Cari ilin 21 fevral tarixində İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı föqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani Mingəçevir şəhərinə səfəri çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) olub.
Universitetdən Mektebgushesi.az -a bildirilib ki, qonaqla görüşən MDU-nun rektoru Şahin Bayramov universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri, tədrisin və elmi fəaliyyətin məzmununun təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər və sürətlə dəyişən əmək bazarının tələblərinə əsaslanan strateji hədəflər barədə məlumat verib. MDU-nun beynəlxalq əməkdaşlıq üzrə prioritetləri barədə danışan Ş.Bayramov gələcəkdə İndoneziyanın müvafiq ali təhsil müəssisələri ilə qarşılıqlı faydalı əlaqələrin yaradılması üçün imkanların mövcud olduğunu diqqətə çatdırıb.
Sonra qonaq MDU-nun professor-müəllim və tələbə heyəti qarşısında "İndoneziya – Azərbaycan: tarix və diplomatik əlaqələr” mövzusunda geniş təqdimat edib. Səfir öz çıxışında iki ölkə arasındakı diplomatik əlaqələrin yaradılması tarixi, həyata keçirilən tədbirlər və perspektiv imkanlar barədə ətraflı məlumat verib.
Səfir və onu müşayət edən diplomatların ifasında təqdim edilən Azərbaycan və İndoneziya musiqiləri və rəqsləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.