“Dəniz qulduru”nun hücumu: Mənsimov Azərbaycandan nə istəyir?

OXUNUB: 785 HADİSƏ

"Mübariz Mənsimovun yanına gedən soydaşlarımız "yenə dilənçilər gəldi” ifadəsi ilə qarşılanır, aşağılanırlar”.

Bu yaxınlarda Türkiyədə yaşayan soydaşımız Samir İsgəndəroğlu ilə söhbətimizdə dediyi bu sözlər "Palmali” şirkətinin rəhbəri, tez-tez xeyriyyəçi fəaliyyəti haqqında xəbərlər çıxan Mübariz Mənsimovun vizual görüntüsü ilə real yanaşması arasındakı ziddiyyətləri ortaya çıxarır. Əslində media qarşısında özünü olduqca "centlmen” və Azərbaycanı sevən kimi aparan Mənsimovun gerçəkdə özünü təqdim etdiyi kimi olması şübhəlidir, xüsusilə müflis olmaq qorxusu ilə kimlərin qapısını döydüyü fonunda iş adamı səmimi görünmür.

2018-ci ilin ortalarından başlayaraq, "Palmali” şirkətinin ciddi maliyyə problemləri ilə üzləşdiyi ortaya çıxdı, hətta Rusiyanın Rostov vilayətinin Arbitraj məhkəməsi "Palmali Shipping” şirkətlər qrupunun törəməsi olan "Palmali” MMC-ni müflis elan etdi. Bundan sonra Mənsimovun biznesində məğlubiyyət dövrü başlandı. Bu, biznesdir. Bir biznesmen kimi Mənsimov da hər kəsdən yaxşı bilməlidir ki, qazanmaq da var, itirmək də. Lakin itirməyi qəbul etməyən iş adamı məğlubiyyətinin səbəbkarı kimi Azərbaycanı görməyə başladı və açıq şəkildə hücuma keçdi. Bunu məğlubiyyətin çarəsizliyi ilə kor-koranə hücum hesab etmək olardı, lakin Mənsimov dayanmaq, nəfəs almaq, biznesdə qazanmaq-itirmək prinsipini yenidən gözdən keçirmək istəmir. O, fürsət tapdıqca Azərbaycanda idarəçilik sistemi haqqında danışır, "ağıl” verməyə cəhd edir, özünü biznesmendən çox siyasətçi kimi aparır. Son açıqlamasında isə bir az da irəli gedərək, bir azərbaycanlı məmurun ona "Azərbaycan yalanı, rüşvəti görmə, danışma” dediyini iddia edir, hərçənd, bunu ona deyəcək məmurun olması sual altındadır. Lakin Mənsimovun bununla özünü "ədalətli” göstərmək istəyi aydındır. Və onun özü haqqına mübaliğəli şəkildə "dənizçilər fırtınadan qorxmaz” ifadəsi bu şəxsin "pirtaçılığına” yenidən göz gəzdirmək zərurətini yaradır.

Doğrudanmı, Mənsimovun qazandıqlarının hamısı təmizdir?

Bir zamanlar "Xəzər Lənkəran” futbol klubu ilə Azərbaycanda futbolsevərlərin, xüsusilə cənub bölgəsində əhalinin sevgisini qazanan Mənsimovun kisəsinin ağzını açaraq xeyriyyəçiliklə məşğul olması alqışla qarşılandığı qədər də şübhələr yaradırdı. Axı təcrübə "dostluq yox, biznes maraqları”nı həyat amalına çevirmiş bir iş adamının xərclədiyindən çox qazanmasa, kisəsinin ağzını açmayacağını təsdiqləyir.

Bəs, Mənsimovu özünü messenant kimi göstərmək cəhdləri nəyə xidmət edirdi?

