“26-lar” kimdir? - Hamı onlardan danışır...

OXUNUB: 3929 MƏDƏNİYYƏT

Bir neçə gündür ki, ölkədə "26  Bakı komisarı” ilə bağlı mövzu gündəmdədir. İlk öncə Sabunçu rayonunda küçələrdən birinin məhz onların adının daşıdığı məlum olub. Daha sonra İcra Hakimiyyətindən bildirilib ki, Nazirlət Kabinetinin müvafiq qərarından sonra küçənin adı dəyişdiriləcək.

Dünən isə Bakının mərkəzində fəaliyyət göstərən "26” kafesinin bağlanması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Üstəgəl, hadisə yerinə gələn Bakı merinin sərt açıqlaması da xüsusi diqqət çəkib:

"Bakının mərkəzində "26” adlı kafenin açılması yolverilməzdir. Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar İttifaqının binasının bir hissəsi icarəyə götürüb, iki mərtəbəli yerdə "26” sözünü nəinki Azərbaycan, hətta ingilis  dilində də yazmağa cürət ediblər. Qoy, burada yaşayan erməni havadarları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var, ermənilərə Azərbaycanda yer yoxdur”.

Hadisəyə Azərbaycan Yazıçılar Birlyinin (AYB) katibi, xalq yazıçısı Çingiz Abdullayev sərt reaksiya göstərib:

"Deyirlər, bu oğlanı tutacaqlar. Maraqlıdır, hansı maddə ilə? Məhkəmənin qərarı olmadan fərdi sahibkarın mebelini necə qırmaq və müsadirə etmək olar? Onu necə saxlamaq olar? Artıq indi İsrail, Amerika, Rusiyadakı insanlar bizə gülürlər”.

"Qafqazinfo” məsələnin aktuallığını nəzərə alaraq tarixə qısa ekskursiya edib.

26-lar kimdir?

1. Məşədi Əzizbəyov — Bakı quberniyasının komissarı.
2. Baqdasar Avakyan — Bakı şəhərinin komendantı.
3. Tatevos Amirov — kovaler dəstəsinin komandiri.
4. Arsen Əmiryan — "Bakı fəhləsi" qəzetinin redaktoru.
5. Meer Basin — hərbi-inqilab komitəsinin üzvü.
6. Eyjen Berq — matros.
7. Anatoli Boqdanov — xidmətçi.
8. Solomon Boqdanov — hərbi-inqilab komitəsinin üzvü.
9. Armenak Boryan — jurnalist.
10. Mir Həsən Vəzirov — torpaqbölmə üzrə xalq komissarı.
11.İvan Qabışev — briqada komissarı.
12.Prokofiy Caparidze — Bakı fəhlə, kəndli, əsgər və matroslar şurasının sədri,
13.Yakov Zevin — əmək üzrə xalq komissarı.
14.Mark Korqanov — hərbi-inqilab komitəsinin üzvü.
15.Qriqori Korqanov — Bakı xalq komitəsinin hərbi-dəniz işləri üzrə komissarı.
16.Aram Kostandyan — ərzaq üzrə xalq komissarının müavini.
17.İvan Malıqin — Kavkaz ordusunun hərbi-inqilab komitəsinin sədri.
18.İrakliy Metaksa — Şaumyanın şəxsi cangüdəni.
19.İsay Mişne — hərbi-inqilab komitəsinin işçisi.
20.İvan Nokolayşvili — Caparidzenin şəxsi cangüdəni.
21.Suren Osepyan — "Bakı şurasın xəbərləri" qəzetinin redaktoru.
22.Qriqori Petrov — Bakı şəhər mərkəzi hərbi hakimiyyətinin sədri, qırmızı dəstənin komandiri.
23.Vladimir Poluxin — hərbi-dəniz işləri üzrə komissar.
24.Fyodr Soltsev — hərbi işçi.
25.İvan Fioletov — xalq təsərrüfatı şurasının sədri.
26.Stepan Şaumyan — Qafqaz üzrə fövqəladə komissar, Bakı xalq komissarları şurasının sədri.

