"Druq i soratnik, ne bolşe..." və yaxud "Addım atanda dostlarını nəzərə al, Aydın", - deyən Əli Həziquliyevin portreti

OXUNUB: 36 KÖŞƏ

"Druq i soratnik, ne bolşe..."
və yaxud

"Addım atanda dostlarını nəzərə al, Aydın", - deyən Əli Həziquliyevin portreti

Əslində, mən Aydın Canıyev olaraq, bu yazını Əli Həziquliyevdən yazmamalıydım. Heç bir halda! Çünki Əli Həziquliyev bu ölkədə mənim böyük bildiyim, dəyər verdiyim, dost olduğum nə qədər imza, iş sahibi, ağsaqqal varsa, hamısının... əleyhinə yazıb! Düşməncəsinə!
Və mən bu yazını fb dostum Gülnar xanım Əhmədin indi oxuyacağınız statusunu görəndən sonra yazdım: "Həyatı boyu ciddi maliyyə sıxıntısı çəkən Mark Tven "Standart oil"un ikinci ən güclü adamı H.H.Rogerslə dostluğu sayəsində canını bu sıxıntılardan qurtarır və bu kompaniyayla yaxınlaşır. "Standart oil"un Brodvey, 26-da yerləşən məşhur ofisinə sərbəst girib-çıxır, "yuxarıdakı bəylərlə" onların özəl yeməkxanalarında günorta yeməyi də yeyir.
Naşirliklə məşğul olan Tven, Henri Demarest Lloydun "Standart"a hücum dolu "Sərvət dövlətə qarşı" adlı kitabının yayımlanması üçün yaxşı bir təklif alır, amma rədd edir. Və həyat yoldaşına hisslərini aşağıdakı məktubla bildirir.
"Onlara bunu söyləmək istərdim: dünyada dəyər verdiyim tək adam, məni və yaxınlarımı aclıqdan və xəcalətdən xilas etmək üçün öz alın tərini və qanını xərcləyən adam - düşmənimiz olan "Standart oil"un bir mənsubudur... amma söyləmədim. Onlara heç bir kitab yayımlamaq istəmədiyimi, naşirlik işini buraxdığımı dedim".
Mark Tveni rifah üçün haqsızın yanında olmaqda da günahkar bilmək olar, amma mənim diqqətimi daha çox yemək yediyi qaba tüpürməməsi çəkdi...
...Tərəziyə qoyanda "Standart oil"un əleyhinə kitab nəşr eləmək çox ağır gəlir. Amma Tven şərəfini və vicdanını qoruya bilir və çətin olanı etsə də, ən çətinini edə bilmir".
Bəli, haqqında yazdığım Əli Həziquliyev məhz Mark Tven kimi davranır: çətin olanı edir, ən çətin olanı yox, şərəfini və vicdanını qoruya bilir, yemək yediyi qaba tüpürmür!
Necə?
2001-ci ildə "Millətin səsi" qəzetində bir yazı yazmışdım: "Siyasətdə fahişə cəsarəti". Bəlli birilərinin dirijorluğu və maliyyə dəstəyi ilə əməlli-başlı təhqir kampaniyası başladı əleyhimə. Təbii ki, təhqir olmadığından mən yazdığımın da, özümün də şərəfimi qorudum: cavablar və arqumentlər yerli-yerindəydi. Məni Əbülfəz Elçibəyi təhqir etməkdə suçlayanlar həqiqətdə ayrısına "ayı qulluğu" göstərirdilər, diqqəti hədəfdən yayındırır, bu adla aşağılamaq, cəzalandırmaq istəyirdilər! Zaman məni qənaətimdə haqlı çıxartdı! Ancaq tək bir nəfər ümumi dostlarımız vasitəsilə təmas qurdu, heç nə demədən mənimlə, belə deyək, dostluğa başladı: Əli Həziquliyev. Onda Əli Həziquliyevin dostları ona deyirmiş ki, necə Elçibəyçisən ki, Aydın Canıyevlə görüşürsən tez-tez. Təbii ki, Əli Həziquliyev heç kimə hesabat vermədən, imkan düşdükcə mənimlə tez-tez görüşürdü: artıq "Millətin səsi" bağlanmışdı. Artıq heç harda nəinki işləmək, heç qonorar almaq imkanı yox idi! Artıq... artıq... artıq...
