“İlham Əliyev xəyanəti, sizlər isə kişiliyi bağışlamırsınız” – Deputatdan hadisə kimi açıqlamalar!

OXUNUB: 1141 KÖŞƏ GÜNDƏM Seçilmiş Önəmli

Üzərimizə edilən hücumların qayəsində eyni xətt, eyni baxış, eyni sual(lar) dayanır: Niyə məhz iqtidarı müdafiə edirsiz? Asan yoldumu deyə? Daha perspektivli, daha komfortlu olduğu üçünmü? Yarınmaq, önə çıxmaq, vəzifə, status sahibi olmaqdan ötərimi?

Rahatlığı anladım. Burası heç. Hardasa razıyam. Və...yan paraleldə müxalifətçi olmağın da məhrumiyyətlərini dərk edəcək gücdəyəm. 
Amma...yarınmaq, vəzifə, status sahibi olmaq nə idi? – bax orasını anlamadım. Niyə yarınım ki? Niyə sizin düşüncəniz yalnız bəlli radiusda dövr edir, vəzifə sahibi olmaqdan, kiməsə yarınmaqdan, "qabaq düşməkdən” o yana heç bir məntiqi, dəyəri əxz etmir, özündə?

Dövlətə, dövlətçiliyə, seçdiyin liderə təmənnasız şəkildə bağlı olmaq və ya sadə vətəndaş mövqeyi sərgiləmək heçmi mümkün deyil? Yoxsa belə şeylər sizin kitabınızda yazılmaz? 

Siyasi səhnə və mənzərə ortada. Göstərin İlham Əliyevdən yaxşısını, daha sonra fikrinizi əsaslandırın və mən geri çəkilim. Göstərmirsiniz axı. Hücum edirsiz. Aqressivcə. Əvvəl belə şey yox idi. Azından 10 min adam çıxırdı mitinqə, yaxşı – pis fikirlər səslənirdi. Daha sonra adam sayındakı boşluqları Beynəlxalq Təşkilatların, xarici ölkələrin bayraqları ört-basdır elədi. İndi isə söyüş və həqarətlər. Yəqin sabah da "Kərimli məktəbi” - əmioğlusu İnqilabın (elə ancaq adına 10 il iş düşür!) rəhbərliyi altında növbənöv kamikadzelər yetişdirər, istehsal edər. Adam zatən xaricdən ilkin işartını da verib: "İŞİD”i Azərbaycana yönəltmək lazımdır” 

Pulla danışanlar pulsuz danışanları heç zaman anlamaz. Quldurxan kimi riyakarlar güman ki, işlətdiyi internetin qəbzini belə ümumi "şot”a salmır, onun pulunu ağalarından ayrı alır və bu səbəbdən ürəklə, vicdanla, içdən vuruşanları da heyrət və şübhə ilə sorğulamaqdadırlar. Əqlin diametri - şığıma gücü ilə müəyyənləşəndə, intellekt əmsalı söyüşün yekəliyindən, bər-bəzəyindən asılı olanda, kişilik parametri, etalonu kompüter arxasındakı "şirpələnglərin” qafasına görə təyin ediləndə ayrı nəticə gözləməyə dəyməz, əzizlərim! – Fobiya yaranır. Uzun illər realizə travması yaşayanların fobiyası. O da yekunda çevrilir ya təlxəkliyə ya da şizofreniyaya. Və...bir baxrısan, məhsul - təpəgöz formasında zühur edib. Danışır. Danışıb, qızışır. Sonra qəfil sakitləşir, daha sonra gülə-gülə nəticəvi hissəyə gəlir, "xalqım” deyib son mesajını verir, monitoru söndürür. Sabahı gün yenə eyni debilizm. 

Demokratiya? Belə demokratiyamı vəd edirsiniz? Ana-bacı söyüşünün prioritet olacağı demokratiyamı? 

İlham Əliyev siz arzuladığınız demokratiyanı yaratsaydı, indi bir Allah bilir hansı ölkənin qucağında idik. Yolan yolurdu, sağan sağırdı, dağıdan dağıdırdı. Söyüş də çevrilərdi ana dilimizin vazkeçilməz jarqonuna, hopardı leksikonumuza, içimizə, varlığımıza. Eynən sizlər kimi! Amma İlham Əliyev daha fərqli demokratiya yaratdı - kitab oxuyanların, insan cildindən vaz keçməyənlərin, şüuru dabanı altda olmayanların demokratiyasını! Yəni, əsl demokratiyanı!
Ona görə onun yanındayam...

Sizin "lider”lər xaricdə mininci dərəcəli adam(lar)ı da görəndə ətəyindən qurğuşun kimi sallanır, hətta Qarabağın tamamən itirilməsi müqabilində belə hakimiyyətə gəlməyə razı olduğunu bildirir + Rino Harnişin yolunu gedən hansısa səfirlik nümayəndəsinə bu haqda utanmadan yazılı iltizam (!) verir. Mənim liderim isə xalqın maraqları naminə Klintonun İstanbuldan etdiyi zəngi geri çevirəcək, "Milyarderlər İttifaqı”nı yaradan nəhənglə açıq döyüşə gedəcək, sizin və bizim bilmədiyimiz yüz ağır şərtlərin, təhdidlərin, Beynəlxalq ədalətsizliyin, ikili standartların qarşısında mətincə, əzmlə, ləyaqətlə duracaq qədər BÖYÜK insandır. 

Ona görə onun yanındayam.

