"Memarlıq və Şəhərsalma İli” çərçivəsində "Ekoloji İnformasiya” İctimai Birliyinin təşkilatçılığı ilə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində "Yaşıl şəhər: Təbiətlə memarlığın harmoniyası” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Vüsal Bayramov, Şuranın katibi Əhliman Hümbətov, Şura üzvü Bəkurə Ağayeva, 9 saylı ETSİ-nin sektor müdiri İsrafil Paşayev, "Aran TV”nin direktoru Rafiq Hüseynov, "Ekoloji İnformasiya” İctimai Birliyinin sədri Musa Muradlı, kollecin müəllim və tələbə heyəti iştirak ediblər.
Tədbiri Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev açaraq tədbirin əhəmiyyətindən danışıb. Ardınca şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçılarına mövzu ilə bağlı videomateriallar nümayiş etdirilib. Şəhərsalma və memarlıqda ekoloji yanaşmaların əhəmiyyəti, yaşıllıqların qorunması, təbii sərvətlərdən səmərəli istifadə və insan üçün sağlam, təhlükəsiz və dayanıqlı şəhər mühitinin yaradılması məsələləri diqqət mərkəzində olub.
Tədbirin fərqli məqamlarından biri də mövzunun tələbələr tərəfindən təqdim olunması olub. Kollecin tələbələri aparıcı qismində tədbiri idarə edib, mövzuya uyğun ara çıxışlar hazırlayıblar. Şeir və bədii ifadələrlə zənginləşdirilən təqdimatlar təbiətə sevgi, ətraf mühitin qorunması və yaşıl şəhər ideyasını emosional şəkildə ifadə edib.
"Ekoloji İnformasiya” İctimai Birliyinin sədri Musa Muradlı çıxışında ekoloji maarifləndirmənin, şəhərsalma proseslərində ekoloji prinsiplərin nəzərə alınmasının və gənclərin bu proseslərə cəlb edilməsinin vacibliyindən danışıb.
Musa Muradlı ölkəmizin may ayında WUF13 – Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini diqqətə çatdıraraq, belə mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin şəhərsalma, dayanıqlı inkişaf və yaşıl şəhər konsepsiyasının təşviqi baxımından əhəmiyyətini vurğulayıb. O, QHT Agentliyinin və qeyri-hökumət təşkilatlarının WUF13 prosesində fəal iştirakının, vətəndaş cəmiyyətinin bu mühüm platformada təmsil olunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Çıxışlarda şəhərlərin yalnız tikililər və infrastrukturdan ibarət olmadığı, sağlam və dayanıqlı şəhər mühitinin formalaşdırılmasında yaşıllıqların, təbii landşaftın qorunmasının və insanla təbiət arasında harmoniyanın mühüm rol oynadığı bildirilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb və onların ekoloji məsələlərlə bağlı fikirləri dinlənilib.
Tədbir gənclərin ekoloji bilik və dünyagörüşünün artırılması, yaşıl şəhər konsepsiyasının təbliği, həmçinin memarlıq və şəhərsalma ilə ətraf mühitin qorunmasının vəhdətinin təşviqi baxımından faydalı müzakirə platformasına çevrilib.




























