“Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017” layihəsinin bağlanış mərasimi keçirilib

OXUNUB: 240 MƏDƏNİYYƏT
Mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoliy Qennadiyeviç İksanov və şəhər ictimaiyyəti iştirak edib.Mərasim "Gəncə - Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı - 2017" layihəsi çərçivəsində reallaşan tədbirləri, ötən aylar əzrində yaşananları və baş tutan görüşləri özündə əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Daha sonra çıxış edən Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq, bu ilin Gəncə şəhəri üçün çox əlamətdar illərdən olduğunu bildirib. Elmar Vəliyev Gəncənin MDB-nin mədəniyyət paytaxtı olmaqla yanaşı, həmçinin il ərzində şəhərin çox böyük inkişaf yolu keçdiyini də vurğulayıb. İcra başçısı ölkə rəhbərliyinin daim Gəncə və gəncəlilərə olan diqqət və qayğısı nəticəsində bu işlərin ərsəyə gəldiyini qeyd edib. Gəncənin bundan sonra çox möhtəşəm layihələrə imza atacağını söyləyən şəhər rəhbəri xalqımızı qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə də təbrik edib. MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri və Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu tədbirdə çıxış edərək iştirakçıları səmimi qəlbdən salamlayıb. Gəncənin hər zaman mədəni şəhər olduğunu vurğulayan səfir MDB ölkələrində keçiriləcək tədbirlərdə Gəncənin hər zaman fəal iştirak edəcəyini qeyd edib. MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoliy Qennadiyeviç İksanov "Gəncə - Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı - 2017” layihəsi çərçivəsi zamanında Gəncə şəhərinin yüksək templə inkişaf etdiyini qeyd edib. Anatoli İksanov Mədəniyyət İli çərçivəsində tədbirlərin gözəl təşkil olunmasına görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib. Son illərdə Gəncədə çoxlu yeni obyektlər istifadəyə verildiyini deyən Anatoli İksanov Gəncə Dövlət Filarmoniyasının yeni binası həm təchizatına, həm də rahatlığına görə nadir binalardan olduğunu da bildirib. Daha sonra Anatoliy İksanov yüksək təşkilatçılığa və "Gəncə-Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı-2017" layihəsini həyata keçirdiyi üçün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə "Təşəkkürnamə" təqdim edib. Rəsmi hissənin sonunda Belarus Respublikasından Tatyana Kokuytseva, Tacikistan Respublikasından Maxmedsalim Abdukarimov, Özbəkistan Respubkasından Sergey Aronbayeva və Azərbaycandan Maya Cəfərquliyevaya "Debütlər Birliyi” Beynəlxalq mükafatı təqdim edilib. Mükafatçılar Gəncə şəhərində bu layihədə iştirak etdikləri üçün şəhər rəhbərinə və MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduna öz dərin təşəkkürlərini bildiriblər. Rəsmi hissədən sonra "Gəncə - Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı - 2017" layihəsinin bağlanış mərasiminə həsr olunan konsert proqramı başlayıb. Konsertdə xalq artisti Rafael Bayramovun dirijorluğu ilə Gəncə Dövlət Filarmoniyası "Kamera” Orkestrı, Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərov, əməkdar artist, tarzən Mahir Məmmədov, həmçinin Belarus, Qırğızıstan, Moldova və Tacikistan Respublikasından gələn sənətçilər iştirak edib.
Qeyd edək ki, 2016-cı il sentyabr ayının 16-da Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 25-ci yubiley sammitində Gəncə şəhəri 2017-ci il üçün "Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı” elan edilib. Bu günədək keçirilən yerli və beynəlxalq tədbirlər onu deməyə əsas verir ki, Gəncə "MDB Dövlətlərinin Mədəniyyət Paytaxtı 2017" titulunu şərəflə daşıyıb.
 
İcmal.Az

RƏYLƏR