Azərbaycan “Şahdəniz-3” layihəsini nə zaman reallaşdıracaq? – ŞƏRH

OXUNUB: 687 İQTİSADİYYAT

Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR artıq qaz-kondensat layihəsi olan "Şahdəniz”in üçüncü mərhələsinin imkanlarını öyrənir.

Bunun Vyanada Avropa Qaz Konfransında (Avstriya) çıxışı zamanı SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

 Vitali Bəylərbəyov "Şahdəniz-3” üzrə son investisiya qərarının 2025-ci ilə qədər gözlənilmədiyini deyib. 

O, kəşfiyyat-qazma işlərinin dənizin dərin qatlarında həyata keçiriləcəyini bildirib.

Qeyd edək ki, 1990-cı ildə Dövlət Neft Şirkəti tərəfindən Azərbaycanın qazla təchizatını təmin etmək üçün "Şahdəniz” yatağında bu quyunun qazılmasına başlanıb.

Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq "Şahdəniz” yatağının işlənməsinin II mərhələsində ilk qazın hasilatına 2018-ci il sentyabrın 20-də başlanması gözlənilir. 

"Şahdəniz-3” layihəsinin nə dərəcədə perspektivli olacağına münasibət bildirən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, "Şahdəniz”in ehtiyatları 1,2 trilyon kubmetrdir:

"Birinci mərhələdə ehtiyatların həcmi 178 milyard kubmetr qaz və 34 milyon ton kondensatdır.  "Şahdəniz-2” yatağı ilə isə 400 milyard kubmetr qaz çıxarılması nəzərdə tutulub.

Təbii ki, yerdə qalan ehtiyatların bazara çıxarılması üçün "Şahdəniz-3”-ün reallaşdırılması gözləniləndir”. 

Ekspert deyir ki, "Şahdəniz-3” layihəsi müəyyən vaxtdan sonra gündəmə gələcək: 

"Hər bir layihənin reallaşma vaxtı var. Biz "Şahdəniz-2” layihəsi üzrə qaz hasil etməmişik. "Şahdəniz-3” layihəsindən danışa bilərikmi?

Üçüncü mərhələnin işlənməsi 2030-cu ildən sonraya təsadüf edəcək. Bazarda tələbat yaranmalı, eyni zamanda, qazın hasil edilməsi üçün infrastrukturumuz olmalıdır. Çünki "Şahdəniz-3” "Şahdəniz-2” layihəsindən də böyük layihə olacaq”.

İ.Şaban deyir ki, növbəsini gözləyən digər layihələri unutmaq lazım deyil: 

"Abşeron” yatağının birinci fazası daxili bazar üçün nəzərdə tutulub. "Abşeron” layihəsinin ikinci fazası xarici bazara hesablanıb. Bu, daha böyük fazadır və əlavə 5 milyard kubmetrə yaxın qaz almağı düşünürlər. Bu yataq "Cənub Qaz Dəhlizi”nin genişlənən hissəsində yer tutacaq.

Bundan əlavə, "Ümid Babək”dən hasilatın artması proqnozlaşdırılır. Hansı ki, bir hissəsi daxili, yerdə qalan hissəsi xarici bazara yönəldiləcək. Bunları nəzərə alsaq, "Şahdəniz-3” növbəsi 15 ildən sonra çatacaq layihədir”.

Azərbaycanın təbii qaz potensialının böyük olduğunu deyən İ.Şaban bildirir ki, birinci əsr üçün qaz ölkəsi kimi özümüzü təsdiqləyəcəyik./oxu

İcmal.Az

RƏYLƏR