Evinin düşməni vətənin dostu olmaq istəyir

OXUNUB: 591 KÖŞƏ
Ailəsinin üz çevirdiklərinə xalq çətin qucaq aça.  Ya da ki, övladı üstünə qışqırdığı ata xalqdan da səs istəyir. Tibbi izahı yəqin ki, psixoloji ajotaja öyrəncəliklə bağlıdır. Yoxsa 5-6 nəfərlik nümayişi kütləvi aksiya başlığı ilə sosial şəbəkələrdə, yaxud elə 5-6 izləyicisi olan saytlarda yerləşdirməzlər. Övladı atalıqdan istefasını istəyir, bu hardansa üz tapıb iqtidar istefasını tələb edir. Əslində gülməli yox, gülünc yox, ağlamalı bir vəziyyətdir. Neçə gündür yazılanlara baxsaq, görərik ki, birinin həyat yoldaşını, belə deyək öz evinin birinci xanımını döydüyü, digərinin isə susdurduğu ortaya çıxır. Lap mitinqlərdə istefa şüarına köklənmiş - "zorakılıq, özbaşınalığa yox", "azad söz" tələbli bəyanatlar yadıma düşdü. Bir yastığa baş qoyduğu insanı döyənə bir ölkədə yaşadıqlarını əzməyə nə var? Olsun lap bir ocağı, eyni evi, çarpayını paylaşdığını susduranın insanlara azad söz vəd etməyi. Çarpayı demişkən, onsuz da yataq bəzilərinin yaralı yeridir. Bəlkə də yataq hikkəsini müəyyən kələkötür jestlərlə, saxta mimikayla tribunadan çıxmağa çalışırlar. Mimika demişkən, bunların üz cizgilərində minbir hiylə, məkirli plan və millətimizə yaraşmayan niyyətlər açıq-aşkar bilinir. Xalqa isə səmimiyyət lazımdır, vətəndaşın hansısa problemini öz işini aşırtmaq xatirinə səsləndirmək yox! Müxalifət hər addıma müxalif olmaq demək deyil! Müxalifət insanların tələblərini açıb,ağartmaq, onların reallaşmasını tələb etməkdir. Bu proses zatən dövlətimiz tərəfindən icra olunur. Bizim müxalif adlanan kəslərə həmişə Türkiyə praktikası nümunə gətirilib - Parlamentdə belə nəyəsə etiraz etsələr də, dövlətçilikdə, qərbin təzyiqlərinə qarşı birləşirlər, arvaddöyənlər kimi Avropadakı müəyyən güclərə sığınmırlar. Həmin araqarışdıran, erməniyə abilik edən dırnaqarası güclər bunlara sabah desə ki, hakimiyyətə Paşinyanı gətirin və bənzər əlaltılar təbliğata başlasa təəccüblənməyin. Skayp,sosial şəbəkə və yutub etirazları bunlara baxmış samballıdır deyənlərə, hətta telekanallarımızdakı tokşou, siyasi debatlardan əlin üzmüşlərə gəlincə, onlar cəmi bir günlərini ayırmaqla bilərlər ki,  əsl müxalifət elə iqtidarın özüdür. Necə? Baxın, Avropodan etiraz bağıran mühacir həmyerlilərimizin çığırdığı, pislədiyi nüanslar hansısa qurumların fəaliyyətinə aiddir. Prezident İlham Əliyevin məmur özbaşınalığı ilə bağlı xəbərdarlıq dolu çıxışları da həmin idarələrə ünvanlanır. Nəyi qoyub, nə axtarırsınız? Koltuğa ulaşmamış, qoltuqlarının arası qarpızlanmamış, müxtəsər , kreslolu kabinetədək pak, işgüzar olub, zamanla harınlaşmış məmurlar aramla ələnir. Bəli, aramla, asta-asta, çünki tələsmək olmaz, bəs tələsən təndirə düşür, təndir də canlar yandırıb, yaxa bilər. Bizə isə daxili çəkişmə, vətəndaş müharibəsi lazım deyil. Axı, əziz həmvətənlərim, biz eyni düşüncədə olmasaq, bir amal ətrafında birləşməsək, futbolumuz düzəlməyən kimi ərazi bütövlüyümüz də bərpa olunmayacaq. Mən işğalda olmayan torpaqları kimə tapşırım ki, özüm gedim Qarabağı alım? Dövlət siyasəti, azərbaycançılıq və şanlı tariximiz ətrafında birləşməliyik, yazıya başladığım gündəm paylaşımlarına rəylərdə yox! Əslində yalandan milləti ağ günə çıxartmaqdan danışıb, kiçik dövlətini - ailəsini qara günə qoyanların gündəm olması  yanlız onların iç üzlərinin açılması sarıdan yaxşıdır. Yoxsa cəfəngiyyat sərxoşlarından, yalanları ilə hər gün dəmdən gündəm olmaz...
 
 
Anar RƏHİMOV
Telejurnalist

RƏYLƏR