicə xanımın Azərbaycanda iri miqyaslı korrupsiya faktları ilə bağlı araşdırmalarını danmaq mümkün deyil. Amma Azərbaycanda Xədicə İsmayıldan başqa korrupsiyaya qarşı mübarızədə heç kimin əməyinin olmadığı qənaətini yaratmaq təzyiqlərə məruz qalan, həbs edilən digər jurnalistlərə qarşı təhqirdir.
Xədicə İsmayıl artıq xeyli dəyişib və indi adı daha çox maliyyə qalmaqallarında çəkilir. Araşdırmaçı jurnalist artıq yalnız peşə həmkarlarına qarşı deyil, siyasi təşkilatların maliyyə qaynaqlarına da əl uzadır. Xatırladaq ki, bir müddət öncə Xədicə İsmayıl xarici diplomatlardan birində keçirdiyi görüşdə REAL Hərəkatının elektoratının və cəmiyyət arasında nüfuzunun aşağı olmasını əsas gətirərək bu təşkilata ayrılacaq vəsaitlərin "itiriləcək investisiya” olduğunu deyib. Yayılan məlumatlara görə, buna səbəb REAL-ın xarici fondlar vasitəsilə əldə etdiyi gəlir siyahısında Xədicə İsmayılın adının olmamasıdır. Xədicə İsmayıl AXCP-nin də maliyyə mənbəyinin müəyyənləşməsində rol almaq istəyir. Onun bu hərəkəti son dövrlər AXCP rəhbırliyi ilə münasibıtlərinin pozulmasına gətirib çıxarıb.
Bir sözlə, Xədicə İsmayıl daha asan gəlir yolu tapıb. O, medianın və partiyaların mühasibi olmaq iddiasını açıq şəkildə ortaya qoyur. Bu təşəbbüsə qarşı çıxanları isə sosial şəbəkələr və beynəlxalq şəbəkələr vasitəsilə sabotaj edir. 
Mövzunu davam etdirəcəyik.

İCMAL.az

<!-- Clip_XXXX_171002_152634_896 -->

RƏYLƏR