Parisdə Firəngiz Əlizadənin 70 illik yubileyinə həsr olunan konsert baş tutub

OXUNUB: 131 MƏDƏNİYYƏT

Parisdə fəaliyyət göstərən "Dimitri Şostakoviç” adına müasir musiqi mərkəzində Azərbaycanın Respublika Günü və Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin 70 illiyi münasibəti ilə pianoçu Olqa Domninanın konserti təşkil olunub.

Konsert proqramına Şostakoviçin tələbələri Qara Qarayev və Firəngiz Əlizadənin orkestr üçün əsərlərinin bəstəkar Vladimir Geninin fortepiano üçün işləmələri daxil edilib.

Qeyd edilib ki, Vladimir Geninin azərbaycanlı bəstəkarlarının orkestr üçün yazılan əsərləri əsasında hazırladığı fortepiano üçün işləmələrin ilk təqdimatı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilib. Bugünkü konsert isə onların Avropada ilk təqdimatıdır.

Bir çox beynəlxalq müsabiqələrin iştirakçısı Olqa Domnina İtaliyanın nüfuzlu "San Bartolomeo” müsabiqəsinin laureatıdır. O, Qnesinlər adına Musiqi Akademiyasını qırmızı diplomla bitirdikdən sonra təhsilini Londondakı Kral Akademiyasında davam etdirib. Akademiyanın şurası tərəfindən "ən yaxşı solo ifaçı” nominasiyasında "Mekferren” mükafatına layiq görülüb.

Konsertdə Firəngiz Əlizadənin 1-ci sonatası və piano üçün musiqisi, Qara Qarayevin 22-ci və 24-cü prelüdləri, eləcə də Vladimir Geninin Qara Qarayevin "Yeddi gözəl” baleti əsasında fortepiano üçün işləmələri ifa edilib.

İştirakçılar konsertin afişası üzərində Firəngiz Əlizadəyə 70 illiyi münasibətilə ürək sözlərini yazıblar./report

 İcmal.Az


RƏYLƏR