Kənd Təsərrüfatı nazirinin müavini: Fermerlərin ilin sonunadək payızlıq əkinləri EKTİS-də bəyan etməsi vacibdir

OXUNUB: 621 İQTİSADİYYAT

EKTİS-də qeydiyyatdan keçməmiş, öz əkinlərini bəyan etməmiş fermerlər subsidiya ala bilməyəcəklər

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) kənd təsərrüfatı zəncirinin qurulmasına zəmin yaratmaqla yanaşı, fermerlər üçün də bir çox üstünlüklərə malikdir. Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bu sistemin tətbiqi və onun üstünlükləri barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Gələn ildən başlayaraq, aqrar subsidiyaların fermerlərə vahid mexanizm əsasında verilməsi nəzərdə tutulur. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hansı hazırlıq işləri həyata keçirilir?

- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun sonlarında "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman imzalayıb. Fərmana əsasən, subsidiyalar fermerlərə vahid mexanizm əsasında veriləcək. İmzalanmış Fərman kənd təsərrüfatına dövlət dəstəyinin genişləndirilməsini, subsidiyaların verilməsində şəffaflığın və operativliyin təmin edilməsini nəzərdə tutur. Subsidiyaların yeni qaydalara əsasən verilməsi fermerlərin subsidiyalara əlçatanlığını daha da yaxşılaşdıracaq, vaxt itkisinin qarşısını alacaq. 2020-ci ildən etibarən fermerlər subsidiyaları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə ala biləcəklər. Artıq EKTİS-in subsidiya alt sisteminin formalaşdırılması prosesi yekunlaşır. Bu günədək 350 mindən artıq fermer EKTİS-də özlərinə şəxsi kabinet yaradaraq aqrar fəaliyyətlərinə dair məlumatları sistemə daxil ediblər. Fermerlər mobil telefonlar, planşetlər və kompüterlər vasitəsilə EKTİS-də yaradılan şəxsi kabinetə daxil olur, təsərrüfatları barədə məlumatları və əkinlə bağlı bəyanları sistemə daxil edirlər. Bu proses başa çatdıqdan sonra kənd təsərrüfatı məhsullarının istehsalçıları heç bir idarəyə getmədən subsidiya almaq üçün müraciətlərini elektron qaydada təsdiq edə biləcəklər.

Yeni sistemin əsas özəlliklərindən biri ondan ibarətdir ki, EKTİS-də qeydiyyatdan keçən fermer torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri sistemə bir dəfə daxil edəcək. Sənədlərində dəyişiklik olmayan fermerlərin subsidiya almaq üçün hər il yenidən sənəd təqdim etməsinə zərurət qalmayacaq. Onlar hər il sadəcə kabinetə daxil olaraq əkinlərini bəyan edəcək və subsidiya almaq üçün kabinetlərində formalaşan elektron müraciətləri təsdiqləyəcəklər.

- Tətbiq olunan yeniliklərdən biri subsidiyaların optimallaşdırılması və məbləğlərin əmsallar üzrə müəyyənləşməsidir...

- Bəli, artıq Fərmana uyğun olaraq Aqrar Subsidiya Şurası yaradılıb. Şura 2020-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2020-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği müəyyənləşib. Əmsallar müxtəlif bitkilər üzrə fərqlidir. Məsələn, buğda üzrə 1, çəltik üzrə 1,4, zəfəran üzrə 2 əmsal müəyyən olunub. Bu, o deməkdir ki, gələn ildən hər hektara görə buğda əkən fermer 200 manat, çəltik əkən fermer 280 manat, zəfəran becərən fermer isə 400 manat subsidiya alacaq. Yeni subsidiya mexanizmi, həmçinin intensiv bağların salınmasını stimullaşdırır. Yeni qaydalara əsasən, 2019-cu ildən başlayaraq salınan intensiv meyvə bağlarının (qərzəklilər istisna olmaqla) hər hektarına görə ilk 4 il ərzində fermerə hər il 800 manat subsidiya ödəniləcək. Dörd ildən sonra, yəni bağ məhsula düşdükdən sonra subsidiya 1,2 əmsalla hesablanacaq və fermerə bağın hər hektarına görə 240 manat dövlət dəstəyi veriləcək. Bu yanaşma intensiv bağların becərilməsinə marağı daha da artıracaq. Məhsul subsidiyasına gəldikdə isə Aqrar Subsidiya Şurası emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna 100 manat, quru tütünün hər tonuna 50 manat, yaş tütünün hər tonuna 5 manat, şəkər çuğundurunun hər tonuna 4 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib. Məhsul subsidiyası alan fermer bu dəstəyi əkin subsidiyasına əlavə olaraq əldə edir.

