Azərbaycan velosipedçisi Malayziyada mərhələ qalibi olub

OXUNUB: 52 AZƏRBAYCAN İDMAN
Malayziyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour of Peninsular” yarışı start götürüb. 20 komandanın tərkibində 115 velosipedçinin iştirak etdiyi veloturun 1-ci mərhələsi Azərbaycan yığma komandası üçün uğurlu nəticə ilə yadda qalıb. Malayziyaya baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət heyətlə yollanan milli komanda işinin nəticəsi olaraq 196 km-lik ilk yarış günündə Elçin Əsədov məsafəni 3 saat, 57 dəqiqə, 26 saniyəyə başa vurmaqla finiş xəttini 1-ci keçib. Bu nəticə ilə velosipedçi ümumi təsnifatın birincisi kimi lider üçün nəzərdə tutulan sarı köynəyi də ələ keçirib. Bundan başqa, mərhələ qalibiyyəti yığmanın aktivinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün 14 lisenziya xalı qazandırıb. 1-ci mərhələni ilk onluqda bitirənlər arasında yığmanın digər üzvü Samir Cəbrayılov da var. O, fotofinişə əsasən 7-ci yeri tutub. Sabah keçiriləcək 2-ci yarış günündə iştirakçılar 198 km məsafə qət edəcəklər. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək və reytinqin ilk 50 pilləsində yer alacaq ölkələr Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaqlar.

RƏYLƏR