Ancaq Əli Həziquliyev görüşürdü. Söhbətlərimizin hər birində, Xoşqədəm Hidayətqızı demişkən, "kubyarım" "Elçibəy iynəsi" vururdu - guya da ki, elə-belə danışır, guya da ki, yeri gəldi deyir. Amma mən bu oğlanın biclik işlətmədən, səmimi olaraq Elçibəy sevgisinə əmin olurdum! Artıq mən bilirdim ki, Əli Həziquliyev heç vaxt mənə deməyəcək "Elçibəydən bir yazı yaz!" Amma həm də onu bilirdim ki, Elçibəydən yazılan o yazının əzabını çəkir - o yazının cavabı söyüş, təhqir, nə bilim, nə deyildi! O yazını yazan Aydın Canıyev elə özü mütləq Əli Həziqulliyevin ürəyinin başında saxladığı bir Elçibəy yazısı yazmalıydı!
Əlini çox intizarda saxlamadım: çoxlarının düşükcəsinə, namərdcəsinə, şərəfsizcəsinə "içir yazır", "beş manata yazır" yarlığından çıxış etmədiyi, heç bir vasitə ilə satınalmalar preyskurantının işə keçməyəcəyini anlayaraq və bu cəhddə bulunmadığı üçün.
Əbülfəz Elçibəyə sevgisini nümayiş etdirməyi mənə yazdırdı! Elə onun "Elçi" qəzetində yazdım. Təbii ki, bunu mən sidq-ürəklə yazdım - bir kimsənin maliyyə dəstəyi və siyasi sifarişi ilə etmədiyimi də nümayiş etdirdim. Həm də bu, gözəl cavab idi: mənə zorla nəyisə dedirtmək olmaz, yalnız və yalnız səmimiyyət!
Əli Həziquliyev Elçibəyə sədaqətini, səmimiyyətini sübut edə bildi! Mən onu çox azsaylı ürəkdə, düşüncədə, əməldə Elçibəyçi kimi qəbul etdim! Niyəsini də deyim: o yazıdan sonra Əli Həziquliyev məqsədinə çatmış kimi aparmadı özünü, münasibəti kəsmədi, soyutmadı, əksinə, daha doğma oldu: Atası evində oldum! Ata evimdə oldu! Ən qalmaqallı yazılarımı verdi! Yazılarımın əzabını çəkdi! Heç vaxt da üzümə vurmadı ki, mənə lazım olmayan problemləri yaradırsan! Heç vaxt da növbəti yazımdan imtina etmədi!
Digər bir məqam isə odur ki... o yazdım ki ha, bu ölkədə mənim böyük bildiyim, dəyər verdiyim, dost olduğum nə qədər imza, iş sahibi, ağsaqqal varsa, hamısının... əleyhinə yazıb, bax, həmin adamların müdafiəsinə qalxdığım yazıları da aparıb elə onun öz qəzetində özünə, özündə dərc etmək üçün verdim!
Onlara da heç vaxt etiraz eləmədi! Onları da verdi - öz əleyhinə olanları! Bir şərtlə: mənim yanında olduqlarımı təhqir etmədən, nə istəyirsən yaz! Mənə yaz! Dostlarıma dəymə!
Və heç vaxt da bunu da üzümə vurmadı ki, mən bilirəm kimi nə üçün müdafiə edirsən! Məndən də əclafcasına səmimi adam varmı: hansı yazını niyə yazdığımı bəri başdan deyirdim!
Əli Həziquliyev dostdursa, dostdur - ölümünə!
Əli Həziquliyev silahdaşdırsa, silahdaşdır - ölümünə!
Əli Həziquliyev kimin yanında, hardadırsa, bunu heç vaxt gizlətmir!
Əli Həziquliyev yazırsa, açıq-aşkar bəyan edir ki, niyə və nə üçün yazıb! Bir kimsə üçün fal açmağa imkan saxlamır!
Əli Həziquliyev düşmənçilik edirsə, bəri başından deyir!
Əli Həziquliyev heç kimlə sonacan düşmən qalmır - problem istənilən halda çözülməlidir, münasibətlər aydınlaşmalıdır, həyat davam etməlidir!
Əli Həziquliyevin haqqında ən sərt yazdığı adam Sabir Rüstəmxanlıdır, amma bu gün Sabir Rüstəmxanlının ən əziz dostu elə Əli Həziquliyevdir!
Mən Əli Həziquliyevdən öyrəndiyim üç şeyə görə yazdım həm də! Ki... qalanları da öyrənsin!
Birincisi, əleyhinə çıxanı, əleyhinə çıxdığını düzgün dəyərləndirmək!
