“Yanmış uşaqlar”ın işi ilə bağlı yeni faktlar: İmitasiya mümkündür

OXUNUB: 800 DÜNYA

Rusiya mətbuatı Nijne-Novqorod şəhərində azyaşlı uşaqların xüsusi amansızlıqla öldürülməsi ilə bağlı yeni faktlar açıqlayıb. 

İcmal.Az xəbər verir ki, ötən həftə Nijne-Novqorod məhkəməsi 27 yaşlı Yelena Kərimovanı dörd yaşlı qızı və iki yaşlı oğlunu öldürmə ittihamı ilə həbs edib. 

Ehtimal olunur ki, qadın uşaqları əvvəlcə boğub, daha sonra izi itirmək üçün onları yandırıb. 

Kərimova öz hərəkətlərini dəqiq izah edə bilməyib. O deyib ki, uşaqları onları böyütməkdən bezdiyi üçün öldürüb. 

"Life” yazır ki, ilk növbədə qadın psixoloji müayinədən keçəcək. Bu, qadının sağlamlığına dair sualları cavablandırmaqda kömək olacaq. 

Kərimovanın yaxınlarının fikrincə, o, uşaqlarını çox sevib və bu hadisəni törədə bilməz. Onlar əmindilər ki, bu hadisəni hazırda axtarışda olan Kərimovanın keçmiş həyat yoldaşı və uşaqların atası olmadan çözmək mümkün deyil. 

Dəhşətli tapıntı

Nijeqorod vilayətinin Semenovsk rayonun Osinki kəndinin sakinləri aprelin 26-da istifadəyə yararsız tikilinin yanması ilə bağlı yanğınsöndürmə idarəsinə məlumat veriblər.

Yanğın söndürüləndə onlar dəhşətli hadisənin şahidi olublar. Burada yanmış uşaq cəsədləri aşkar edilib. 

Hadisə yerinə gələn təhqiqatçılar uşaqların yanğından əvvəl öldürüldüyünü bildiriblər. 

İstintaq komitəsi faktla bağlı cinayət işi açıb, uşaqların valideynlərini və şahidləri axtarmağa başlayıb.

Əməliyyatçılar bir müddət sonra uşaqların anasını həbs ediblər. İlk dindirilmə zamanı o, hadisəni etiraf edib.

2018-ci il aprelin 25-i səhər saatlarında Kərimova qızı və oğlu ilə birlikdə kirayəyə götürdüyü "KİA Rio” markalı avtomobilə əyləşib. Bundan sonra o, azyaşlıları boğub və izi itirməklə bağlı düşünüb. 

O, yaxınlıqdakı benzindoldurma məntəqəsinə gedərək, yanacaq alıb, Semenovsk rayonunun Şaldej kəndinə yollanıb. Orada uşaqları yandırmaq istəyərkən meşə gözətçiləri tərəfindən tutula biləcəyini görüb və ərazidən uzaqlaşıb. 

Növbəti gün o, uşaqları Osinki kəndindəki istifadəyə yararsız tikilidə yandırıb.

Motivlər

Qadının hadisəni törətmə səbəbləri məlum deyil. Kərimova deyib ki, ərindən ayrıldıqdan sonra maliyyə problemi yaşayıb, işləyə bilməyib və bu səbəbdən hadisəni törədib. 

Kərimovanın 2016-cı ilədək külli miqdarda krediti olub. 2016-cı ildə kreditlərini gecikdirdiyi üçün bank tərəfindən qadından borcun məcburi tutulması ilə bağlı icra vərəqəsi hazırlanıb. 

Məlum olub ki, onun həm Moskvada, həm də Nijne-Novqorodda mənzili var. O, kosmetik məhsulların internet üzərindən satılmasını təşkil edib. 

Kərimovanın sosial şəbəkə hesablarında qəribə heç nə yoxdur. O, azyaşlılarla şəkillərini paylaşaraq, onları sevdiyini yazıb. 

"İdeal ana”

Yaxınları Yelena Kərimovanın azyaşlıların ölümündə günahlandırılmasını yanlışlıq hesab edirlər. Onlar yorulmadan Yelenanın övladlarını çox sevdiyini təkrarlayırlar:

"Yaxşı anadır, övladlarını sevirdi. Ona böhtan atırlar. Bəs nəyə görə?”

Maraqlıdır ki, onlar uşaqların atası ilə bağlı sualdan qaçırlar. 

"Ata haqqında heç nə bilmirik. Oğlan atasını xatırlamır. Onun iki yaşı var. Qız isə ana və nənəsi haqqında danışır, atası haqqında heç nə demir”, - Yelenanın qonşusu Mariya deyib. 

Yaxınlarının sözlərinə görə, Kərimovanın əri Azərbaycan əsillidir və Ukrayna vətəndaşıdır. Onlar iddia edirlər ki, həmin şəxs Yelenaya böhtan atmağa çalışır. 

İcmal.Az

RƏYLƏR