2015-ci ildə Azərbaycan biznes maraqları qayaya rast gələndən sonra Mənsimovun qaranlıq tərəfi üzə çıxdı. Məlum oldu ki, iş adamı futbol klubuna dəstək vermək və xeyriyyəçi görüntüsü yaratmaqla dövlətin vergi imtiyazlarından yararlanırmış. Yəni qazandıqlarının cüzi hissəsini xeyriyyəyə sərf etməklə, daha çox qazanırmış. Azərbaycanda qazancı azalan kimi "Xəzər-Lənkəran” klubunun qapısına qıfıl vurması, "bu stadionu eşşək fermasına çevirəcəm” deməsi onun "messenantlığının” görünməyən tərəfini göstərdi. Lakin biznes maraqlarını xeyriyyəçiliklə gizlətməyə çalışan Mənsimovun payızı hələ qabaqda idi.

Qərb kəşfiyyatı "Palmali” şirkətinə məxsus tankerlərin İŞİD terror təşkilatının neftini daşıdığı haqqında faktları ortaya çıxarandan sonra Mənsimovun biznesinin "qaranlıq üzü” də işıqlanmağa başladı. Araşdırmalardan məlum olur ki, terrorçularla biznes əlaqələrinə məxsus olan iş adamı fəaliyyət göstərdiyi bütün ölkələrdə külli miqdarda vergidən də yayınıb. Əslində onun iflası da biznesinin "qaranlıq tərəflərinin” üzə çıxmasından sonra başladı. Necə deyiblər, oğurluğun ömrü 40 gün çəkməz.

Mənsimovun özünü ölkəsini sevən iş adamı kimi aparmasının ömrü də heç 40 gün çəkmədi və o, müflisləşməkdən xilas olmaq üçün ermənilərə üz tutdu. Onun ABŞ-dakı erməni lobbisi ilə iş birliyinə başladığı, həmçinin, erməni diasporunun nüfuzlu nümayəndələrindən olan Levon Termenciyanla ortaqlıq qurduğu haqqında faktlar var. Hətta Mənsimovun Kaliforniyada qeydiyyatdan keçən "Palmali USA” şirkətinin səlahiyyətli nümayəndəsi Levon Termenciyanın oğlu Corc Termenciyandır.

Faktlar sübut edir ki, Mənsimov müflisləşməkdən xilas olmaq üçün bir tərəfdən ermənilərlə iş birliyinə girişib, digər tərəfdən məğlubiyyətinin acısını çıxarmaq üçün Azərbaycana hücuma keçib. Bəs, hanı onun danışdığı azərbaycançılıq?!.

Mənsimovun Benjamin Franklinlər qazanmaq üçün ermənilərlə iş birliyinə girməsi elə Benjamin Franklinin "Pul hər şeyi edər” deyən adam, pul üçün hər şeyi gözə alan adamdır” sözlərini yada salır. İş adamı pul üçün hər şeyi gözə alır və öz ölkəsinə- Azərbaycana "güllə atır”. Onun bu "güllələri” separatçılar üçün fürsətə çevrilib. Belə ki, iş adamı Azərbaycandan biznesini çıxarandan sonra separatçılar onun adından istifadə edərək, Azərbaycanda talışlara qarşı diskriminasiya siyasətinin yürüdüldüyü iddiası ilə çıxış etdilər. "Talışıstan milli televiziyası” adlı separatçı internet televiziyasının hazırladığı sujet bunun əyani nümunəsidir. Görəsən, Mənsimov Azərbaycana qarşı fikirləri ilə separatçıların əlində vasitəyə çevrildiyinin fərqindədirmi?

Özünü "dəniz qulduru” kimi aparan Mənsimovun biznesmendən siyasətçiyə çevrilərək, siyasi bəyanatlar verməkdə məqsədinin Azərbaycandan qisas almaq olduğu məlumdur. Lakin bu, həm də yeni ortaqlarının istəyi ola bilərmi? Hər-halda bir zamanlar Azərbaycanı sevdiyini elan edən iş adamının bu gün soydaşlarımızı "dilənçi” adlandırması gerçək üzünü göstərməsi ilə yanaşı, yeni siyasi oriyentasiyasından da xəbər verir.

 

 

 

İcmal.Az

RƏYLƏR