Xarici İşlər Nazirliyi (XİN) maşın və avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub.
Tenderin qalibi "Azedunet” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 62 502,66 AZN-dir.
Tenderin şərtlərindən aydın olur ki, XİN şirkətdən İKT avadanlıqları ilə məişət texnikası da alacaq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Azedunet” MMC 14 dekabr 2007-ci ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 6 340 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Naxçıvani küçəsi, ev 22, mənzil 49-da yerləşir. MMC-nin qanuni təmsilçisi Yəhyayev Natiq Rza oğludur.
"Azedunet” MMC-nin veb-səhifəsində qeyd edilib ki, şirkət təhsil sisteminə İKT-nin tətbiqi sahəsində fəaliyyət göstərir. Şirkət Azərbaycan Təhsil Şəbəkəsinin yaradıcısıdır. "Azedunet” eyni zamanda təhsil müəssisələri üçün texniki xidmət təşkil edir.
Maraqlıdır ki, XİN bu şirkətdən məsələn, kondisioner alacaq. "Azedunet” MMC-nin kondisioner satışı ilə məşğul olması barədə heç bir məlumat yoxdur.
Şirkətin heç İKT məhsullarını satmasına dair da hər hansı fakta rast gəlinmir.