Daşnaksütyun partiyası Bakı komitəsinin üzvü, bolşevik şineli geyinmiş Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin qabaqcadan düşünərək planlı surətdə Bakıda və Bakı quberniyası ərazisində həyata keçirməyə başladığı soyqırımları 1918-ci il mayın 29-da İrəvan və ətrafındakı Azərbaycan torpaqlarında yaradılmış Ararat-Ermənistan Respublikası tərəfindən daha amansızlıqla davam etdirilib. Soyqırımları 1914-1918-ci illərdə bütün Azərbaycan torpaqlarını və Şərqi Anadolunu əhatə edib, yüz minlərlə dinc türk-müsəlman əhali xüsusi qəddarlıqla qətlə yetirilib.

Azərbaycan xalqına qarşı soyqırımının həyata keçirilməsinə bilavasitə Bakı Sovetinin sədri və Qafqaz İşləri üzrə Fövqəladə komissar S.Şaumyan göstəriş verib, bu dəhşətli cinayəti təşkil edib və ona başçılıq edib.

"26"lar təkcə tarixin bir parçası olmayıb, onları mərhum şair Səməd Vurğun "26-lar” poemasında vəsf edib. Bir müddət əvvəl də poemadan kiçik bir hissə paylaşılaraq etiraza səbəb olmuşdu. Böyük şairin Şərqdə ilk demokratik Respublikanın banisi olan Məhəmməd Əmin Rəsulzadə haqda yazdığı fikirlər birmənalı qarşılanmamışdı. 

"İndi xəbər verim oxucuma mən
O "millət rəhbəri” Rəsulzadədən;
Toplamış məclisdə müsəlmanları,
Yağlı vədələrə tutmuş onları;
Deyir: "Türkiyəni çağıraq gərək,
Bizə kömək olsun qılınc çəkərək.
Parlasın ədalət, mehri-hürriyyət,
Ucalsın göylərə şərəfi-millət!..
– Şarlatan!
– Afərin!
– Rəhbərə bir bax!..
– Vətəni yadlara bunlar satacaq!..
– Bir dayan!
– Nə dedin?– O bir xaindir.
Sözünün pərdəsi millətdir, dindir…”

("26-lar” poeması, Bakı, 1986, səh. 59).

Daha sonra  məlum olub ki, müstəqil Azərbaycanın müxtəlif yerlərində sözügedən şəxslərin adını daşıyan rayonlar, küçələr və abidələr var.

Ağcakənd (Şaumyan)
Sahil bağı (26-lar)
Koroğlu metrostansiyası ( Məşədi Əzizbəyov)
Sahil metrosu ( 26 Bakı komissarı) 

Hazırda həmin yerlərin çoxunun adı dəyişdirilsə də, Sabunçu, bəlkə də, bir neçə rayonda diqqətdən yayınan belə küçələr mövcuddur.

Bu arada qeyd edək ki, 2009-cu ilin yanvarında Prezident İlham Əliyevin göstərişi ilə Bakı şəhərinin Sahil bağındakı "26-lar”a məxsus məzarlar şəhər qəbiristanlığına köçürülüb.

Maraqlıdır ki, həmin məzarlıqda 26 deyil, 23 cəsədin qalıqları aşkarlanmışdı.

Kafeni işlədən Ramin Məmmədov

Qayıdaq qalmaqallı kafeyə. "26” kafesini işlədən Ramin Məmmədov açıqlamasında 26 yaşı olduğu üçün kafeyə də məhz bu cür ad seçdiyini bildirmişdi. Dünənki əməliyyat zamanı isə məlum olub ki, kafe elə qeydiyyatdan "26 Bakı" adı ilə keçib.

Üstəlik, restorandakı əşyaların əksəriyyətinin üzərində 26 simvolu əks olunub.

 

İcmal.Az

RƏYLƏR