BDU-nun müəlliminin cəzası yüngülləşdirildi: 3 il həbs

OXUNUB: 857 HADİSƏ

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Lalə Məmmədovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. 

Belə ki, onun 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

Qeyd edək ki, ittiham aktına əsasən, L.Məmmədova tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törədib.

Belə ki, o, tamah niyyəti ilə 2015-ci ilin iyul ayında Yusibov Azər Məhəmməd oğluna özünü Bakı Dövlət Universitetinin (BDU) müəllimi və tələbə qəbulu üzrə səlahiyyətli şəxs kimi təqdim edib.

L.Məmmədova A.Yusibovu aldadıb, etibarından sui-istifadə etməklə onun qızı Nuranə Yusibovanı BDU-nun Geologiya və xəritəçəkmə fakültəsinə tələbə kimi qəbul etdirəcəyinə söz verib. O, bu məqsədlə zərərçəkmişdən 2015-ci ilin iyul ayının ortalarında A.Yusibovun Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisindəki evində 5 min manat məbləğində pul alıb. Daha sonra L.Məmmədova verdiyi vədə əməl etməyib.

L.Məmmədova Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və zərərçəkmiş apellyasiya şikayəti verib./report

 

İcmal.Az

RƏYLƏR