İcra başçısı eyni torpağı 2 nəfərə satıb - İş məhkəmədə

OXUNUB: 1584 index-manşet İQTİSADİYYAT
Saatlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Siraqəddin Cabbarovun eyni torpaq sahəsini iki nəfərə verməsi haqda sərəncamı ilə bağlı işə Ali Məhkəmədə baxılıb.

 S.Cabbarov rayonda 20 ildir kənd təsərrüfatı ilə məşğul olan fermer Validə Məmmədovaya verilən torpaq sahəsini qalmaqallı iş adamı Hacı İbrahim Nehrəmliyə satıb.

Belə ki, İ.Nehrəmlinin Saatlıda icarəyə götürdüyü 30 hektar torpaq sahəsi 2000-ci ildə ovaxtkı icra başçısı Gülhüseyn Əhmədovun sərəncamı ilə ailə-kəndli təsərrüfatı ilə məşğul olmaq üçün kənd sakini, 79 yaşlı Validə Məmmədovaya ayrılıb. 2009-cu ildə yeni başçı Siraqəddin Cabbarov həmin torpaq sahəsinin 15 il müddətinə, yəni 2024-cü ilədək istifadə edilməsi üçün V.Məmmədova ilə icarə müqaviləsi bağlayıb. Lakin S.Cabbarov 2018-ci ildə həmin torpağı növbəti sərəncamı ilə İbrahim Nehrəmliyə verib. 

İ.Nehrəmli də bir müddət sonra "Rom-Alpinos süd və ət məhsulları” MMC üçün fermalar tikməyə başlayıb və kənd sakinindən ərazidən çıxmağı tələb edib. 

Bu iş məhkəmə müstəvisinə çıxarıldıqdan sonra ilk olaraq Şirvan İnzibati-iqtisadi Məhkəməsi kəndlinin xeyrinə qərar çıxarıb. Amma Şirvan Apellyasiya Məhkəməsində kəndlilər məhkəməyə çağırılmadan milyonçunun xeyrinə qərar qəbul edilib. Validə Məmmədova bu qərardan Ali Məhkəməyə şikayət edib. Bu işə Saatlı rayon İcra Hakimiyyəti cavabdeh, şirkət isə üçüncü şəxs kimi cəlb olunub. 

Ali Məhkəmə işlə bağlı artıq qərar qəbul edib. Saatlı Rayon İcra Hakimiyyəti və üçüncü şəxs "Rom-Alpinos süd və ət məhsulları” MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməyib.

Qərarın əsaslandırıcı hissəsində Şirvan Apellyasiya Məhkəməsinin çıxardığı qərarda yol verilən kobud pozuntular qeyd olunub.

Hakim İlqar Dadaşov qərarda bildirib ki, iş materiallarında torpaq ayrılmazdan əvvəl V.Məmmədova ilə 2009-cu ildə 15 il müddətinə bağlanmış icarə müqaviləsinin mülki və torpaq qanunvericiliyinin tələblərinə riayət edilməklə ləğv edildiyinə dair hər hansı məlumat yaxud buna dair hər hansı sübut yoxdur. 

Torpağın V.Məmmədovaya icarəyə verilməsi haqda 2010-cu ildə Dövlət torpaq kadastrında 267 sıra sayı ilə qeydə alınıb və Saatlı rayon torpaq şöbəsi tərəfindən "Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilib. 
Hakim İlqar Dadaşov qeyd edib ki, bu səbəblərdən apellyasiya məhkəməsinin gəldiyi nəticə anlaşılan deyil. 

Ali Məhkəmənin qərarı ilə vətəndaş Validə Məmmədovanın Saatlı rayon icra hakimiyyətinə qarşı kassasiya şikayəti qismən təmin olunub. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilib. 

Xatırladaq ki, məhkəmə materiallarına görə, İ.Nehrəmli Saatlının Sırma kəndində 1700 hektar torpaq sahəsi alıb və onun 30 hektarı da V.Məmmədovagilin təsərrüfatıdır. İ.Nehrəmlinin Saatlıda 3 min baş qoyun saxladığı məlum olub.

Qeyd edək ki, Siraqəddin Cabbarov 2019-cu ilin dekabrında vəzifəsindən azad edilərək Sabirabad İcra Hakimiyyətinə başçı təyin edilib. Onun yerinə isə Sabirabadın icra başçısı Nazim İsmayılov gətirilib./qafqazinfo

RƏYLƏR