“Azərbaycanda sponsorlar beldən aşağı “komediya” filmlərinə pul yatırır” - ETİRAZ

OXUNUB: 4536 MARAQLI SOSİAL
"Seriallar intellektual tamaşaçı təbəqəsi üçün nəzərdə tutulmayan yaradıcılıq məhsulu sayılır. Buna görə də serial çəkən rejissorlardan qeyri-adi, dahiyanə məhsul tələb etmək düzgün deyil. Amma müəyyən peşəkar xüsusiyyətlərə əməl olunmalıdır. Heç bir yaradıcı qrupun tamaşaçının zövqünü korlamağa ixtiyarı yoxdur”.

Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. Jurnalist bildiirb ki, Azərbaycanda nəinki yaxşı, hətta ortabab serial çəkilmədiyi hamıya məlumdur: "Bizim ölkəmizdə seriallar efir vaxtını doldurmaq üçün çəkilir. Çox vaxt isə rejissorlarımız dəb xatirinə seriallar çəkirlər. Buna görə də milli seriallarımızın tamaşaçısı həmişə az olur.

Bəzən seriallarda çəkilən aktyorları çoxumuz tanımırıq. Vaxtilə bu məsələni araşdıranda səbəbi mənə aydın oldu. Sən demə, peşəkar aktyorlar normal qonorar tələb etdikləri üçün rejissorlar çox vaxt tələbələri, hətta bəzən küçədən keçən adamları seriala çəkirlər. Bir dəfə Əməkdar artist Çingiz Əhmədov mənim də qatıldığım televiziya proqramında dedi ki, Azərbaycanda seriallara taksi sürücülərini də çəkirlər. Yaxşı serial çəkmək üçün yaxşı maliyyə lazımdır. Çünki ancaq peşəkarlar ortaya yaxşı məhsul çıxara bilərlər. Peşəkarlara isə qonorar vermək lazım gələndə təşkilatçıların əli əsir. Buna görə də Azərbaycan serialının ömrü yaz yağışı qədər qısa olur”.

Baş redajktor deyib ki, yaxşı serial çəkmək üçün ilk növbədə, yaxşı sponsor olmalıdır. Azərbaycanda sponsorların əsasən, beldən aşağı "komediya” filmlərinə pul yatırması, yaxşı sənət əsərlərinin ekran işinə çevrilməməsinə gətirib çıxarır: "Fikir verirsinizsə, bizim ədəbiyyatımızda yüzlərlə, hətta mən deyərdim minlərlə möhtəşəm romanlar, povestlər, novellalar və s. nümunələr var. Bəs bunları ekran işinə çevirmək üçün maliyyə yatıran niyə yoxdur?

Şəxsən, mən istərdim ki, yazıçılarımızın bizə əmanət qoyub getdiyi, gənclik dövrlərimdə oxuduğum, hətta bəzi gənclərin belə hazırda müraciət etdiyi bestseller bu gün ekran işinə çevrilsin. Bu, həmin əsərin tam surətdə filmə köçürülməsi də ola bilər və yaxud həmin əsərlərin motivləri əsasında da maraqlı bir ekran işinin ərsəyə gəlməsi də.

Doğrudur, bu gün "Azərbaycanfilm” tərəfindən bir sıra maraqlı əsərlər filmə çevrilir, lakin məni təəssüfləndirən budur ki, Azərbaycan gəncliyinin bir qismi yuxarıda qeyd etdiyim kimi, beldən aşağı "yumorlara”, qeyri-etik cümlələrin işləndiyi qısa səhnəciklərə (sketçlərə - red.) üstünlük verir. Sözsüz ki, xidmət də tələbata uyğundur. Ona görə də hazırda ölkəmizdə istər kino, istərsə də serial sektorunda bu səpkili ekran işlərinin ərsəyə gəlməsi böyük üstünlük təşkil edir. Məncə, bu tendensiyanı dəyişməli, gəncliyimizə köhnə əsərləri, oradakı obrazların xarici-daxili atmosferini aşılamalı və gələcəkdə ölkəmizin mədəniyyət sahəsində olan şəxsləri bu şəkildə formalaşdırmalıyıq. Axı bizim mədəniyyətimiz, ədəbiyyatımız, hətta filmlərimiz dillərə dastan, bu gün də xatirimizdə qalan replikalarla doludur? Bunu niyə bizdən sonrakılara da ötürməyək?”./SİA
 
İcmal.Az

RƏYLƏR