Yeniliklər çoxdur və Kənd Təsərrüfatı Nazirliyi yeni subsidiya mexanizminin tətbiqi, subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilməsi ilə bağlı ictimaiyyəti mütəmadi məlumatlandırır.

- Artıq EKTİS-in tətbiqi istiqamətində növbəti mühüm mərhələ başlayıb. Fermerlər payızlıq əkinləri bəyan etməyə başlayıblar. Bu proses necə gedir?

- Bəli, artıq proses davam edir və EKTİS-də qeydiyyatdan keçmiş fermerlər payızlıq əkinləri bəyan etməyə başlayıblar. Sadə dildə desək, fermer artıq şəxsi kabinetə daxil olaraq, öz torpaq sahəsini seçir və orada hansı məhsulu əkdiyini qeyd edir. Subsidiyaların alınması üçün elektron müraciət forması bu bəyan əsasında yaradılır. Bu günədək 100 mindən artıq fermer hansı məhsulu əkdiyini bəyan edib və bu rəqəm artmaqdadır. Fermerlərimizi payızlıq əkinləri bəyan etməkdə aktiv olmağa çağırırıq, çünki yeni subsidiya mexanizminə əsasən, EKTİS-də qeydiyyatdan keçməmiş, öz əkinlərini bəyan etməmiş fermerlər subsidiya ala bilməyəcəklər. Yeni sistemin tətbiqi ilə əlaqədar fermerlər mütəmadi təlimlərə cəlb olunub. Fermerin EKTİS-də qeydiyyatdan keçmək, özünə şəxsi kabinet yaratmaq, payızlıq əkinləri bəyan etmək üçün hər hansı texniki çətinliyi varsa, Dövlət Aqrar İnkişaf mərkəzlərinə, "ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Həm DAİM-lərdə, həm də "ASAN xidmət” mərkəzlərində EKTİS-in tətbiqi ilə əlaqədar xidmət pəncərələri yaradılıb. Fermerlərimiz bu pəncərələrə yaxınlaşaraq, əməkdaşlardan informasiya-məsləhət xidməti ala bilər, bəyanlarının sistemə daxil edilməsini bilavasitə yerində həll edə bilərlər. Bundan başqa, bütün bölgələrə nazirliyin səyyar xidmət qrupları ezam olunub, əməkdaşlarımız kəndbəkənd gəzərək fermerlərə EKTİS-in mahiyyətini, yeni sistemin fermerlər üçün yaratdığı üstünlükləri, yeni subsidiya qaydalarını izah edirlər. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinin rəhbər heyəti rayonlarda yerli strukturların rəhbərlərinin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə silsilə görüşlər keçirir, EKTİS-in tətbiqinin sürətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparır.

- EKTİS-in tətbiqi fermerlərə bir çox üstünlüklər verəcək. Əsas üstünlük təbii ki, subsidiyaların verilməsində kağız sənəd dövriyyəsinin elektron müraciətlə əvəzlənməsidir. Nazirliyin yeni sistemin tətbiqinə hazırlığı barədə danışdınız, bəs fermerlər necə, yeni çağırışlara hazırdırmı?

- Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi Kənd Təsərrüfatı Nazirliyinin öz fəaliyyətində əsas götürdüyü üç əsas prinsipin - fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsiplərini ehtiva edən innovativ təşəbbüsdür. Bu sistemin tətbiqi aqrar xidmətlərin əlçatanlığını, dövlət dəstəyinin ünvanlığını təmin edəcək, subsidiyaların verilməsində şəffaflıq təmin olunacaq. Bu baxımdan fermerlərimiz yeni sistemi müsbət dəyərləndirir, EKTİS-in tətbiqi prosesinə böyük maraq göstərirlər. Fürsətdən istifadə edib, fermerlərimizi payızlıq əkinlərin bəyan edilməsi, sistemdə olan kabinetlərindən istifadə bacarıqlarının artırılması prosesində daha aktiv iştirak etməyə çağırırıq. Kənd təsərrüfatı istehsalçılarının dövlət dəstəyindən tam şəkildə yararlana bilməsi üçün bu prosesdə iştirak etməsi son dərəcə vacibdir.

RƏYLƏR