YAP-ın təşkilat sədri necə oliqarxa çevrilib? - Seyidov–Abutalıbov-Abbasov ittifaqının gizlinləri

OXUNUB: 869 GÜNDƏM HADİSƏ
Bugünlərdə yaradılmasının 30 illiyini qeyd edən Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarında müxtəlif yollarla varlanmış, hətta oliqarxlaşmış şəxslərin olduğu sirr deyil.

"Gununsesi.info” saytı belələrindən birinin – uzun illərdir YAP Suraxanı Təşkilatının sədri vəzifəsini daşıyan Vüqar Seyidovun topdağıtmaz var-dövləti ilə bağlı araşdırma aparıb.

Sayt qeyd edir ki, YAP Siyasi Şurasının üzvü olan V.Seyidov uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbovun qardaşı Osman Abutalıbovun kürəkənidir. Bu qohumluq YAP-ın rayon təşkilatı sədrinin oliqarxa çevrilməsində mühüm rol oynayıb.

Belə ki, Vüqar Seyidov 14 il Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olmuş, hazırda Şirvan rayonuna başçılıq edən İlqar Abbasovla birlikdə rayonun gəlirli sahələrinə əl qoyub, nəticədə, dəyəri on milyonlarla dollarla ölçülən daşınmaz əmlaka, ayda yüz minlərlə gəlir gətirən biznesə sahib olub.

Sayta məlumat verən mənbə V.Seyidovun milyonluq əmlaklarının bəziləri haqda məlumat verib.

Bildirib ki, məsələn, Nizami rayonu, 8-ci km. yaşayış sahəsi, M.Abbasov küçəsi 2 ünvanında yerləşən, ümumi sahəsi 809.82 kv.m olan 4 mərtəbəli ofis binası ona məxsusdur. Cənab Seyidov bu qiymətli əmlakı həyat yoldaşı Reyhan Seyidovanın adına sənədləşdirib. 

Bundan başqa Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi 70 f ünvanında yerləşən, ümumi sahəsi 506 kv.m olan kafe-çayxana, "Yaşıl Ada Uşaq Bağçası MMC” də V.Seyidovun həyat yoldaşı Reyhan Seyidovanın adına olan əmlaklardır.

Mənbə bildirib ki, Qaraçuxur qəsəbəsində yerləşən "Qədim Qarabağ” restoranı da YAP təşkilat sədrinin biznes imperiyasına daxildir.

Məlumata görə, Vüqar Seyidov tikinti sektoruna da baş vurub, mənbə bildirib ki, hazırda 21 yaşayış binasının tikintisi üçün hazırlıqlar gedir. YAP-ın yerli sədri eyni zamanda Nərimanov və Nəsimi rayonları ərazisində hündürmərtəbəli binalar tikdirib.

Cənab Seyidovun bahalı maşın həvəskarı olduğu da verilən məlumatlar sırasındadır. Mənbə bildirib ki, onun avtomobil kolleksiyasına "Range Rover”, 77-ZZ-776 nömrəli son model "Toyota Land Cruiser”, "Mercedes Benz Maybach” və s. lüks modellər daxildir.

Vüqar Seyidovun qayınatası Osman Abutalıbov da böyük biznes sahibidir. Belə ki, o 2009-cu ildə Türkiyədə "Baytaş Su və Meşrubay Pazarlama Sanayi Ticarət Limited” şirkətində 16,7 faiz pay alıb. 2010-cu ilin mayında əvvəlcə şirkətin adı (Nida Su və Meşrubat Pazarlama Sanayi Ticaret Limited), oktyabrda isə payçıları dəyişib. Abutalıbov onu tamamilə Azərbaycan kapitallı şirkətə çevirərək sahiblənib. Dekabrda şirkət İstanbuldan Sakarya bölgəsinə – Sapancaya köçürülüb. 

Mənbə bildirir ki, burada Osman Abutalıbovun və ortaqlarının 14 min kv.metrdən çox daşınmaz əmlakı olub. Amma 5 il sonra – 2015-ci ilin sonunda ortaqlar qəflətən şirkətin ləğv edilməsi haqda qərar qəbul ediblər.

RƏYLƏR