Heydər Əliyev nəhəngdir. Bu faktdır! Çünki Azərbaycan öz bütövlüyünü ona borcludur. Amma içinizdə, radikal - müxalif camiədə bir adamın cəsarəti çatarmı bunu etiraf etsin? Çatmaz! Çıxdaş edərlər, silib atarlar, damğa vurarlar. Amma mən – qatı Heydər Əliyevçi, İlham Əliyevçi olaraq məsələn, Elçibəy haqda xoş söz söyləmə rahatlığımı, lüksumu hər zaman özümdə saxlayıram. Çəkinmədən də musavat.com üzərindən növbəti dəfə bəyan edirəm: "Ruhun qarşısında baş əyirəm, böyük Elçibəy! Sən hər zaman millətə olan sevginlə, Türk adına verdiyin qiymətlə, dəyərlə xatirimizdə qalacaqsan, ürəyimizdə yaşayacaqsan!” Və...buna görə kimsə məni ittiham etməz. Əksinə, alqışlar. Bax budur bizim demokratiya fərqimiz, fikir bildirmə komfortumuz. 

Ona görə İlham Əliyevin yanındayam. 

İllərdir küsürsüz, dalaşırsız, söyüşürsüz, didişirsiz. Amma Soros ya da hansısa "demokratiya dığarcığı" xaricdən çırtma çalan kimi yarım saniyənin içindəcə dönüb olursuz yenidən qardaş, dost, silahdaş. Uzun illər bir-birinə satqın damğası vuranlar bir baxırsan "ümumxalq mitinqi” təşkil edir, əl uzadır, barışıq elan edir. Yaxşı bəs sima? Siyasətçi başından çox sifətini itirməkdən qorxmamalımı? Satqının, satılmışın - əgər həqiqətən satılıbsa - yenidən sədaqətli olması mümkünmü? Ya da hər şey bir kənara qalsın, vahid lider problemi necə həllini tapacaq? Sözün əsas kəsəri, yükü kimdə qalacaq? – Məsələnin əsas məğzi və radikal müxalifətlə növbəti fərqimiz də məhz bu fonda haçalanır: İlham Əliyevin iqtidar cəbhəsində yekdil liderliyi çoxdan qəbul olunub, sözü – söz, tapşırığı - tapşırıqdır. Cızığından çıxan, komanda siyasətinə xəyanət edən "ağıllılar” da gərdişə və dinamikaya uyğun olaraq - həmin "ağılın” fəlsəfəsi ilə baş-başa buraxılır. Bəli, bizdə xəyanət bağışlanmır! Sizdə kişilik, bizdə isə xəyanət bağışlanmır! Fərq budur. İlham Əliyev ləyaqətli insanların axtarışındadır, satılmayanların, birsifətlilərin, oxumuşların, təhsillilərin "peşindədir”. 
Ona görə onun yanındayam.

***

İlham Əliyevin yanında olma səbəblərimi dedim. Müqayisə ilə. Qoy ikicə bəndlə də müqayisəsiz-filansız müxalifətdə olmama səbəbimi deyim. Birbaşa anlamda və...yalnızca bir qeyddən sonra: Özümə güvənirəm, arxayınam, son nəfəsimə qədər də dəyərlərim və dəyərlilərim üçün ən böyük sınaqları gözə alacağıma əminəm. Allah məni nə zamansa Gülçatay kimi riyakar, nadan, satqın edəcəyinə bəri başdan canımı alsın, daha yaxşı. 

Amma və...amma!!! – bütün bu sadaladıqlarıma rəğmən ən qorxunc nəzəri ehtimalları beyin süzgəcindən keçirərək yenə də söyləyim:
Evimə çörək, övladıma ayaqqabı almaq üçün para tapmasam, bu iqtidarın zamanında ən bərk şəkildə incidilsəm, haqqım tapdansa, həyatım cəhənnəmə dönsə belə - yenə müxalif cəbhədə dayanmaram. Çünki Rauf Arifoğludan daha ciddi, daha cəsur, daha qəhrəman müxalifətçi olacağımı düşünmürəm. Onun da qədri bilinməyibsə, o da küsdürülübsə, onun da müxalifət adına elədikləri riyakarca unudulubsa və adam bu gün tonla çörək kəsdikləri tərəfindən ən ağır söyüşlərə qonaq edilirsə intihar daha məqbul variantdır, nəinki müxalifətçi olmaq!

Bizim qapılardakı filtirasiyaya ağlınız getməsin, radikal müxalifətin qapısı bütün riyakarlar üçün daim + taybatay açıqdır və...ləyaqətsizin ən yekəsi də məlum kontekstdə oturub tam bekar, tam uğursuz vaxtını gözləmə imkanına sahib. Ki, nə problem var, zamanı gələndə 3-5 manat ödəyib, yarımca cümləlik jest edib qoşularam sıralarına, sızaram içlərinə. Hətta nəinki sızaram, iki aydan sonra tribunalarına çıxıb liderləri, yol göstərənləri olaram. Eynən Gülçatay kimi! Və bu arada altını çızərək bir daha vurğulamaq zorundayam: Allah məni və bütün silahdaşlarımı həmin gündən saxlasın, Tanrı kimsənin taleyinə bənzər rəzaləti yazmasın. Fəqət...nə deyirəmsə deyim, görünən budur ki, qarşı paraleldən boylanan rəzil fakt da öz varlığını, qabaritini, mövcudluğunu heç nəyə güzəşt getmək niyyətində deyil: Radikal müxalifətçilik - vakansiyası bol olan sahədir və hətta ürəyi atan satqınlar üçün belə özündə tələskənliyi, tezbazarlığı, cəldliyi ehtiva etməyən mexanizmdir.

Bu qədər.

Elşən Musayev, Milli Məclisin deputatı.

RƏYLƏR