Bəzən elə olub ki, özümə dost bildiyimin addımını xəyanət sayaraq bir cümlə ilə bitirib, qana çəkə biləcəyimi görüb, "dur" deyib və izahı məni qane edib: "Yaftıməli sənin dostunmu olub? Haçan? Harda? Hansı addımınla onu özünə, özünü ona dost sayırsan? Salamlaşmaq, sənə "Ustad" demək, təsadüfən, özü də hesabını nə sənin, nə də onun vermədiyi məclisdə badə badəyə vurmaq nə vaxtdan dostluq sayılıb ki?"
Dəfələrlə haqlı olub! Mən onun bu məntiqinə görə, həm yazılarımda, həm həyatda nəzərə almışam: hədəfimin mənim üçün, mətbuat üçün, ölkənin ictimai-siyasi həyatı üçün anlamı, sanbalı, dəyəri nə qədərdir sualına cavabımı verəndən, biləndən sonra addım atmışam!
Əli Həziquliyevin növbəti ibrət dərsini güman edirəm ki, ayrıları da təqdir edəcək:
Düzdür, çəkəcəyim misal son vaxtların misalıdı, amma elə əvvəldən Əli Həziquliyev mənə bunu təlqin edib: "həqiqəti sonacan öyrənməyə cəhd etmə". İlk məsləhəti 2005-2006-cı illərdə olub, hərçənd onda qulaq asmadım, ancaq qəbul etdim. Təsəvvür edin, təsadüfən Elçibəy yazı müsabiqəsindəki yazıma kiminsə "0" bal yazdığını bildim. Əli Həziquliyev də, məni müsabiqəyə şirnikləndirən Əvəz Zeynallı da bilirdilər ki, yazını müsabiqədə mükafat və yerə görə yox, tarix üçün yazdığımı bəyan etmişdim. Amma bu "0" bal söhbəti mənim qüruruma toxunacaq qədər olsa da, eyni zamanda bədnam münsifin də danalığını ehtivadan başqa bir şey deyildi: adam sadəcə götürüb yaza bilərdi: "müəllif özü mükafat və yer üçün yazmadığını bəyan etdiyinə görə dəyərləndirmədən kənar saxlayıram!" - əslində, hər bir münsif belə etməliydi! Bu olardı kübarlıq! Yoxsa ki...
Təbii ki, Əvəz Zeynallıyla nə qədər yaxın, dost və qardaş olsaq da, mənə heç bir halda məlumat vermədi, Əli Həziquliyev isə, xəbər tutduqda, həmin o fikri bir daha vurğuladı: həqiqəti sonacan öyrənməyə cəhd etməzlər. Bu gələcəyi itirməyə bərabərdir. Ölkə tarixi deyil, müharibə qəhrəmanlığı deyil, dövləti təhlükəsizlik deyil, insani münasibətlərin məhvinə və düşmənçiliyə gətirib çıxaran bütün həqiqətləri lokallaşdırmaq lazımdı.
Bəli, birgəyaşayış və əmin-amanlığın təmini üçün bəzən həqiqətləri bilməkdən də imtina etmək lazımdı!
Mən Əli Həziquliyevi 2005-2006-cı illərdə eşitməmişdim, bu gün də əzabını çəkirəm, əzabımın üstünə mənasız həqiqətlərin əzabını da artırmaq artıq axmaqlıq olardı!
"Addım atanda dostlarını nəzərə al!" - Əli Həziquliyevdən öyrəndiyim və əməl... etmədiyim üçüncü dərs budur. Amma əməl etmək lazımdır. Çünki Əli Həziquliyev də bəzən addım atanda özünün bu fikrinə əməl etmir və əzabını biz dostlar çəkirik. Elə mən də əməl etməyəndə, dostlarımın necə əzab çəkməyinə şahid oluram: polis qapılarında, məhkəmə zallarında, bir quruşa dəyməyən adamların qabağında addım atanda nəzərə almadığım dostlarımın sifətində insan əzablarının son həddini görürəm! O baxışlar hər hansı polis işgəncəsindən, hər hansı ən ağır məhkəmə cəzasından qat-qat dəhşətli olur! 
Mən Əli Həziquliyevə heç kimin heç vaxt demədiyi komplimenti deyirəm, təvazökarlığı öz yerində, ədaləti əldən vermir:
- Həziquliyev, Yer üzündə nə qədər Əli var, hamısının günahını sənə görə bağışlayacaq Allah!
- Təkcə Əli Kərimlidən başqa! Onun da günahlarını bağışlatmaq qədərincə savab işə gücüm çatmır!
Və... Həziquliyev heç vaxt mənə bel bağlamasa da, heç vaxt da mənim limitimi kəsməyib! Ancaq onun bir neçə jesti var ki, bunu ancaq və ancaq Elçbəyçi edə bilər - xas Elçibəyçi, içində Elçibəy yaşadan adam!
