Bakıda iş adamı Məhərrəm Novruzovun dəhşətli qəza törədən sərxoş kürəkənindən xəbər var

OXUNUB: 1151 Özəl GÜNDƏM HADİSƏ
Bakıda 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

"Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat”a deyib ki, Azərbaycan Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş avtomobil qəzaları ilə bağlı cinayət əməli ehtiyatsızlıq üzündən törədilən cinayətlər kateqoriyasına aiddir: "Yəni bu qəzalarda baş verə biləcək nəticəni sürücü arzu etmir. Lakin belə nəticənin baş verə biləcəyini görməli olduğu halda görmür. Ehtiyatsızlıq üzündən törədilən cinayət əməllərinin istintaqı zamanı zərərçəkmişin mövqeyi və ona vurulmuş ziyanın ödənilib-ödənilməməyi həm hüquqi, həm mənəvi dəyərlər baxımından mühüm əhəmiyyət kəsb edir”.

Hüquqşünas bildirir ki, əgər sürücü qəza zamanı sərxoş olubsa, qəza zamanı ölənlərin sayı 1-dən artıqdırsa və sürücü hadisə yerindən qaçıbsa, bu halda sürücünü ağır cəza gözləyir: "Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümü ilə nəticələnən yol qəzası törətmə adlanır. Bu halda sürücünü 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Cinayət Məcəlləsinin 264-cü maddəsi yol-nəqliyyat hadisəsi yerindən qaçmanı nəzərdə tutur. Bu halda sürücü 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sürücü sərxoş halda qəza törədərək 2 və ya daha artıq şəxsin ölümünə səbəb olarsa, bu halda həmin şəxsi 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Qeyd etdiyimiz kimi, həmin sürücü 5 il müddətinə sürücülük hüququndan məhrum edilir. Yol qəzalarında avtotexniki ekspertiza təyin olunur. Yol-nəqliyyat hadisəsi ilə bağlı ekspertiza təyin ediləndən sonra ölümlə yol-nəqliyyat hadisəsi arasında səbəblə əlaqənin olması müəyyənləşdirilir.

Əgər bu, müəyyən olunursa, xəsarətlər varsa, ölən şəxslər həqiqətən toqquşma nəticəsində ölübsə, bu halda 263-cü maddənin tərkib hissəsi yaranır. Hadisə yerindən qaçma Cinayət Məcəlləsinin 264-cü maddəsidir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələnədək şəxsə kömək etmək halı xaric, istənilən halda hadisə yerindən qaçmaq Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cəzalandırılır. Bu maddə ilə şəxs 2 ilədək azadlıqdan məhrum edilə bilər.

Bu məqam həm də qəza törətmiş şəxsin məhkəməyə qədərki dövrdə azadlıqda qalması, barəsində seçiləcək qətimkan tədbirini müəyyən edir. Əgər şəxs hadisə yerindən qaçıbsa, əməli qəsdən törədilən cinayətlər sırasına daxil olur. Bu məqam sonradan şəxsə cəza təyin olunarkən xüsusilə nəzərə alınır və praktika belədir ki, şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olan cəza verilməsində mühüm rol oynayır".

Hüquqşünas deyir ki, baş vermiş qəza ilə bağlı xəbərlər ortada 2 ağırlaşdırıcı halın olmasından xəbər verir: "Xəbərlərdə deyilir ki, sürücü qəza zamanı sərxoş olub və hadisə yerindən qaçıb. Bu, doğrudursa, praktikaya görə ona qanunun ən sərt tərəfi tətbiq olunacaq. Lakin şəxsin əməllini könüllü etiraf etməsi, himayəsində azyaşlı uşaqların olması yüngülləşdirici hal kimi götürülə bilər”.
 
Bakıda iş adamı Məhərrəm Novruzovun dəhşətli qəza törədən sərxoş kürəkənindən xəbər var
Qeyd edək ki, bu il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində, "Spring” hotelin qarşısında Abşeron rayon sakini Elşad Kəlbəliyevin idarə etdiyi "Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi "Daewoo Damas” markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyevə və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərilib.

Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.

Qeyd edək ki, E.Kərbalayev "Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, "Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və "Əlincə” futbol klubunun prezidenti olub.

RƏYLƏR