Yaz aylarında dərinin və saçların sağlamlığını qorumaq üçün nə etmək lazımdır?

OXUNUB: 1397 MƏDƏNİYYƏT MARAQLI Texnologiya QHT

Bakı. 29 aprel. / Yaz aylarının gəlməsi ilə aktivləşən günəş şüaları dəriyə və saçlara birbaşa təsir etdiyi təqdirdə ziyan vura bilir. Günəşin zərərli təsirlərindən qorunmaq üçün düzgün qidalanmaq, kifayət qədər su qəbul etməklə yanaşı, mütəxəssislərin tövsiyələrinə əməl etmək də vacibdir. 

Dermatoloq-kosmetoloq Vəfa Məmmədli "Report"a bildirib ki, yaz aylarında günəşin şüalarının zərərli təsirindən qorunmaq üçün SPF tərkibli qoruyucu kremlərdən istifadə edilməlidir: "Dərisində problem olmayan, sadəcə, günəş şüalarına qarşı həssaslığı olanlar SPF kremlər əvəzinə təbii vasitə kimi əzvay təkibli kremlərdən də istifadə edər bilərlər. Bitki tərkibli kremlər həssas dərilərdə əsasən hər hansı bir qızartını aradan qaldırmaq üçün tövsiyə olunur. Yeri gəlmişkən, problemsiz dəri üçün yüksək faktorlu SPF-lərdən istifadə etmək düzgün deyil. Həmin kremlərin bağlayıcı təsiri olduğundan dərinin nəfəs almasına mane olur. Dərisi problemli, ləkəli olanlar isə 80+ və daha yuxarı faktorlu SPF kremlərdən istifadə edə bilərlər. Bu məsələdə yaş da rol oynayır. Gənc yaşlarda 30+ istifadə etmək olar. Yaş artdıqca dərinin günəş şüalarını tutmaq effekti daha da yüksəldiyindən 50+ SPF-lərdən istifadə etmək məsləhətir. Ancaq 80+ problemli, ləkəyə meyilli dərilər üçün nəzərdə tutulur".

Keyfiyyətli kremlərin seçimi problemdir

Onun sözlərinə görə, tanınmış, ciddi firmaların məhsullarından istifadə etmək daha əlverişlidir: "Keyfiyyətli qoruyucu krem seçmək bəzən kosmetoloqlar üçün də problemdir. Əslində, tanınmış firmaya güvənmək olur, çünki nəsə problem olanda onu çatdırmağa, qarşılıq almağa ünvan olur. Digər istehsalçıların məhsulları arasında seçim aparmaq isə daha çətindir".

Dəriyə prosedur lazım olub-olmadığını həkim təyin edir

Mütəxəssis deyib ki, həkim-dermatoloq dəriyə prosedurların lazım olub-olmadığını müayinədən sonra təyin edir: "Prosedur keçmək istəyən şəxs birinci növbədə yoxlamadan keçirilir, dəriyə baxılır. Qışdan çıxmışıq, dəridə vitaminsizlik var. Ehtiyac olduqda mezoterapiya, PRP (insanın öz qanı müəyyən prosesdən keçirilib təkrar dəriyə yeridilir) kimi üsullardan istifadə olunur. Dərinin nəmlənməsinə, qidalanmasına şərait yaradılır. Amma bəzi prosedurları yay aylarında etmirik. Məsələn, plinqlərin əksəriyyəti dayandırılır. Ancaq dərinin qan dövranını yaxşılaşdırmaq məqsədilə yay plinqləri etmək olar".

Dəriyə ev şəraitində də qulluq etmək olar

Dermatoloq-kosmetoloq vurğulayıb ki, dəriyə ev şəraitində də qulluq etmək olar: "Məsələn, zeytun yağını, balı, yumurtanın dərinin tipindən asılı olaraq ağı və sarısını, bananı göstərmək olar. Bunlar dəri üçün əvəzedilməzdir. Dərini ağartmaq üçün cəfəridən, xiyardan istifadə etmək olar. Xama, qatıq, kəsmik kimi vasitələrdən istifadə etməklə maskalar hazırlamaq olar. Təbii vasitələrin effekti birbaşa dəriyə yeridilənlərin yerini tam olaraq verməsə də, kosmetoloji mərkəzlərə getməyən xanımlar üçün məsləhətlidir".

Dərinin gözəlliyini qorumaq üçün balıq yağı

V.Məmmədli qeyd edib ki, dərinin gözəlliyini qorumaq üçün yay ayları gələnə kimi balıq yağından da istifadə etmək olar: "Dərinin gözəlliyini qorumaq üçün ən gözəl vasitələrdən biri də balıq yağıdır. Yağın tərkibində A, E vitaminləri, amin turşular var. Bunlar orqanizm tərəfindən daha yaxşı qəbul olunur. Dərinin, saçların gözəlliyi üçün vitamin mineral komplekslər və balıq yağı qəbul etmək olar. Balıq yağının da seçimini düzgün aparmaq, ciddi firmaların məhsuluna üstünlük vermək lazımdır. Balıq yağı beyin qan dövranına, gözlərin yaxşı görməsinə və dəriyə kömək məqsədilə proflaktik vasitə kimi istifadə oluna bilər. Balıq yağı uşaqlar üçün də çox faydalıdır".  

RƏYLƏR