2013-cü ildə Prezidentin əfv fərmanından cəmi 12 gün keçəndən və Yeni ilin ilk iş günündə... redaksiyasının açarını və şef-redaktorluğunu verərək, "necə istəyirsən işlə, qazan, ayağa dur, reabilitasiya elə özünü", - deyərək, 200 dollar da hələ işləmədiyim ayın maaşını verib!!!
Danmaq naxələflik olar: əfvdən sonra ayrı dostlar da yığışıb, hərəsi bir cür yardım edib! Maddi, material, mənəvi - dostluqda, öz aramızda! Ancaq Əli Həziquliyev reabilitasiyaya Prezident fərmanından sonra rəsmən imza atıb!
Mən bu mərhəməti, bu kişiliyi, bu mərdliyi yalnız may ayının 12-nə qədər həzm edə bildim. Növbəti maaşı həmin gün verəndə, pulu maşınında görüşüb götürüb sağollaşdım və heç demədim də ki, burdan birbaşa aeroporta gedirəm! Və hətta... redaksiyanın açarı da üstümdə qaldı! Və hətta... həftənin beşinci günü məni redaksiyada axşamacan gözləsələr də, telefonuma zəng çatmasa da, incimədilər. Baxmayaraq ki, qəzetin növbəti nömrəsi oxuculara çatmadı!
Yeganə adamlardan biridi ki, Əli Həziquliyev məni doğru anlamışdı: o bu pulu ailəsinin büdcəsindən kəsib mənə verirdi, iki uşağını müəllim yanına hazırlığa göndərdiyi halda! Ona şef-redaktor lazım deyildi - Miraslan Əzizxanoğlu illər idi o qəzeti Natiqlə yola verirdi! Mənim vicdanımın daha o pulu bundan sonra da götürməyə yol vermədiyini dəqiq təxmin etmişdi!
Düzdü, Əli Həziquliyevn bu jestindən sonra Moskva cəhdim o qədər uğurlu alınmasa da, ikinci qızımın da ali məktəbə qəbul olunması vəziyyəti gərginləşdirəndə... Allahın mərhəmət qapısı bir ayrı ünvandan açıldı!
İstənilən halda... Əli Həziquliyev tərcümeyi-halıma imzasını-adını şərəflə və ləyaqətlə yazmışdı!
Unutmaq və minnətdarlıq etməmək qeyri-mümkündü!
Bu gün Əli Həziquliyev iki tələbə qız atasıdı!
Bu gün artıq mən ayaqdayam. Bu gün Əlinin 50 yaşı olur!
Təəssüf ki, ona heç bir dəstək ola bilmirəm!
Bax, belə bir zamanda yaşayarkən... atdığın hər bir addımda dostları nəzərə almalıykən, mən keçən il hətta intihar həddinə çatanda belə, yenə harayıma Əli Həziquliyev gəlib:
- Əli, məni dəfn etməyə ehtiyac yoxdu. Krematoriyaya özün apar, yandırandan sonra külü götür, səp Xəzərə!
- Aydın, axı dedim ki, addım atanda, dostlarını nəzərə al! Mənim ad günüm gəlir, 50 yaşımdan yazını kim yazacaq bəs!?
Bəli, bəzən ölmək istəyərkən belə məcbur olursan yaşamağa! Boynunda dostdan bir yubiley yazısı borcu var! İllah da ki, o dost bunu haqq edirsə, boynunda haqqı varsa!
Həziquliyev, sən o dostlardansan ki, nə istəsən qazana bilərsən - buna səni tanıyanlar da, mən də şahidəm: cibində qəpik olmadığı halda heç kimə ağız açmayıb Sahildən Bayılacan piyada gedib, həyat quran adamsan! Canının sağlığı Allahdan nədirsə, odur, özünə qalanda da həkimin biri sən, ikisi qızların, yüzü dostların! Amma, əzizim, xahiş edirəm, növbəti 50 ildə addım atanda dostlarını da fikirləş!
LAP SONDA: Əli Həziquliyev jurnalistika prinsipləri pozulanda faktı nəzərə çatdırır və gözəl bir zarafat edir: "A bala, mən jurnalist deyiləm e, bunu da sizə mən deyim?" Başlığa çıxardığım ifadə də elə buna görədi: Əli yaxşı dostdu və silahdaşdı, bundan artıq yox! Xoş dostu və silahdaşı olduğunun halına!

İcmal.Az

RƏYLƏR